adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Aprel 2017 00:38
5310
ƏDƏBİYYAT
A- A+

TALELƏRƏ DÜŞƏN İŞIQ...

Tərcümeyi-hala sığmayan ömür

Aydın TAĞIYEV,
AYB Şabran filialının sədri,
yazıçı-publisist

Qarşımda bir sənəd var. Bu, Nurulla müəllimin öz dəsti-xətti ilə yazdığı tərcümeyi-halıdır. Ömrünün 57-ci ilində yazdığı bu tərcümeyi-hal vur-tut ikicə səhifəyə sığışıb...
"Mən, Nurulla Əmrulla oğlu Xəlilov 1929-cu ildə Dəvəçi rayonunun Zağlı kəndində anadan olmuşam.
1936-cı ilin sentyabr ayında Zağlı ibtidai məktəbinə daxil olmuşam. 1945-ci ildə Düzbilici kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsində, sonra isə institutun filologiya fakültəsində oxumuşam.
1950-ci ildə institutun filologiya fakültəsini bitirib təyinatla Quba Dövlət Müəllimlər İnstitutuna baş müəllim göndərilmişəm, 1953-cü ilin sentyabr ayında həmin institut bağlandıqdan sonra Quba şəhərində müəllim işləmişəm və yerli "Qızıl Quba" qəzetində şöbə müdiri vəzifəsində çalışmışam. 1954-cü il yanvar ayının 22-də Maarif Nazirliyinin əmri ilə Dəvəçi rayonunun Pirəbədil kəndindəki orta məktəbə direktor təyin edilmişəm.
1960-cı ilin ilk dərs günündən Dəvəçi şəhər orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşam.
1965-ci ilin yanvar ayında Dəvəçi rayon xalq maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişəm. 1966-cı ilin iyul ayında öz razılığımla əvvəlki iş yerimə - Dəvəçi şəhər orta məktəbinə qaytarılmışam.
1978-ci ilin yanvar ayında yenidən Dəvəçi rayon xalq maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişəm. Bakı şəhərinə keçməyimlə əlaqədar verdiyim ərizəyə əsasən, 1983-cü il aprel ayının 28-də tutduğum vəzifədən azad olunmuşam. 1983-cü ilin iyun ayından hal-hazıra kimi respublika Maarif Nazirliyində metodist işləyirəm".
Tərcümeyi-hal sahibinin öz əli ilə yazdığı ikicə səhifə vərəqdə yer tutan ömür yolu isə indi cild-cild kitablara sığmayan neçə-neçə xatirələrə çevrilib, nağıl kimi sehrli, şirin söhbətlərə dönüb.
O xatirələri dinləsəniz, özünüz də şahidi olarsınız ki, Nurulla müəllimin dünyasını dəyişdiyi vaxtdan otuz il keçsə də, onunla bağlı bütün xatirələr sanki çox təzədi, elə bil dipdiri bir adam haqqında söz-söhbət gedir...
İndiki Şabran rayonundakı ən böyük təhsil ocaqlarından birinə, Tofiq Abbasov adına şəhər orta məktəbinə Nurulla müəllimdən sonra çox adam rəhbərlik edib. Ancaq indinin özünə kimi də "Nurulla müəllimin məktəbi" adı ilə möhürlənib bu təhsil ocağı...
1960-cı ildən istifadəyə verilən bu məktəbin ilk direktoru Nurulla müəllim olub və qısa bir fasilə ilə 18 il bu məktəbə rəhbərlik edib. Çox yox, cəmi dörd-beş ildən sonra məktəbi qabaqcıl təlim-tərbiyə ocağı kimi respublikada tanıdıb. Bu təhsil ocağı "Nurulla müəllimin məktəbi" adı ilə əbəs yerə ünvanlanmayıb. Hazırda məktəbin direktoru işləyən Fikrət Şamxalovun sözlərini xatırlayıram: "Bəzən işdə onun əli ilə tərtib edilib hazırlanmış sənədlərlə rastlaşıram. Nə qədər obyektiv, ədalətli və işgüzar bir məktəb direktoru imiş! Onun qoyub getdikləri indi də kara gəlir..."
Nurulla müəllimin boş hay-küylə işi yox idi. Zahirən çox soyuqqanlı görünürdü. Amma o, məktəbin kandarından içəri ayaq basan andan müəllimlərdən tutmuş yuxarı sinif şagirdlərinə kimi hamı özünü yığışdırardı. Bu, kollektivin direktora hörmət və ehtiramı idi.
Nurulla müəllimin məktəbində çalışanlara qibtə edirdilər və çox vaxt soruşurdular ki, Nurulla müəllim onları necə tapıb bir yerə toplayıb.
Rayonda ən güclü müəllim kimi ad çıxarmış həmin pedaqoqlar Nurulla müəllimin məktəbinə fəaliyyətə ən adi bir müəllim kimi başlamışdılar. Onları Nurulla müəllim yetişdirmişdi, öyrətmişdi. Və onlar da öz təcrübələri, əməkləri ilə Nurulla müəllimi adlı-sanlı məktəb direktoru kimi tanıtmışdılar.
Bir vaxt Nurulla müəllimin şagirdi olmuş "Tərəqqi" medallı Həqiqət Əzimova-Adıgözəlovanın söhbəti yadıma düşür: "1968-ci ildə sinfimizin 25 məzunundan 20 nəfəri ali məktəblərə, 5 nəfəri isə texnikumlara daxil olmuşdu. Mən də öz sevimli müəllimimin yolu ilə gedib Pedaqoji İnstituta qəbul olunmuşdum. Onun kimi dil-ədəbiyyat müəllimi olacaqdım.
İnstitutun son kursunda oxuyurdum. Bir gün institutumuzun geniş foyesində Nurulla müəllim ilə qarşılaşdım. İmtahan vaxtları idi. Mənimlə hal-əhval tutandan sonra qiymət kitabçamı istədi, qiymətlərimlə tanış olduqdan sonra çöhrəsi güldü: "Afərin, qızım, Tofiq Abbasov adına məktəbin məzunu olduğunu unutma!"
Ali məktəbi bitirdikdən sonra təyinatla rayonumuza qayıtdım, məni məzunu olduğum məktəbə göndərdilər. Həmin il məktəbə məndən başqa bir neçə nəfər də gənc müəllim gəlmişdi. Zəhmli direktorumuz az qala hər gün bizimlə maraqlanır, dərslərimizdə iştirak edirdi. Dinlədiyi dərslər haqqında fikir söyləyərkən tərifli sözlər deməkdə çox xəsislik edir, əsasən, nöqsan və çatışmazlıqlarımızı deyir, sonra da məsləhətlər verir, metodik kömək göstərirdi. Mənə elə gəlirdi ki, mənə qarşı daha tələbkardır. (Sən demə, o vaxt biz gənc müəllimlərin hamısı belə fikirləşirmiş). Açığını deyim ki, onda sevimli müəllimimin bu tələbkarlığından ürəyimdə hətta inciyirdim də.
Məktəbimiz respublikada məşhur, qabaqcıl tədris ocaqlarından biri kimi tanınırdı. Adlı-sanlı qonaqlar, görkəmli pedaqoq-alimlər, metodistlər tez-tez məktəbimizə gəlir, ayrı-ayrı fənn müəllimlərinin dərslərində iştirak edir, şagirdlərimizlə müxtəlif pedaqoji təcrübələr, eksperimentlər aparırdılar.
Bir gün VIII sinifdə ədəbiyyatdan dərs keçirdim. Qapı döyüldü, məktəbin direktoru və üç nəfər nümayəndə sinif otağına girdi. Cəmi iki-üç illik pedaqoji staja malik bir müəllim kimi əvvəlcə həyəcanlansam da, özümü tez ələ aldım. Şagirdlərimə də arxayın idim və dərs yüksək fəallıq şəraitində sona çatdı. Zəng vuruldu. Yenidən həyəcanlandım. Məni narahat edən yalnız bu idi ki, görən, Nurulla müəllim dərsimdən razı qaldımı?
Müəllimlər otağında qonaqlar - Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əməkdaşları və Maarif Nazirliyinin inspektoru dərsdən çox razı qaldıqlarını bildirdilər. Nurulla müəllim isə fəxrlə bircə kəlmə söz dedi: "Öz məktəbimizin məzunlarındandır. Şagirdim olub".
Sevincimin həddi-hüdudu yox idi. Bir müəllim kimi ilk və ən böyük mükafatımı almışdım".

***

1980-ci ildə Nurulla müəllim bir vaxt rəhbərlik etdiyi Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəb haqqında pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanan bir kitab yazmışdı. N.Xəlilov öz kitabında yazırdı: "1960-cı ildə bir tipli layihə ilə tikilmiş geniş müasir binaya malik ikimərtəbəli məktəbimizdə 1000 nəfərdən çox şagird təhsil alır. Məktəbdə 24 fənn kabineti, lazımi avadanlıqla təchiz olunmuş idman və iclas zalları, 1000 nəfərlik yeməkxana, maşınşünaslıq, evdarlıq (xidmət əməyi) kabinetləri fəaliyyət göstərir. Şagirdlərin istifadəsində bir hektarlıq tədris-təcrübə sahəsi var.
Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 70 nəfərdən çox müəllim məşğul olur.
Bu təhsil ocağı rayonun metodbirləşmə mərkəzidir. Məktəb beynəlmiləl məktəbdir. Burada səkkiz millətin övladı oxuyur.
Son 20 ildə 23 nəfər məzun məktəbi qızıl və gümüş medallarla bitirib. Hər il 35-40 nəfər məzun tərifnamələrə layiq görülür. İstər medalçılar, istərsə də ayrı-ayrı fənlərə görə xüsusi tərifnamə ilə məktəbi bitirmiş şagirdlər müvəffəqiyyətlə imtahan verib ali və orta ixtisas məktəblərinə qəbulda özlərini doğruldurlar. Məzunlarımızın arasında elmlər namizədi, elmlər doktoru olanlar çoxdur".
Nurulla müəllim çox həssas, ürəyi nazik insan idi. Onun ürəyi yuxalığının şahidi elə özüm olmuşam. Yadımdadır, 1969-cu ildə orta məktəbdə buraxılış imtahanlarını verirdik. İmtahan komissiyasının da sədri məktəbimizin direktoru Nurulla müəllim idi. Sinfimizdə yaxşı oxuyan bir şagird vardı. İmtahanları da yaxşı qiymətlərlə verirdi. Xarici dildən - alman dilindən sonuncu imtahanımız idi. Həmin yoldaşımızın imtahan biletinin suallarına cavabları Nurulla müəllimi qane etmədi. Fənn müəllimimiz də gileyləndi: "Çalışqan şagirddir, amma il boyu nə qədər etdimsə, inadından əl çəkmədi..."
Elə bu zaman həmin şagird titrək səslə: "Müəllim, anam deyir ki, dayını müharibədə almanlar öldürüb. Onların dili sənə gərək deyil. Anamın sözündən çıxa bilmirdim..."
Sinif sükut içində idi. Nurulla müəllim də kövrəlmişdi. Ancaq o, özünü tez ələ aldı: "Ananın dediyi almanların hamısı faşist deyil, oğlum!..." Sonra biz Hötenin, Bethovenin... adlarını eşitdik.
Bunlardır Nurulla müəllimin tərcümeyi-halı...
Ancaq Nurulla müəllim öz əli ilə axırıncı dəfə tərcümeyi-halını yazanda 1985-ci il idi. 1987-ci ilin aprel ayının 12-ə - Nurulla müəllimin dünyadan köçəcəyi günə hələ vardı. Ölüm güclü çıxıb onu həyatdan apara bildi. Ancaq neçə-neçə yaxın və uzaq adamların xatirində yaşayan ömrə ölümün gücü çata bilmədi.


XATİRƏ YARPAQLARINDAN

Cib dəftərçəmdə bir vaxt Nurulla müəllimlə oturub durmuş tanınmış adamların onunla bağlı ürək sözləri, xatirələri var. (İndi elə həmin adamlardan aramızda həyatda olmayanı da var.) Sözümün bu yerində həmin xatirələrə üz tuturam.
Səyavuş SƏRXANLI (şair-publisist): - Azərbaycanı müstəqil və həm də o taylı-bu taylı bütöv görmək Nurulla müəllimin ən böyük arzusu idi. Görüşəndə böyük qardaş kimi həmişə gülə-gülə mənə: - Sağ ol, - deyərdi, - yazdığın bu ikicə misraya görə: "Bir qanad o taydır, bir qanad bu tay, ha uçur bir yana çıxmayır Vətən!" - heyf, əcəl onu Böyük Azadlığın lap astanasında yaxaladı. Amma dünyadan çox inamlı getdi: "Belə qalmaz, qala bilməz, - deyirdi. Axı, Arazın üstündə Vətən ayrıdırsa, Arazın altında Vətən torpağı birdir, ayrılmazdır!"
Əbəs yerə ən yaxın dostlarından biri unudulmaz Şıxəli Qurbanov deyildi ki? Şıxəli rəhmətlik bu evə tez-tez gələrmiş. Xüsusən, Bakıda hökumət işlərindən yorulub darıxanda...
1969-cu ilin martı idi. Dəvəçiyə məşhur Damansk qəhrəmanı Tofiq Abbasovdan yazmağa getmişdim. Elə Bakıda eşitmişdim ki, Tofiqin oxuduğu məktəbin direktoru respublikamızın tanınmış, adlı-sanlı maarif xadimlərindəndir.
...Çox zərif və həssas qəlbli kişiydi. Nurulla müəllimin tək adı yox, üzü də nurlu idi. Keçmiş şagirdi haqqında yazmaq istədiyimi biləndə, oğul itirmiş ata kimi ah çəkdi, gözlərində yaş gilələndi.
Axşam Nurulla müəllim məni evinə dəvət etdi. O ara jurnalistlərin ayağı Dəvəçiyə yaman açılmamışdı. (Bu da bizdə bir adətdir, əvvəlcə elə hey yazırıq, az keçmir ki, unuduruq...) İşini qurtarıb geri qayıda bilməyən qonaqları Nurulla müəllim yarı xoş, yarı zor evində saxlar, mehmanxanada qalmalarına razı olmazdı.
Evdə də söhbətimiz Tofiqdən oldu. Tofiqdən danışarkən Nurulla müəllimin iri, ala gözlərini doldu, bir ata vüqarıyla:
-Azərbaycan, bax, bu cür mərd oğullarıyla ağ günə çıxacaq, - dedi...
Lap bugünkü kimi yadımdadır. Qubadan Bakıya qayıdan ulu şairimiz Xəlil Rza yolüstü Dəvəçidə dayanmış, dostu Nurulla müəllimdən hal-əhval tutmaq üçün onlara düşmüşdü.
Şair yenə də kürsüyə sığmırdı - Araz, Təbriz, Savalan, Şəhriyar, - deyə, az qala nərə çəkir, göy kimi guruldayırdı, - Tanrı hamıya Tofiq kimi mərd oğullar qismət eləsin, - deyirdi (İlhai, o vaxt Xəlil Rza haradan biləydi ki, dünyaya onun da TƏBRİZİ gələcək və... Vətən yolunda şəhid olacaq?!)
Çay süfrəsi arxasında Nurulla müəllim Xəlilin od, işıq dolu alma gözlərinə heyranlıqla baxaraq: - Xəlil, qardaş, sən çox gələcəkli şairsən, - dedi, - sən deyən mütləq olacaq, inan mənə! Azərbaycan mütləq birləşəcək. Müstəqil olacaq! Geci-tezi var. Sənin isə yerin, Xəlil, Şıxəlinin yanında, Fəxri Xiyabandadır! Yenə inan mənə, deyirəm...
Nurulla müəllim süfrəsi açıq, ocağı qonaq-qaralı kişi idi. Kimlər açmamışdı onun qapısını, kimlər kəsməmişdi süfrəsinin halal duz-çörəyindən...
Yəhya KƏRİMOV (professor):
-Hər hansı klassik yazıçı, alim haqqında yazmaq yaxın adam, dost haqqında yazmaqdan daha asandır. Xüsusilə, onu itirdikdən sonra.
Nurulla Xəlilov haqqında yazmaq məhz ona görə çətindir ki, onu qəlbimizdə yaşadan ötən illərin məzmunlu və xoş xatirələridir.
Mənim Nurulla ilə tanışlığım 1946-cı ilin yayında Pedaqoji İnstitutun (indiki Universitetin) divarları arasında olmuşdu. Qəbul imtahanı başlanmazdan əvvəl tələbə yeməkxanasında kəsdiyimiz çörək, demə, gələcək yoldaşlığın, dostluğun, qardaşlığın əsasını qoyurmuş. Hələ gənc ikən onun üzündəki adına uyğun gələn nur, qəlbinin təmizliyi, mənəviyyatının saflığı qısa müddətdə aramızda qırılmaz əlaqələr yaratdı.
Nurulla az vaxt içərisində özünü çalışqan, bacarıqlı, ictimaiyyətçi tələbə kimi göstərdi. O, fakültə komsomol təşkilatının işində yaxından iştirak edirdi. O zaman institut komsomol komitəsinin katibi sonralar xalqımızın sevimli oğlu, yazıçı, ictimai xadim kimi tanınmış Şıxəli Qurbanov idi. Mən komsomol komitəsinin büro üzvü, "Komsomol" divar qəzetinin redaktoru idim. Nurullanın gənclər təşkilatındakı fəaliyyəti Şıxəli Qurbanov ilə yaxın dostluqla nəticələndi. Bizim dostluğumuzun ümumi işə təsiri böyük idi. Bu dostluq sonralar da davam etdi.