adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Aprel 2017 13:19
5034
ELM VƏ TƏHSİL
A- A+

İordaniya Kral Akademiyasının direktoru ADU-da olub

Aprelin 5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İordaniya Kral Akademiyasının direktoru xanım Rim Masrini ilə görüşüb.

Qonağı salamlayan professor Ə.Abdullayev onu ADU-da görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan Ə.Abdullayev ADU-nun nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. O, ADU-nun beynəlxalq əlaqələrindən danışaraq univesitetin reytinqli ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini qonaqların diqqətinə çatdırıb. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açan professor Ə.Abdullayev gələcəkdə ADU-da ərəb ölkələrini təmsil edən mərkəzlərin də fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib. O, universitetdə tələbələrin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil aldığını və bu dilə böyük maraq göstərdiklərini söyləyib.

Səmimi qəbula görə təşəkkür edən Rim Masrini İordaniya Kral Akademiyası haqqında ətraflı məlumat verib. O, ADU-da ərəb dilinin tədrisini yüksək qiymətləndirib, birgə əməkdaşlıq nəticəsində tələbə və müəllimlərin Kral Akademiyasında yay məktəbində iştirak edə biləcəklərini vurğulayıb. O, bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olacağını və ərəbdilli mütəxəssislərin hazırlanmasına töhfə verəcəyini qeyd edib.

Görüşdə iştirak edən İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini Saad Ghazal keçən il ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşdüyünü xatırladıb. O, ADU-da İordaniya Mərkəzinin açılması üçün səfirlik olaraq hazır olduqlarını vurğulayıb. S.Ghazal ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələr kimi təhsil sahəsinə də öz töhfəsini verəcəyini qeyd edib. Kral Akademiyası ilə birgə əməkdaşlıq üçün atılan ilk addımları dəstəklədiyini bildirən S.Ghazal hər iki tərəfə uğurlar arzu edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olublar.

Daha sonra R.Masrini ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələri ilə görüşüb.