adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2017 00:59
9419
ƏDƏBİYYAT
A- A+

YERİ GÖRÜNƏN KİŞİ

Həmzə VƏLİMƏMMƏDOV

Dağ yolunu qalxıb mənzil başına çatanda gün günorta yerinə gəlirdi. Təngəbin kəndi Qızyurdu zirvəsinin qənşərində abad obadır. Dərələrinin, quzehlərinin qarı hələ tərpənməyib. Yerli əhalinin dediyinə görə, əriməsi yazın ortalarına çəkər. Zirvədən Lerikin qonşu rayonlara yaxın kəndləri, meşələri, yamacları aydın görünür.
Kəndin adı coğrafi mövqeyi ilə bağlıdır. "Təngəbin" sözü talışca "dar yer" mənasındadır. Gur sulu bulaqları, şəlalələri ilə tanınır. İlin hər vədəsində şəlalələrin şırıltısı 4-5 kilometrdən eşidilir. Torpağı az olsa da bərəkətlidir. Yamaclarda bağ salınıb, taxıl əkilir, kartof, tərəvəz becərilir. Burada arı pətəyi olmayan bir həyət belə tapılmaz. Otları can dərmanıdır. Qoyun-quzu saxlamaq təngəbinlilərin dədə-baba məşğuliyyətidir. Evlərdə xalça, kilim, cecim toxunur.
Təngəbindəki abidələr insanların inanc yeridir. Keçmişdə əcnəbi səyyahların diqqətini cəlb edib. Övladı göy öskürək tutan ata-analar "Krandıhal" pirinə pənah gətirir, xəstəni üç dəfə qayanın deşiyindən keçirir. Şəfa tapanlar az olmur. "Pirzə Piada" ziyarətgahına da etiqad böyükdür. Yazı quraq keçən illərdə burada südlü aş bişirilir, dualar oxunur, Allahdan yağış dilənir.
Təngəbinin tarixi dəqiqləşdirilməyib. Kənddəki məktəbin müəllimi Hacı Elxan Ağayev bir neçə ildir arxivlərə baş çəkir, sənədlər əldə edir, etnoqraflarla görüşüb məlumatlar toplayır. Onun bu yaxınlarda "Təngəbin və təngəbinlilər" kitabı çapdan çıxıb. Bəzi mənbələrin məlumatlarına görə, kənd keçmişdə Piran mahalının kiçik bir obası olub, yaşı 300 ilə yaxındır.
Sovet hakimiyyəti illərində kənd əhalisinin torpağı, mal-qarası əlindən alınıb, din xadimləri təqiblərə məruz qalıblar. 1931-ci ildə kolxoz təşkil olunub. Camaat kollektiv təsərrüfata üzv yazılıb. İlk sədri qonşu kənddən Hacıəli kişi seçilib. İllər ötüb, Təngəbin və Anzolu kəndləri qonşu Rvarud kəndindəki kolxozla birləşib. Təsərrüfata Hüseyn Həsənov (şair Ağacəfərin atası), Çayrud kəndindən ziyalı Nemət Əliyev, bu obanın cəfakeş oğlu Yəhya Ağayev və başqaları rəhbərlik ediblər. Hərədən bir yadigar, bir iz, xeyirxah əməl qalıb.

* * *
Haqqında söhbət açacağım Yəhya Ağayev Təngəbinin ilk ali təhsilli ziyalısı olub. O, 1912-ci ildə bölgədə adlı-sanlı din xadimi Molla Nüsrət Mirağa oğlunun ailəsində doğulub. İlk təhsilini qonşu Çayrud kəndində birinci dərəcəli Şura zəhmət məktəbində alıb. Dörd ildən sonra Cəngəmiran kəndinə gəlib, burada kolxozçu-gənclər məktəbində oxuyub. 1932-ci ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olub, bir ildən sonra müəllimlik diplomu ilə kəndə qayıdıb.
Ötən əsrin otuzuncu illərində Lerikdə pedaqoji kadrlar barmaqla sayılırdı. Məktəblərdə dərs deyən müəllimlərin əksəriyyəti Lənkərandan gəlmişdi. Yəhya Ağayevin əmək fəaliyyəti bu dövrə düşüb. Yenicə dərs deməyə başlayan gənci çağırıb Çayrud kənd sovetində katib işləməyə göndərirlər. Burada sovetin sədri, Lerik kəndində böyük bir tayfanın ağsaqqalı Rəvvaq Ramazanovla tanış olur, aralarında dostluq münasibətləri yaranır. Bu səmimiyyət iki ailənin övladları tərəfindən bu gün də davam etdirilir.
İki il keçməmiş Yəhya Ağayev yeni iş yerinə - ucqar Tülü-Conu sovetliyinə göndərilir. Sədr savadsız olduğuna görə idarənin bütün yazı-pozu işlərini katib Yəhya Ağayev görməli olur. Sovetliyin yeddi kəndini at belində bir-bir gəzib vətəndaşların qayğısına qalır, dövlət planlarının yerinə yetirilməsinə nəzarət edir, əhalini təsərrüfat işlərinin vaxtında görülməsinə səfərbərliyə alır. Camaat onu eşidir, məsləhətlərinə əməl edir.
Yəhya Ağayev 1935-ci ilin yazında rayon mərkəzinə çağırılır. Onu Bakıya, Xalq Təsərrüfatı Uçotu Məktəbinə oxumağa göndərirlər. Təhsildən qayıdandan sonra rayon xalq təsərrüfatı uçotu idarəsində müfəttiş vəzifəsində çalışır.
Müharibənin səs-sorağı gəlib Təngəbinə də çatır. Səfərbərlik başlanır. Ağayevlər ailəsindən birinci İbrahim cəbhəyə yola salınır. 1943-cü ilin yazında ağır yaralanır, müalicə olunmaqdan ötrü Bakıya gətirilir. Rayon hərbi komissarlığı bu barədə Yəhyaya məlumat verir. O, şəhərə yola düşür, xəstəxanada qardaşını tapır. İbrahim Yəhyaya ürək-dirək verir, sağalandan sonra yenidən cəbhəyə qayıdacağını bildirir. Lakin bu qayıdış ona qismət olmur. Evə əlil kimi dönür, gücü çatan işdən yapışır.
Müharibə illərində Yəhya Ağayev partiya işinə irəli çəkilir, rayonda təlimatçı, sonra təşkilat şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Övladları cəbhədə vuruşan ailələrə baş çəkir, qayğılarını öyrənib rəhbərliyə çatdırır. Hər kənddə, hər evdə yaxın adam kimi qarşılanır. İmkansızların ərzaqla, geyimlə təmin olunması barədə verdiyi təkliflər həllini tapır.
1947-ci ilin axırında yerli sovetlərə seçkilər keçirilir. Yəhya Ağayev rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin katibi seçilir. Növbəti seçkilərdə ona daha böyük etimad göstərilir, icraiyyə komitəsinin sədri vəzifəsi tapşırılır. Bu dövrdə rayonda vəziyyət ağır idi. Mir Cəfər Bağırovun sərəncamı ilə sərhədyanı kəndlərin əhalisinin Puşkin rayonuna (indiki Biləsuvar) köçürülməsi başlanmışdı. Bu çətin, məsuliyyətli iş icraiyyə komitəsinə tapşırılmışdı. Camaatın ata-baba ocağından didərgin salınması ürək ağrıdırdı. Yurd yerlərinin, məzarların kimsəsiz qalmasına dözməyənlər Muğanın ab-havasına uyğunlaşmayıb həyatdan vaxtsız köçdülər.
Bir dəfə Yəhya Ağayevlə bu barədə söhbət eləyirdik. Ömrünün ahıl çağı idi. Dedi ki, məni qocaldan o ağır günlər oldu. Sizin Təlbəyəğ kəndinin camaatını yola salmağa getmişdim. Zəkulla Davudovun anası Sərfi xalanın naləsi bu gün də qulaqlarımda səslənir. Qəbiristana çatanda maşın dayandı. Arvad qızının qəbri üstə uzanıb başdaşını qucaqladı, ağı deyib nalə çəkdi. Onu güclə məzardan ayırdıq. Belə üzücü günləri mən köçkünlərlə birgə yaşamışam.
Mir Cəfər Bağırov rayon rəhbərliyinə tapşırmışdı ki, köçmədən imtina edənlər dərhal həbsə alınsın. Yəhya Ağayev partiya komitəsinin birinci katibi Kamal Qəhrəmanovu bu işdən çəkindirməyə çalışır və məqsədinə nail olur. Sərhədyanı kəndlərin köçürülməsi başa çatır. O, icraiyyə komitəsinin sədrliyindən çıxıb müxtəlif vəzifələrdə fəaliyyət göstərir.

* * *
Ötən əsrin əllinci illərində ölkədə Otuzminçilər hərəkatı başlanır. Partiyanın çağırışı ilə rəhbər işçilər iqtisadiyyatı zəif olan təsərrüfatlara göndərilir. Yəhya kişi də təşəbbüsə qoşulur, doğulduğu kəndin qonşuluğundakı Veri kolxozuna sədr seçilir. Bir-birindən aralı beş kəndi birləşdirən təsərrüfata beş il rəhbərlik edir. Əmək intizamı qaydasına düşür, yeni təsərrüfat sahələri yaradılır, bir qarış torpaq belə boş qalmır. Sədr fermalara, tarlalara, bağlara, biçənəklərə baş çəkir, kolxozçuların iş şəraitini yaxşılaşdırır, onların məsləhətlərini eşidir. Gəlir artır, dövlətin borcları ödənilir, əhalinin güzəranı ilbəil yaxşılaşır. Zəhmət adamları Yəhya kişini halal insan kimi tanıyırdılar. Təmkini, xoş rəftarı ilə seçilirdi.
Təcrübəli təşkilatçı, işgüzar təsərrüfatçı boya-başa çatdığı obadakı kolxoza da sədr seçilir. Bir həftə keçməmiş kolxozçuların yığıncağını çağırıb Çapayevin adını götürür, təsərrüfata xalqımızın qəhrəman oğlu Babəkin adının verilməsi təklifini irəli
sürür. Təklif bəyənilir. Kəndin abadlığı üçün az iş görmür. Məktəb tikdirir. Kitabxana açdırır, rahat yol çəkdirir. Bulaqları təmir etdirir. Ev tikənlərə, bağ salanlara torpaq sahəsi ayırır. Gənclərin ali məktəblərdə, texnikumlarda oxumalarına kömək edir.
Bir müddət rayonda kommunal təsərrüfatı şöbəsinə rəhbərlik edən Yəhya Ağayevdən Lerik şəhərində tikdirdiyi yaşayış evləri, saldığı yaşıllıqlar yadigar qalıb. Onun təşəbbüsü ilə idarə və müəssisələr üçün binalar ucaldılıb.
* * *
Həmyaşıdları Yəhya Ağayevin həyatsevərliyindən, dostluqda sədaqətindən, mərd-mərdanə sözünü deməyindən mənə xatirələr danışıblar. Yaddaş dəftərimdə Şamil İskəndərovun, Hacıbaba və Balabəy Salmanov qardaşlarının, Əkbər Novruzovun, Gülağa Rüstəmovun söhbətlərini yazmışam. Onlar Pedaqoji İnstitutun tarix fakültəsində Yəhya ilə bir yerdə oxuyub, ali məktəbi qiyabi bitirmişdilər. Ən yaxın dostu Mürsəl Mirzəyev idi. Rayona gələndə Mürsəl müəllimə baş çəkər, oturub söhbət eləyər, naharda Şərqiyyə müəllimənin bişirdiyi xörəklərdən dadardılar. Söhbətlərini dinlədikcə adam özündə rahatlıq tapırdı. Aralarındakı dostluq iki ailəni yaxınlaşdırırdı. Yəhya kişinin oğlu İslam həkim Mürsəl müəllimin qızı Lətifə xanımla evləndi.
Yəhya Ağayev bir elin ağsaqqalı, mayası halal zəhmətlə yoğrulmuş bir ailənin başçısı idi. Ömür-gün yoldaşı Səyyad xanımla 9 övlad böyütmüşdülər. Qızlarını gəlin köçürmüşdü, oğlanlarını evləndirmişdi. Böyük övladı Vaqif iki ali təhsil almışdı. Cavan yaşında dünyasını dəyişdi. Qızı Sədaqət Neft Akademiyasını bitirmişdi, kimyaçı-mühəndisdi. Ailə həyatı qurmuşdu. Ancaq tale üzünə gülmədi, gənc yaşlarında dünyadan köçdü. Etibar texnoloq, Mehman iqtisadçıdır. Bakıda yaşasalar da kəndin xeyrindən-şərindən qalmırlar.
Təngəbinin ziyalı oğlu dindar ailədə böyümüşdü. Namaz qılırdı, oruc tuturdu, imkansızlara əl uzadırdı. Ömrünün son illərində ürəyindən şikayətlənirdi. Bir payız axşamı köksündə gəzdirdiyi o ürək dayandı. Qohum-əqrəbanı, dost-tanışı kədərləndirdi. Dağlar qoynunda dünyaya gəlmişdi, doğulduğu torpaqda uyumaq ona nəsib olmadı. Məzarı Bakının Binə kəndində qazıldı. Tanrının ayırdığı 82 ili kişi kimi ləyaqətlə yaşadı. Artıq 12 ildir aramızda yoxdur. Elində-obasında yeri görünür.