adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Mart 2017 17:02
50986
MÜSAHİBƏ
A- A+

Aqil Abbas: “Qarabağ” pula yox, qeyrətə görə oynayırdı”

"Oyunun gedişatında VİP sektorda bir tərəfdə "Neftçi”nin rəhbərliyi, digər tərəfdə də mən "Qarabağ”ın rəhbərliyi ilə oturmuşdum. Arada heç yarım metr məsafə yox idi. "Qarabağ” udduğu üçün hamı alqışladı, amma Çingiz Abdullayev və dəstəsi minib maşına getdilər, təbrik etmədilər"

***

Futbol haqda danışmaq üçün hardasa 2 il əvvəl görüşməliydik. Vədələşmişdik də. Sonra nəsə vacib işi çıxdı. Məlum, Aqil Abbas millət vəkilidi. Bu sozü bilərəkdən fərqləndirirəm. Çünki hər adama, o məclisdə oturan 125 nəfərin hamısına aid etmək olmur bunu. Və millət vəkili olduğundan daim də seçicisinin yanındadı: Ağcabədidə, Füzulidə, Ağdamda...

Nə isə siyasət gözləməkdə olsun, biz keçək futbola. Bu idman növünə dəhşətli bir bağlılığı var. Buna şahidəm. Məsələn, mənə ərki çatdığından nəyisə dəqiqləşdirmək istəyəndə tez-tez zəng edir. Və o zəng Ağcabədinin Boyat kəndindən də ola bilər, Avropanın göbəyi Brüsseldən də. O zəng günorta saat 2-də də ola bilər, gecə saat 12-də də.

Futbola sevgisini isbat edən yüzlərlə fakt sadalaya bilərəm. Amma futbol haqda özü danışacaq. Hər şeydən. Ən ağır vaxtlarda (1990-cı illərdə) "Qarabağ”ı necə yaşatmalarından, bir neçə futbolçudan, milli komandadan, deputat həmkarı Rövnəq Abdullayevdən, Berti Foqtsdan (deyir, məndən heç vaxt xoşu gəlmədi), Çingiz Abdullayevdən və daha nələrdən, kimlərdən.

Hələliksə biz Aqil müəllimi – Qol.az saytının əzizini aprelin 1-i - qarşıdan gələn 64-cü ad günü münasibəti ilə təbrik edir və... futbol tribunamızı ona veririk.

Başladıq...

Beləliklə, Aqil Abbas...

... AD GÜNÜ HAQDA: "DOSTLARIM GEDİB, ÖZLƏRİ QEYD ETSİN”

-Ad gününü təmtəraqlı keçirməyi xoşlamıram. Ad günümdə qohum, tanış evimizə gəlir. Belə qeyd edirik. Bir dəfə də dostlarıma zarafatca demişdim ki, gərək mənim yanımda yeyib-içsinlər? Getsinlər özləri qeyd etsin, elə bilsinlər ki, mən yanlarındayam. Mənə ən qiymətli hədiyyələrdən birini Rəşad Məcid bağışlayıb. Gitara vermişdi. Futbola aid isə hədiyyəm olmayıb. Ümumiyyətlə, futbolla bağlı xatirə hədiyyəm çox azdı, elə yoxdu da demək olar. Yadımdadı, 1996-cü ildə "Qarabağ” Azərbaycan çempion olmuşdu. O zaman bununla bağlı AFFA bir tədbir keçirmişdi. Fuad Musayev komanda üzvlərinə qızıl medallar təqdim etdi. Mənə də qızıl medal yox, çempionluq diplomu təqdim etdi. O diploma futboldan əziz bir xatirə kimi saxlayıram.


... "QARABAĞ”IN AĞIR GÜNLƏRİ HAQDA: "AQİL PAŞAYEV DEDİ Kİ, BÜTÜN BORCU SİLİN”

- 1990-cı illər idi. Ağdam işğal olunmuşdu. Mən, Habil Qurbanov, müxtəlif vaxtlarda klubun prezidenti olmuş Nazim Abdullayev, Yunis İldırımzadə, Ağdamın o vaxtkı icra başçısı Həsən Sarıyev komandanı saxlamaq üçün çiyin-çiyin vermişdik. Futbolçular 100 dollar mükafat alanda özlərini dünyanın ən xoşbəxti insanı sayırdılar. Mən "Qarabağ” üçün elədiklərimi deməyəcəm, özünütərif kimi çıxar. Amma müəyyən insanlar var ki, onların adlarını mütləq çəkməliyəm. Yadıma gəlir, "Qarabağ” rayondakı oyunlara sərnişin avtobusu ilə bilet alaraq gedirdi. Həmin dövrdə Afiyəddin Cəlilov (1992-94-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclis) sədr müavini, 29 sentyabr, 1994-cü ildə, 48 yaşında qətlə yetirilib – red. ) "Qarabağ” klubuna avtobus bağışlamışdı. Əla da avtobus idi. O, parkda idman edərkən bizim futbolçularla rastlaşıb, söhbət edib, vəziyyəti soruşub. İki gündən sonra deyib ki, avtobusunuz hazırdır.

Komandanın bazası, daimi qalmağa yeri yox idi. "Abşeron”da (indiki "Marriot” – red.) məskunlaşmışdı. 4 ay pulsuz qalmışdılar deyə xeyli borc yaranmışdı.1994-cü il idi. Mən təklif etdim ki, bəs, kömək edək, dost, tanış pul yığsın otelin borcunu ödəyək. Rəhmətlik Aqil Paşayev o zaman "Abşeron”un direktoru idi. Aqil Paşayevlə görüşdük. Yaxın münasibətlərimiz vardı. Dedim ki, vəziyyət ağırdır, pul yoxdur, bizə 50 faiz güzəşt edə bilərsən? İnzibatçını çağırdı, dəqiqləşdirdi ki, komandanın 15-20 min dollar həcmində borcu yaranıb. Özün fikirləş, 30 adam qalır, hər gün yemək, orda qalmaq. Aqil Paşayev dedi ki, bütün borcu silin, mən onu cibimdən ödəyəcəm. Bildirdi ki, "Qarabağ” komandası hamımızındır, otelə borcu yoxdur, bundan sonra nə qədər qalsalar da, o da mənlikdir. Futbolçular çaşıb qaldılar, kövrəldilər.

"Qarabağ”a dəstək olanlardan biri də o vaxtkı deputat və "Azərkimya”nın prezidenti, Məmməd Arazın dostu Fikrət Sadıqov idi.Onun sanatoriyası vardı Sumqayıtda. Orada komandaya qalacaq yer verdi və bu sanatoriya "Qarabağ” üçün baza kimi oldu. "İnşaatçılar” stadionunu da bizə verdi. Baxmayaraq ki, stadion onun şirkətinin balansında deyildi. "Qarabağ” bir müddət ev oyunlarını həmin stadionda keçirdi. Ağdamın o dövrlər icra başçısı olan Həsən Sarıyevin da komandanın yaşamasında böyük xidmətləri oldu.

Sonra Nazib Abdullayev (o zamanlar fəaliyyət göstərən NNN adlı bankın prezidenti – red.), Yunis İldırımzadə ("Əmrahbank”ın prezidenti – red.) kluba sponsorluq etdilər. Mən də Bakıdakı vəzifəli dostlarımın hərəsinə 100-200 bilet göndərirdim. Onlar oyuna gəlmirdilər, amma biletin pulunu göndərirdilər (gülür). O pulu da futbolçulara paylayırdıq.

- İllik büdcə nə qədər idi?

- Onu dəqiq deyə bilmərəm. Çünki birbaşa o işin içində deyildim. Büdcənin 50 faizini Nazim Abdullayev, 50 fazini biz ödəyirdik. Yunis İldırımzadənin dönəmində isə "Əmrahbank” 90 faiz xərci öz üzərinə götürmüşdü.

O zamanlar "AZAL”ın prezidenti olan Ədalət Əliyev də "Qarabağ”a kömək etmişdi. Komanda Finlandiyada oyuna gedirdi. Pul da yox. Ondan xahiş etdim. Tapşırıq vermişdi ki, "Qarabağ”dan bilet pulunun yalnız 50 faizi alınsın.

Biz Sumqayıtda oynamağa başlayanda 14-18 yaşında 300-400 uşaq fanat oyuna Bakıdan avtobusla gedirdi. Mən oyun başlayanda futbolçulara deyirdim ki, "Sizə qurban olum, o uşaqların heç nələri – evləri, eşikləri yoxdur, bir sizləri varsınız. Onları ağlatmayın, elə edin ki, sevinə-sevinə stadionu tərk etsinlər. Onların göz yaşlarının xətrinə yaxşı oynayın”. Pul yox idi. Amma. Biri var pula oynamaq, biri də qeyrətə oynamaq…

Komandanın ən ağır günlərində ayaq üstə durmasının əsas səbəbkarı Aqil Nadirov idi. O, bu komandanın ən ağır vaxtlarında canın qoyub. O qapıya, bu qapıya düşüb, komandanı toparlayırdı. Sonra artıq "Qarabağ”a "Azərsun” sponsorluq etməyə başladı və klub getdikcə güclənərək indiki yüksək səviyəyə çatdı.


… RÖVNƏQ ABDULLAYEV HAQDA: "DEDİ, MƏN O İŞƏ QARIŞMIRAM”

- Görüşəndə onunla ən çox elə futboldan danışırıq, təkliflərimi deyir, tənqidlərimi səsləndirirəm. Amma təbii ki, hər zaman eyni düşünmürük. Qəbul etmədikləri fikirlərim də var. Mən xahiş etmişdim ki, Hindarxda meydança tikdirin, üç il əvvəl bunu etdi. Müəyyən tənqidləri qəbul edir, bəzi mövzularda mənimlə razılaşmır. Təbii ki, özünü müdafiə də edir. Məsələn, mən həmişə deyirəm ki, bizim futbolda legionerlər az olsun. Həm milli komandada, həm də klublarda. O da deyir ki, mən filankəsi gətirmək işinə qarışmıram. Kluba da bu barədə göstəriş verə bilmərəm.

… LEGİONERLƏR HAQDA: "ƏMİOĞLU, GƏLİN E, XAM YER TAPMIŞIQ”

- "Qarabağ” və "Qəbələ” bir az yaxşı futbolçular seçib gətirir, amma digərləri yox. Zamanında "İnter”də nə qədər yararsız legioner vardl. Transferə ayrılan 5 milyona 3 yaxşı futbolçu gətirə bilərdilər də. O üç oyunçu daha çox xeyir verərdi, nəinki 10 nəfər top qovalayan. Bir gürcü bir məşqçi tapmışdıq, o da gələndə yan-yörəsinə deyirki ki, "ay əmioğlu, gəlin e, xam yer tapmışıq”. Özü ilə də bir "kamaz” gürcü gətirirdi baş məşqçi. Sonra da pulların alıb, gedirdilər.



… BERTİ FOQTSLA MÜBAHİSƏSİ HAQDA: "MƏNDƏN KÜSDÜ”

-Foqstu sevmirəm. O,Azərbaycan futbolunu məhv edib getdi. Bir dəfə "İnter”lə hansısa bir Bakı komandası oynayırdı. Hər iki komandanın heyətində meydanda 2-3 yerli oyunçu vardı. Foqts da oturub yanımda futbola baxırdı. O da məni tanıyırdı. Təcüməçi vasitəsi ilə dedim ki, burda milli oyunçu yoxdur axı, hamısı legionerdi, sən hansı futbolçuya baxırsan? (gülür) Dedim, get, o futbollara bax kı ki, orda yerli futbolçular oynasın. Foqst da durdu ayağa ki, bu, məndən nə istəyir ee? Acıq edib, çıxıb getdi.
Bir dəfə də Ağdama, Quzanlıya gəlmişdi. Foqts bizim cavan futbolçularla işləyirdi deyə, elə bilir, elə Azərbaycan xalqı futbolçulardan ibarətdir. Biz oturduq, mən söhbət etməyə başladım. Elxan Məmmədov da orda idi. Başladım alman mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı, musiqisi haqda danışmağa. Gördüm söylədiklərimin çoxunu bilmir. Dedim ki, görürsənmi, mən Almaniyanı səndən daha yaxşı tanıyıram. Sən gənc futbolçularla çalışıb, bizə yuxarıdan aşağı baxırsan. Onda da küsdü.

… FUTBOLDA OĞLUNA QOŞULUB AĞLAMASI HAQDA

-1998-ci ildə UEFA kubokunda "Qarabağ” Çexiyada "Yablonets”lə oynayırdı. Bir gün əvvəl şəhərin meri, klubun və futbol federasiyasının nümayəndələri biz klub rəhbərlərinə ziyafət verirdi. İyulun 22-si idi. Dedik ki, sabah oyun günü Ağdamın işğalına təsadüf edir. Təklif etdik ki, bu işğala görə 1 dəqiqəlik sükut elan olunsun. Çexlər oyundan əvvəl bunu etdilər. Sonra eşitdik ki, UEFA bu siyasi hərəkətə görə "Yablonets”i böyük məbləğdə cərimələyib.

Həmin oyuna mən öz oğlumu da aparmışdım. Uşaq idi. Oyun 5-0 qurtardı. Çexlərin üçüncü qolundan sonra gördüm Toğrul ağlamağa başlayır. Şərəf tribunasında idik. Mer, oranın futbol federasiyasının rəhbərliyi, UEFA nümayəndələri ilə birgə idik. Mən çalışdım oğlumu sakitləşdirməyə, bir də gördüm özüm də ona qoşulub hönkür-hönkür ağlayıram.

… İDMAN JURNALİSTİKASI VƏ TELEŞƏRHÇİLƏR HAQDA: "ALTAY VƏ GÜNDÜZ…”

- Azərbaycanda futbol inkişaf etdikcə, idman saytları da inkişaf edir. Mən idman jurnalistikamızın səviyyəsindən razıyam. Çox ağıllı, qabiliyyətli jurnalistlər yetişməyə başlayırlar. "Futbol+”ı, Qol.az-ı və başqa futbol saytlarını oxuyuram. Qol.az-a hər gün 2-3 dəfə girib yazılara baxıram. "Futbol+” xoşuma gəlir, yaxşı şərhləri, atmacaları olur.
Yaxşı şərhçilərimiz də yetişir. Əvvəllər isə elə bil yas mərasimi aparırdılar. Amma hər şey birdən-birə olmur. İndi istedadlı şərhçilərimiz çoxdu. Amma adları yadımda qalmır. Bəzən, çox hay-küy salırlar, oyunun gedişatına müdaxilə edirlər. Siz rus şərhçilərinə də baxın, türklərə də baxın. Türklər də hay-küyçüdülər. Biz daha çox türklərə meyilliyik. Görürəm ki, hər hansı bir oyunu rus kanalı da verirsə, çevirib ordan baxıram. Çünki çox gözəl şərh edir ruslar. Əvvəllər Altay Əliyev bir az emosional şərh edirdi, amma şərhləri maraqlı olurdu. Gündüz Abbaszadə də danışanda xoşum gəlir. Onun da rəhmətlik atası ilə bir oxumuşam. Bilmirəm, ona atasına görə simpatiyam var, ya öz şərhçiliyinə görə.

İDMAN KANALLARIMIZ HAQDA: "ƏN ÇOX O VERİLİŞİ BƏYƏNİRƏM”

Kanallarımızın futbol aid verilişlər verməsi sevindirici haldı. "Xəzər” TV-dəki verilişi bəyənirəm. Ən çox bəyəndiyim elə o verilişdir. Vaxt olduqca "İdman”ı, "CBC Sport”u da yaxından izləyirəm. Baxırsan ki, bir futbolçu, hakim, ya da məşqçini çağırıb, söhbət edirlər. Çox istərdim ki, kanallarımız birinci divizionun oyunlarına da geniş yer versinlər.

… MAKSİM MEDVEDYEV HAQDA: "ONU GÖRƏNDƏ ELƏ BİL DƏDƏMİ GÖRÜRƏM…”

- Futbolu çox sevirəm. Bəzən, ağrıyıram hansısa mövzuya, bu ağrı məni yazdırır. Bəzən də müəyyən sevgi yazdırır. Bir futbolçu xoşuma gəlirsə, onun haqda yazmaq istəyərəm. Məsələn, "Qarabağ”ın futbolçusu Medvedev haqda o qədər yazı yazaram ki. Bir dəfə "Qarabağ”la bağlı hansısa tədbirdə demişdim ki, onu görəndə elə bil dədəmi görürəm. Çox oxşayır.


… "QARABAĞ”LA MÜNASİBƏTLƏRİ HAQDA: "QURBANIN TƏMKİNİ MƏNƏ LƏZZƏT EDİR”

- Münasibətlərimiz yaxşıdır. Həm rəhbərliklə, həm də məşqçilərlə. Əmrah Çəlikəl yüksək tərbiyəsi olan, yaxşı münasibətimiz olan biridir. Hərdən "Qarabağ” xaricə gedəndə təklif edir ki, birlikdə gedək. Mənim elə vaxtım olmur, amma dəvət edir. Bir dəfə Rəşad Məcidlə Bakıdakı oyundan bir gün əvvəl məşqə getmişdik, meydançanın içinə girdik, öpdüm uşaqları, uğurlar arzu etdim. Ertəsi gün oyunda qalib gəldilər. Ağdamın işğal günüydü, "Rusenborq”u udmuşdular.

Qurban Qurbanovu çox istəyirəm. Bu dəqiqə o, Azərbaycanın Valeri Lobanovskisidir. Həm də təmkinini sevirəm. Fatih Terim ora-bura təpik atır. Ancaq Qurbanovun təmkini mənə ləzzət edir.
Kapitan Rəşad Sadıqov isə bu gün Azərbaycan futbolu üçün liderdir.

... VAQİF CAVADOV HAQDA: "ÖZÜNÜN DƏ, ATASININ DA GÜNAHI OLDU”

- Mən Vaqif Cavadova yanıram. Çox gözəl futbolçu ola bilərdi. Bəlkə də bunda məşqçinin də, atasının da, özünün də günahı oldu. Vaqifi kollektiv oyuna öyrədə bilmədilər. Fərdi oyuna üstünlük verdi, o da Vaqifi ordan-ora apardı. Çox böyük potensialı olan, texnikalı futbolçu idi. Amma onun üzərində çalışmayıblar.


...SEVDİYİ VƏ SEVMƏDİYİ FUTBOLÇULARIMIZ HAQDA

- Sevdiyim futbolçular var. Məsələn, Vüqar Nadirovu çox istəyirəm. Amma o da artıq yaşlanır. Əfran İsmayılovu, Qara Qarayevi bəyənirəm, Bədavi Hüseynovu isə bəyənmirəm. Sonra Araz Abdullayev də futbolçu olacaq. Bəyənmədiyim futbolçularınadını çəkmirəm. Ona qalsa, çoxunu bəyənmirəm. Bir dəfə "Qarabağ” hansısa bir komanda ilə oynayırdı, yazmışdım ki, Reynaldo da bizdən oynasaydı, lap yaxşı olardı.


"NEFTÇİ”NİN MÜŞAHİDƏ ŞURASI HAQDA: "… GƏRƏK ANAR VƏ POLAD BÜLBÜLOĞLUNU DA ORA GƏTİRƏK”

- Azərbaycan klub yoxdur, komanda var. Çingiz Abdullayevin sözü "Neftçi”də nə qədər eşidilir, mən bilmirəm. Yəni, transferlər və məşqçi təyinatlarını nəzərdə tuturam. Çingiz Abdullayev gərək Müşahidə Şurasına elə adamlar seçə ki, onlar yerində ola. Deyəsən, Bəhram Bağırzadə getdi.

- Fərhad Bədəlbəyli də təmsil olunub şurada.. "Neftçi”yə sanki ziyalılıq görkəmi vermək istəyirlər.

- Fərhad Bədəlbəyli ora niyə gedib? Onda xalq yazıçısı Anarı, Polad Bülbüloğlunu da ora gətirək ki, "Neftçi” elit komanda olsun. Ora birinci növbədə mütəxəsis lazımdır.

Mənim fikrimcə, Müşahidə Şurasında futbol adamları olmalıdır. Amma əgər bizim istıdiyimiz idela klub modeli yaradılırsa, məsələn, Türkiyədə olduğu kimi, klub üzvlüyündə tanınmış adamlar təmsil oluna bilərlər və onlar hər bir sıravi üzv kimi üzvlük haqqı ödəməlidirlər. Bizdə isə peşəkar klub yoxdur. Klubun abunəçisi, üzvü olur və aylıq üzv haqqı ödənir. Onlar da klubun seçkilərində, iclaslarında söz haqqına sahib olurlar. Siyasi partiyalarda qurultay olan kimi, onlarda da olur.

..."NEFTÇİ”NİN UĞURSUZ ÇIXIŞLARI HAQDA: "SOCAR ELƏ BİLDİ Kİ, HƏR ŞEY PULLADIR”

-Komanda SOCAR-ındır, eləmi? Deməli, SOCAR düzgün yanaşmadı komandaya. Elə bildi ki, hər şey pulladır. Pul verəcəyik, oynayacaqlar deyə düşündülər. İki gündən bir baş məşqçi dəyişdi. Komandanı çempion edən Böyükağa Hacıyevi istefaya göndərdilər. Ona görə də münasibət itdi komandada. "Qarabağ”ın prezidenti Abdolbari Gözəldır. Amma oğlu Tahir Gözəl bütün günü komandanın içindədir və prezidenti rolu oynayır. Hər kəsin problemini bilir və işləyir. Yoxsa, sən komandaya prezident seç, o da gedib öz işində olsun, komanda da qalsın başlı-başına.

… ÇİNGİZ ABDULLAYEVDƏN İNCİKLİYİ HAQDA: "TƏBRİK ETMƏYİB, ÇIXIB GETDİ”

- Mən onu çox istəyirəm. Amma bir dəfə ondan incidim. İki il əvvəl "Qarabağ” Qəbələdə "Neftçi” ilə kubok finalında qarşılaşırdılar, mən də getmişdim. Ramin Musayevgözəl də təşkilatçılıq etmişdi. "Qarabağ” da qalib gəldi. Adətən, xarici komandalar meydanda sərt mübarizə aparırlar, amma oyundan sonra futbolçular, məşqçilər, klub prezidentləri bir-birilərin təbrik edirlər. Oyunun gedişatında VİP sektorda bir tərəfdə "Neftçi”nin rəhbərliyi, digər tərəfdə də mən "Qarabağ”ın rəhbərliyi ilə oturmuşdum. Arada heç yarım metr məsafə yox idi. "Qarabağ” udduğu üçün hamı alqışladı, amma Çingiz Abdullayev və dəstəsi minib maşına getdilər, təbrik etmədilər. Keçməliydilər "Qarabağ”a tərəfə, məni yox e, klubun rəhbərliyini təbrik etməliydilər. Dedim ki, bu, nə idi? Çox pərt olmuşdum. Bu hərəkət mənim xətrimə dəymişdi.
Klub prezidenti hər dəfə oyunlara gəlməyə bilər. Amma komanda ilə əlaqələrini kəsərsə, laqeyd yanaşarsa, düzgün olmaz. Çingiz Abdullayevi "Neftçi”yə ona görə gətiriblər ki, Azərbaycanın dünya şöhrətli yazıçısıdır. Çingiz də gərək komanda ilə bərk məşğul olsun.

...MİLLİMİZDƏ OYNAYAN LEGİONERLƏR HAQDA: "DAĞISTANDA FUTBOL VAR?”

- Dağıstanda futbol var? Güləşçi gətirirsən qəbulumdu, amma Dağıstanda nə vaxt futbol olub? Futbolçu yetişməyən yerdən futbolçu gətirərlər? Ümumiyyətlə, milli komandaya niyə kənardan futbolçu cəlb edilməlidir? Nə ehtiyacımız var onlara? Onun yerinə Azərbaycan oynaya biləcək futbolçular var. Yox əgər həqiqətən də milliyə səviyyəli əcnəbi çağırırsansa, o zaman Rusiyadan, Ukraynadan gətirin də, Dağıstana niyə üz tuturlar?

...AZƏRBAYCAN ÇEMPİONATI HAQDA

- Hansı çempionat? Bizdə çempionat var? Yalnız "Qəbələ” ilə "Qarabağ” oynayır, hansı udsa, o da çempion olur.

... TƏRLAN ƏHMƏDOV HAQDA: "NƏ QƏDƏR MAAŞSIZ OYNAMAQ OLAR?”

- AZAL-ın baş məşqçisi Tərlan Əhmədov pis baş məşqçi deyil. Futbolçuları iki-üç aydır ki, maaş almırdı. Mən də yazdım ki, daha AZAL-ın təyyarələri uçmur? Mən bilən AZAL bağlanmayıb axı, təzəlikcə xaricə uçmuşam. Bəs, niyə komandada futbolçu, məşqçi pulun ala bilməsin? Nə qədər maaşsız oynamaq olar? Onlar quldurmu, nökərdirmi? Sonra da deyirlər ki, Tərlan, hanı futbolçu? Nəynən olsun futbolçu? Tərlana ürəyim yanır.


... "XƏZƏR LƏNKƏRAN” HAQDA: "HAMISI MƏNDƏN SORUŞDU Kİ...”

- Bölgələrdə futbolun olmaması məni narahat edir. Bugünlərdə Lerikdəydim. Restoranda çörək yeyirdim. Ofisiantların hamısı mənə yaxınlaşıb soruşdu ki, bəs "Xəzər Lənkəran”ın taleyi necə olacaq? Yenə oynayacaqlarmı? Heyf ki, elə bir komanda məhv olub getdi. O boyda stadion da qalıb boş. Cənub bölgəsində vaxtında "Viləş” məhv oldu, indi də "Xəzər Lənkəran”.

... HAKİMLƏR HAQDA: "VAXTI İLƏ XAQANİ "QARABAĞ”A O QƏDƏR ÜZ GÖRÜB Kİ...”

Dünyanın hər yerində hakimlər səhv edir. Hakimlikdə üz görmə hər zaman var. Vaxtilə hakim olanda Xaqani Məmmədov "Qarabağ”a o qədər üz görüb ki.. Allah haqqı, düz deyirəm! Elə məndə zarafatla deyirdim ki, başına dönüm, gör lehimizə penaldan-zaddan verə bilərsənmi? (gülür) Yaxın idik o zaman. Bəzən, gəlirdi "Qarabağ”ın matçını izləyirdi. Mən də deyirdim ki, hakimə denən, sənin sözün keçir, bir az üz görsünlər. Bütün oyunlarda belə hallar var.Amma ən pisi odur ki, qərəzli səhvlər olur, hakim nəyinsə qarşılığında komandanı uduzdurur. Bu, qəbuledilməzdi.

Aydın BAĞIROV

Qol.az