adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2017 13:24
7163
ELM VƏ TƏHSİL
A- A+

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə iştirak edib - Fotolar

Bakıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib.

UNEC-dən Adalet.az-a verilən məlumata görə, ölkənin tanınmış ədəbiyyat və sənət adamlarının qatıldığı tədbirdə əvvəlcə oxuculara yazar Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Donu qırmızı” romanı təqdim edilib. "Xan” nəşriyyatında işıq üzü görən kitabda müəllifin "Nuhun gəmisində kosmosa səyahət”, "Donu qırmızı” romanlarıyla yanaşı, "Lokomotiv və vaqonları” adlı pyesi də çap olunub. Kitabın üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazdır.

İkinci təqdimat isə uşaq yazarlar Nilufər və Nərmin Əzimzadələrin "Ağıllı kukla” kitabının olub. Lap körpəlikdən kitaba maraq göstərən Əzimzadə bacıları bir çox uşaq yazıçısının əsərləri ilə tanışdırlar. Ədəbiyyata olan sevgi və maraqları onlara qələmlə dostluğu öyrədib. Kitabda Nilufərlə Nərminin qələmə aldığı "Ağıllı kukla” adında uzun hekayə, hekayələr və şeirlər toplanıb.


Üçüncü təqdimat isə "Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan "Yemlik” uşaq toplusunun üçüncü sayı olub. Jurnalın bu sayında da hər zaman olduğu kimi tanınmış yazarlarla birlikdə uşaq yazarlarının əsərləri çap olunub. Eyni zamanda, dünya ədəbiyyatından nümunələri də uşaqlar tərcümə edib.

Bildirək ki, "Yemlik” uşaq toplusunun bir özəlliyi də ondan ibarətdir ki, buradaSabunçu və Xəzər rayonlarında yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində keçirilən "Ədəbiyyat saatı” layihəsi çərçivəsində elan edilən müsabiqə qaliblərinin hekayə və şeirləri çap olunub.Tədbirdə qaliblərə sertifikatlar təqdim edilib."İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov bildirib ki, internat uşaqlarının peşəkar yazarlarla eyni dərgidə çap edilməsi birinci dəfədir. A.Əhmədov bildirib ki, otuza yaxın uşağın yazdığı hekayə və şeirlərin"Yemlik” uşaq toplusu vasitəsi ilə geniş auditoriyaya çatdırılmasıuşaqlarda ədəbiyyata marağı daha da artıracaq, onların yaradıcı potensialının üzə çıxmasında dəstək olacaq. İnternat uşaqlarının Beynəlxalq Uşaq Kitabı Gününə dəvət edilməsi onların intellektual inkişafında kitabın rolunu daha da önə çəkəcək.

Tədbirdə iştirak edən çağdaş qələm adamlarından Şərif Ağayar, Şəhriyar del Gerani, Mirmehdi Ağaoğlu, Azad Qaradərili, Mehriban Nağıyeva, Elnaz Eyvazlı, Kənan Hacı, Ayxan Ayvaz və digərləri uşaqlara dünya ədəbiyyatının incilərindən söz açaraq, oxunması vacib olan əsərlər barədə danışıblar. Yazarkən əsas nələrə diqqət çəkmələrinə dair tövsiyələrini veriblər.

Sonra internat uşaqları Park Bulvarda yerləşən "Tusi-Bohm Planetarium”da film izləyiblər.