adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Aprel 2017 10:00
15334
ƏDƏBİYYAT
A- A+

Tam doğma dildə yazılmış şeirlər

Bu şeirlərdəki çoxlarına tanış olmayan sözlər ulu ulusumuzun unudulmuş, daşlarda, qədim abidələrdə, qədim kitablarda və lüğətlərdəyaşayan, arxaik adlandırılan doğma sözləridir.

 ***

Adalet.az Tələt Mərdiyevin şeirləni təqdim edir:













DİL 


Gördüyün nə varsa, öz dili vardır –

Quşların quş dili, daşın daş dili.

Anlamı gizləyən örtüyü qaldır,

Gözün göz dili var, qaşın qaş dili.


Quş daşı anlamaz, daş da ağacı,

Hamı1 doğmasına açar könlünü.

Yalqızlıq ən acır, ən qorxunc acı,

Köksündə boğular yalqızın ünü.


Özgə ellərdə də dolanır kişi,

Ancaq acısını bölüşə bilmir.

Olsun da düzəlir, gedir çox işi,

Nə yazıq, təklikdən ürəyi gülmür.


Dilidir bağlayan yurda yurddaşı,

Yalqızın könlünü dili isidir.

Dil ulusun başı, könlü, yaddaşı,

Damlası2, yarlıqlı3, bələdçisidir.


Onu törədən də elə dilidir,

Dilindən doğulub-düzülür ulus.

Dili yaşayırsa, eli diridir,

Öldüsə, dağılıb-pozulur ulus.


Elin yasası da dillə qurulur,

Dilidir ulusun ən ağır varı.

Torpaq da, mənlik də dillə qorunur,

Yaşamaq istərsən, dilini qoru !


1.hamı – qamus, qamu, kom – topluluq bildirir. 2. damğa – möhür. 3. yarlığ – sənəd, , əmr, fərman.

5 aprel – 2006


***

ADƏM SOYU GÖZDƏ YAŞAR


Öncə adam baxıb göydən

Yer üzünə gözü düşər.

Gözdən salar onu gödən,

Ucalıqdan özü düşər.


Sonra Yerə ayaq qoyub

Gözəlliyə yol axtarar.

Tay-tuşunu sonalayıb

Gözü tutan yar axtarar.


Üstünə göz qoyduğunu

Gözü üstdə bəsləyər hey.

Sevdiyini-saydığını

Gözdən qoymaz, izləyər hey.


Hey özünü gözə soxub

Qaş düzəldər sanısında*.

Göz çıxardıb, gözdən çıxıb

Suçu görər onda-bunda.


Adam Yerə qonaq olar,

Göz altında, gözdə yaşar.

Düşsə gözdən, sınar, solar,

Yalqızlaşar, dönər daşa.


Gözləriylə duyub-bilər

Adəm soyu dörd-bir yanı.

Ən sonda da gözü ölər,

Gözlərindən çıxar tanı*.


Gözlərinə dolan işıq

Toplanarsa ürəyinə,

İzi yanar işım-işım;

Gözdədir o, demək, yenə.


*tan -- can . Bakı -- 2006


***

UZAQDAN GÖRÜNƏN DAĞ 

Əziz dostum, müəllimim Əmirşah Babaşah oğluna.


Sığışmadın yer üzünə,

Bu yer üzü bezdi səndən.

Acımadın öz-özünə.

Sonda özün bezdin səndən.


Bağlanmadın sən bu Yerə,

Üz vermədin istəklərə.

Görmə, dedin görə-görə,

Küsdü gözün, bezdi səndən.


Hey danışdın Tanrı ilə,

Qulluq etdin yurda, elə.

Min illik yol getdin ilə,

Yorğun dizin bezdi səndən.


El sözüylə düzüb dili,

Ən uca söz düzdü dilin.

Hey ələdin, çözdün dili,

Özgə sözü bezdi səndən.


Göz tikmədin ada, sana,

Əyilmədin bəyə, xana.

Baxıb ölməz işığına,

Ölüm özü bezdi səndən.


Sən gəlmişdin düzlük üçün,

Örnək idi üzün, için.

Əyrilikdi ilkin öcün*,

O ilk öcün bezdi səndən.


Niyə qıydı Tanrı elə --

Tez apardı səni belə?

Getdin gedər-gəlməz yola,

El əlini üzdü səndən.


Dəyərini bildirər çağ,

Gendən görünər uca dağ.

Sözün sızqalmayan bulaq,

Pozulmayan izdi səndən.


*öc – düşmən oktyabr – 2008


***

BİR DƏ YADA DÜŞƏRƏMMİ ? 


Bir gün gələr, sonum yetər,

Bir də yada düşərəmmi?

Alqım, vergim, qayğım bitər,

Bir də yada düşərəmmi?


Sində* tək qoyub gedərlər,

Ağlayıb, doyub gedərlər.

Görən nə deyib gedərlər?

Bir də yada düşərəmmi?


Yaşım boyu nə qazandım?

Nə qandırdım, nələr qandım?

Kimə yandım, kimi andım?

Bir də yada düşərəmmi?


Suçunu kim saya bilər;

Öz sonunu deyə bilər?

Sevgidən kim doya bilər?..

Bir də yada düşərəmmi?


Son yurda vardığım gündə,

Sorquya durduğum gündə,

Gözəl Tanrının könlündə

Bir də yada düşərəmmi?


*Sin – qəbir Avqust -- 2011


***

YALQIZ GEDƏRƏM 125


O gün olmayacaq mənim heç kimim,

Əbədi cahana yalqız gedərəm.

Ötürən olsa da məzara kimi,

Məzardan o yana yalqız gedərəm.


Görən duyarammı o gün səsləri,

Görərəmmi gülər, ağlar gözləri ?

Olub yol bilməyən kor bir sərsəri

Nəmdən dona-dona yalqız gedərəm.


Əynimdə dar kəfən, hər yerim bağlı,

Ayaqlarım bağlı, əllərim bağlı,

Gözlərim qapalı, ürəyim dağlı,

Ömrü ana-ana yalqız gedərəm.


Suçlarım ardımca xəlvət gələrlər,

Söyüşlər, qarğışlar, əlbət, gələrlər.

Şeytanlar qorxuzub, baxıb gülərlər.

Qoruna-qoruna yalqız gedərəm.


O gün tək yoldaşım sevgim olacaq,

Məni sarsılmağa qoymaz bu ocaq.

Haqq-hesab gününə gedib çatıncaq

Sevgimlə yan-yana yalqız gedərəm.


Bu sevgi çox şeydən qoruyur məni,

Dəf edir Şeytanı, suçu, düşməni.

Bu bitməz, tükənməz nurlu çeşməni

Alıb O Sübhana yalqız gedərəm,

Nurlana-nurlana yalqız gedərəm.


Avqust -- 2016


***

DUR TOPALAN, ULU TÜRK


Yerin hər guşəsində

İzi olan ulu Türk,

Düzündə, meşəsində

Oxu qalan ulu Türk.


Salam olsun yurduna,

Ocağına, oduna,

O qüdrətli orduna,

Dur topalan, ulu Türk.


Hay ver mənim çağırıma,

Əlac elə ağrıma,

Yağıların bağrına

Dəhşət salan ulu Türk.


Yetiş qardaş dadına,

Yağı girib yurduna,

Dur düzüm ver orduna,

Zəfər çalan ulu Türk.


Sən düşəli cahana

Min el1 qurdun yan-yana.

Dünyanın hər yanına

Ünü dolan ulu Türk.


Min-min bəngülər2 "əkən”,

Min-min kurqanlar dikən3,

Nəhəng ehramlar4 tikən

Hey ucalan ulu Türk.


İşıqlıdır amalın,

Örnəkdir hər əməlin,

Sarsılmazdır təməlin

Hey çoxalan ulu Türk.


Kim cumdusa mülkünə

Diz çökdürdün hər dönə.

Öz-özünə dön yenə

Düşə5 dalan ulu Türk.


Doğru, dürüst işindən,

Haqqa sitayişindən,

Tanrıya pak eşqindən

Hey güc alan ulu Türk.


1.el – dövlət. 2. bəngü – abidə, yazılı daşlar, türbələr, sərdabələr, məbədlər, əbədilik nişanə ol­maq üçün yazılan, yonulan, yapılan, tikilən, ya da yer altına gömülən maddi , mənəvi örnək­lər. 3. Dik­­mək – dikəlt­mək,ucalt­maq.

4.Çin ərazisində Çin dövlətinin çox kəskin qısqanclıqla turistlərdən və alimlərdən qapalı, gizli saxladığı nəhəng ehramlar vardır. Allahın istəyi olmadan insanlar heç nəyi gizli sax­lamağa güc yetirə bilməyir, sirlər sızaraq aləmə faş olur. Əksər dünya alimləri ələ keçən maddi dəlil­lərə əsaslanaraq apardıqları araşdırmalar sonucunda bu ehramların çox qədimlərdə Çin ər­a­zilərində nəhəng imperiyalar yaratmış öntürklərə -- qüdrətli Türk xalqına məxsus olduğunu isbat etmişlər. Ehramlardan ən böyüyünün hündürlüyü Misirdəki Xeops ehramından iki dəfə hündür – 300 metrdir. Ərazidə hündürlüyü 25 metrdən 100 metrə qədər olan 100 ehram qey­də alınmışdır. Alimlər bu ehramların bizim eradan 2500 ilə 15 min il arası Cin ərazisində hökm etmiş Uyğur türklərinə -- qədim Uyğur xaqanlarına aid olduğunu söyləyirlər. Qədim Çin əfsa­nələri, dastanları və gizli sənədlərində də dünyada misli görünməmiş bu imperiyadan söz açıl­maq­dadır.

Çindəki eh­ram­lar misirdəkilərdən qat-qat möhtəşəm olduğu kimi, içlərisindəki dəfi­nə­lər, yazılar və başqa örnəklər də qat-qat qiymətli, dəyərli, heyrətamizdir. Bu ehramlarda sax­lanan mumiyalı cə­səd­­lər Misirdəkilərdən çox qədim olsalar da daha yüksək səviyyədə mu­mi­yalanmış, daha yaxşı saxlanmışdır. Mumiyalama bilgisinin məhz həmən Uyğur impera­torlu­ğundan Misirə aparıldığı şübhəsizdir. 1956 cı ildə Cin dövlətinin əmriylə ehramları göz­dən ya­yın­dırmaq üçün onların üzünə qalın torpaq qatı örtərək həmişəyaşıl ağaclar əkmişlər. Mən qəti əminəm ki, neçə min illik­lər ərzində cürbəcür sirli səbəblərdən bu ehramları məhv etmə­yə qorxan, eləcə də, Cin tarixini də özlərində qoruduğundan onları bilərəkdən məhv etmək istəmə­yən Cin imperatorları bundan sonra da uca Allah istəməyincə onlara bir zərər vurma­yacaqlar.

5. düş – yuxu, xəyal.

Bakı -------- 1994