adalet.az header logo
  • Bakı 19°C
01 Aprel 2017 00:49
6307
ƏDƏBİYYAT
A- A+

Ürək saz kimidir, saz ürək kimi...

Həzi Həsənli
Onun sazı dilləndi, könlümüz açıldı. İndi onun sazının səsində xatirələrin səsini duyuram. Həsrət çağları sazın sədaları altında könlümüzü göynətdi. Onsuz da Gədəbəyin silsilə dağları boyunca neçə-neçə saz dillənir, ünlü-ünlü havacatlar güllənir. Onun sazının və özünün səsi isə səslər içində kövrəkliyi ilə seçilir.
O, sazın sədasıyla dünyaya gəlib. Saz səsi ana laylası kimi ruhuna hopub. Xəyalı coşduran, ruhu qanadlandıran saz səsi. Elə buna görə də həyatının mənasını sazda tapıb. Arzudolu bir sənətkar ömrü yaşayır. Hələ ki gənc aşıqların öndə gedənlərindəndir. Amma yaşından qabağın söhbətini danışmağı onu bir az da gözlərimdə böyütdü.
İbrahim Sadıqov Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy rayonunun Samanlıq kəndində, ziyalı ailəsində anadan olub. Sanki şairin aşağıdakı bir bənd şeiri Gədəbəyin gözəlliklərindən, ana təbiətin növrağından, göz oxşayan gözəl mənzərələrindən, yamyaşıl meşələrindən, dərin dərələrindən, zirvəsi buludlarla qovuşan başı qarlı uca dağlarından, buz bulaqlarından su içib:

Burda meşələrin mehriban səsi,
Nəğməkar quşların yarışmağı var.
Burda hər çiçəyin isti nəfəsi,
Güllərin küsüşüb barışmağı var.

Belə bir məkanda doğulub boya-başa çatan İbrahimin də saza vurğunluğu təbiidir. O, ilk dəfə atasının çaldığı sazın sədasından vəcdə gəlib. Gözünü açıb atasının saz çalmağını görüb. İbrahimin atası da, babası da sazı özlərinə məxsus çalıblar. İlk ustadı atası olub. Bir müddət sonra Bakıya gəlib. Ustad Ədalət Nəsibov kimi korifey sənətkardan sazın bir çox sirlərini öyrənib. Daha sonra Əməkdar mədəniyyət işçisi, məşhur saz ifaçısı Nemət Qasımlıdan dərs alıb. Dəfələrlə Novruz bayramlarında və bir sıra dövlət tədbirlərində ictimaiyyət qarşısında çıxışları alqışla qarşılanıb.
2010-cu ildə "Deyişmə" aşıq müsabiqəsinin iştirakçısı kimi çoxlarının yaddaşında qalıb. Sonra yenidən öz el-obasının sazlı-sözlü qoynuna qayıdıb, öz durnaboğazlı sazı ilə arzularına diləkçi olub. Sazın heyranları İbrahim Sadıqovun ifalarını ara-sıra Azərbaycan efirindən də eşidiblər. İndi gözdən-könüldən uzaqda yaşadığı üçün efirə dəvət edilməsi heç kimin yadına düşmür. Amma bu unutqanlıq onu aşıq sənətinin sadiq daşıyıcısı kimi ruhdan sala bilməz, yolundan sapındıra bilməz.
Özü məni dəfələrlə Gədəbəyə, doğma kəndlərinə dəvət etmişdi. İşimin çoxluğundan vaxt tapıb gedə bilmirdim. Xəttin o başından yenə İbrahimin dağ-daş qoxulu, çöl-çəmən ətirli səsi gəldi. Kədərlə gülümsündü, kövrək-kövrək dedi:
- Həzi müəllim, sizin gəlişiniz bizim üçün toy-bayram olar, sevinc olar. Niyə gəlmirsiniz? Gəlin, bir neçə gün dincəlin, havanızı, suyunuzu dəyişin. Elə hey deyirdiniz gələcəm, sazına qonaq olacam. Deyirsiniz gələcəm, amma gəlmirsiniz. Sinədəftər babam da yolunuzu çox gözlədi, gəlmədiniz. Ömrünü sizlərə tapşırıb köçdü bu dünyadan. Sinəsi söz xəzinəsi idi. Sözünüz-söhbətiniz yaxşı tutardı. Amma qismət olmadı, gəlmədiniz.
- İbrahim, başın sağ olsun. Nurani-pirani babanın yeri behiştlik olsun. Allah xeyir iş qismət eləsin, gün olsun sənin toyunda gələk, - dedim.
Sonra İbrahimin toyu da oldu. Mən yenə gedə bilmədim. Daha nə vaxtsa gələcəyəm deməyə də üzüm qalmamışdı. Gözəl günlərin birində Qazaxda olanda sazın-sözün vurğunu, dostum Elnurun maşınında Gədəbəyə getməyə qərar verdik. Yolu yarı edəndən sonra gəlməyimizlə bağlı İbrahimə telefonda xəbər verdim. Uşaq kimi sevindi:
- Gəlin, siz gələn yollara gül döşənsin, - dedi. Doğrudan da yazın qəlbi cuşa gətirən çağıydı. Olduqca sevdalı və sevgili bir an idi.
İbrahim bakirə duyğularla yaşayan saf, təmiz bir kənd uşağıdır. Elə sazı da bəsirətlə ifa edir. Onun saz üstündə oxuması da, şeir söyləməsi də ürəyə yatımlıdır. Səsindəki kövrəklik və titrəyiş sazın səsinə ayrı bir rəng qatır. Kövrək olsa da, saz sinəsində olanda diri və duru görünür. Gədəbəy dağlarının məğrur balası Samanlıq kəndini dünyanın heç bir yerinə dəyişməz. Olduqca kökə bağlı oğlandır. Gədəbəyin hər kəndi gözəldir. Burada səhərlər üfüqdən Günəşin görünməsi də, gecələr Ayın nuru, ulduzların sayrışması da aşığın ilhamını dilləndirən, gözünü könlünü oxşayan gözəlliklərdir.
Aşıq İbrahim hələ ömrün qanadlanan yaşındadır. Gəncliyin ən gözəl çağlarını yaşayır. Sazını öz balası kimi ürəyinə sıxır. Hər gün yeni bir sirr açılır sazında. İllah da ki, sazın və sözün ömürlük heyranları üçün ifa edəndə görəsiniz onu...Duymayanlar yanında sazı dillənməz İbrahimin. Belə bir kövrək ovqatlı gənc aşıq İbrahimin bəxtəvərliyinə heyran qaldıq. O, sazın 72 havasını mükəmməl mənimsəyib və özünəməxsus ustalıqla ifa edir.
"Qurbani", "Əsli və Kərəm", "Koroğlu" dastanlarını mükəmməl bilir. Başqa dastanlar haqqında da müəyyən bilgiləri var. Aşıq Ələsgərdən dürlü-dürlü qoşmaları, gəraylı və təcnisləri çox gözəl ifa edir. Özü də haqlı olaraq deyir ki, bu sənət tükənməzdi. Bu tükənməz saz sənətini yaşadanların bir çoxları 72 saz havasının olduğunu desə də, 130 - dan çox saz havası var. İbrahim onları da öyrənməyə çox həvəslidir.
Ürəyinin təmizliyi İbrahimin üzündə təbəssümlənir. Könül yoxsullarını heç həndəvərinə buraxmaz. Könlünə bir sualın, sorğun olanda da deyir ki, niyəsini məndən soruşma, mən bilmərəm, onu könlümdən soruş... Könül sındıranların düşmənidir. Ömrünün ən gözəl çağlarından saza könül verib. Gözü-könlü tox, abırlı-həyalı bir kənd oğludur. Hələ beşikdə sazın laylasına uyuyan körpə oğluna da sazı sevdirməyi indidən düşünür. Oğlu ilə çəkdirdiyi şəklinə baxdım. Elə bil, arzuları gül açıb o körpənin dünyaya gəlişi ilə. Şair nə gözəl deyib:

Balalar çiçək doğular,
Gül doğular balalar.

İbrahim sazı könül həmdəmi kimi, əziz balası kimi bağrının başında yaşadır, ürəyinin üstündə dilləndirir. Onun sazına qonaq olduğumuz gün ömrümüzə yazılan gün oldu. Sonra da ayrılmalı anlarımız yetişdi...
Sazı gözəl dilləndirdi. Bir-birinin ardınca ifa etdiyi "Naxçıvanı", "Dubeyti", "Cəlili", "Ruhani", "İncəgülü" kimi neçə-neçə saz havaları ruhumuzu oxşadı. Özü də gözəl dilləndi, gözəl oxudu. Saz səsi ilə bağlı xatirələrimin içində ömrümdə yaşanmış bir həsrətin nisgilləri yada düşdü.
Aşıq çalıb oxuyanda, dastan danışanda bütövləşir, yarımçıqlıq edəndə, bunlardan birini etməyəndə qanadı qırılmış quş kimi olur. İbrahim çalıb oxuduğu havacatların arasında söylədiyi dodaqqaçdıları da maraqlıdır, sazına-sözünə bir rəng qatır, bir çalar verir. Bunu da İbrahimin dilindən eşitdik:
- Bir gün Aşıq Hüseyn Saraçlının yanına bir kişi qonaq gəlir. Bu kişi yanında öz oğlunu da gətiribmiş. Gələn qonaq üzünü Aşıq Hüseyn Saraçlıya tutub deyir:
- Ay ustad, mənim bu oğlum aşıq olmaq istəyir. Bunu özünə şagird götür, öyrət.
Kişi aşığa xınalı bir toğlu da gətiribmiş. Aşıq deyir ki, toğlunu otun üstünə burax, ac qalmasın. Oğlun da oğlum kimi baxaram, yanımda ac qalmaz. Bir neçə gün qabiliyyətini yoxlayım, görüm qabında bir şey varmı, saz sənətini götürmək istəyi nə yerdədir?!
Beş gündən sonra kişi yenidən aşığın yanına gəlir. Aşıq Hüseyn Saraçlı deyir:
- Al bu sənin oğlun, bu da toğlun... Sənin oğlundan aşıq olmaz, özünə başqa sənət seçsin.
...Evlərinə qonaq gələndə İbrahimgilin ailəsinin sevinci aşıb daşır. Uzaq bir yerdən qonaq gələndə bu ailə üçün sevinc, toy-bayram deməkdir. İbrahimin anası Afət bacı süfrəyə hər cür gözəl nemətlərdən, ləziz təamlardan düzmüşdü. Mən onlarda qonaq olanda doğma qardaşı kimi qarşıladı. Mənim üçün də o doğmalıq həqiqi qardaş-bacı doğmalığı qədər əzizdir.
... Gədəbəydən qayıdanda silsilə dağların sinəsi ağ duman örtüyünə bürünmüşdü. Xırdaca-xırdaca yağışlar yağırdı. Hər dəfə səfərə çıxanda anamın arxamca bir dolça su atması düşdü yadıma. Xəfifcə-xəfifcə əsən mehin təsirindən yolboyu sıralanmış ağacların titrəşən budaqları, budaqların üstündə tərpəşən yarpaqları nakam taleli bacılarımın bir vaxtlar arxamca uzanan qollarını, havada yellənən əllərini xatırlatdı. Samanlıq kəndinin unudulmaz bir anı illər öncəsi Borçalıdakı yaylaq yerlərimizdən ayrılanda yazdığım bir şeirin ovqatına köklədi məni:

Yenə üzümüzün urvası getdi,
Yenə köhlənimin yorğası getdi.
Yenə sözümüzün şırğası getdi,
Yenə qayıdası qarlı qış qalıb.

Yenə bıldır - bıldır ağlar o dağlar,
Yenə ürəyimi dağlar o dağlar.
Dağlar həmən dağlar, dağlar o dağlar,
Aman lələ, sənin yerin boş qalıb.

Qara köpək yurd yerində çarx vurur,
Dəli şimşək köhnə yurda nırx vurur,
Ocaq sönüb, əllərini hovxurur,
Yurd yerində üç sacayaq daş qalıb.

Çox gəzmişəm o dağların belincə,
O dağlarda çiçək incə, gül incə.
Kaş yenə görəydim, yenə ölüncə,
Nə bilim ömrümdən neçə yaş qalıb?!

...Ötən ilin bir yaz günü, bir saz günü də beləcə ötdü ömrümüzdən. Bir də Gədəbəy torpağına qədəm basmaq qismət ola, ya olmaya. Amma İbrahimin sazına qulaq asmaq şirin bir arzu kimi dolub könlümə. Orda saz səsinin cazibəsi, bir də ömrümdən ötənlərin əziz xatirəsi yaşayır. İbrahimin sazında eşitmədiyim hələ neçə- neçə havacatlar qalıb. Ürək sazın, saz ürəyin möhtacıdır. Adicə tut kötüyünü yonub ürək şəklində saz düzəldən ustanın əllərinin hikmətinə heyran qalmamaq mümkün deyil. Doğrudan da ürək saz kimidir, saz ürək kimi. Ürəklər bir-birinə köçür İbrahimin sazında.