adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Mart 2017 00:23
9678
GÜNDƏM
A- A+

ATALAR SÖZLƏRİ YENİ DEYİMLƏRDƏ, YAXUD ATALAR SÖZLƏRİNƏ QOŞMALAR

Qədir Tərtərli
AYB-nin üzvü, "Qızıl qələm"
mükafatı laureatı.


- Yaxşı işdən gül iyi, yaxşı müştəridən pul iyi gələr.

- İşi işbaza, vəzifəni kələkbaza ver.

- Ac toyuq yuxusunda darı, rüşvətxor yuxusunda pul görər.

- Su bir yerdə qalanda iylənər, müdir bir idarədə çox qalanda piylənər.

- Kor tutduğunu buraxmaz, polis tutduğunu buraxar. Amma bu şərtlə ki, əlin cibində ola.

- Ac quzu mələyən, arsız adam güləyən olar.

- İt itin ayağını basmaz, adam adamın ayağını da basar, hələ desən vurub gözünü də çıxardar.

- Yoldaşını göstər kim olduğunu, pulunu göstər hansı peşəyə qulluq etdiyini deyim.

- At atın rəngini, əsgər əsgərin tüfəngini götürər.

- Bar gətirən ağac başını aşağı, vəzifəyə keçən adam başını yuxarı tutar.

- Qonşuya ümid olan şamsız, qonorara ümid olan pulsuz qalar.

- Qorxulu baş salamat, qorxusuz başın yeri isə qazamat olar.

- Pendiri dəri, alverçini isə yaxşı müştəri saxlar.

- El üçün ağlayanın gözünə tor, özü üçün ağlayanın gözünə nur gələr.

- Bir gül ilə bahar, bir günün məvacibi ilə nahar olmaz.

- Vəzifə əl çirkidir. Vəzifədən çıxanlar üçün yaxşı təsəlli olan bu sözü oğul istərəm ki, vəzifənin "gəlhagəl" vaxtında deyəydilər.

- Ev evə sığmaz, el elə sığar. Amma saysız-hesabsız qaçqını, köçkünü olan ölkədə evə ev də sığar, hələ desən el də.

- Pul açan qapını fələk də açmaz. Pulun bağladığı qapı da belədir - nə fələk aça bilməz, nə də külək.

- Dağ pulludan, pullu isə oğrudan qorxar.

- Başına vur, çörəyini al. Başına vurub bir loxma çörəyini alınca, norka papağını alsan yaxşıdı.

- Arxalı köpək qurd basar. Təkcə qurd yox, həm də yurd basar, ev-eşik dağıdar.

- Qonşun pisdi, köç qurtar. Elə üzdəniraq naxələf qonşular var ki, atmilçəyi kimi yaxandan əl çəkməz. Nə köçməklə canın qurtarar, nə də köçürməklə. Bu misalda kimin nəzərdə tutulduğu məlumdur.

- İt yiyəsini tanımır. Görəsən günah itdədir, yoxsa yiyəsində?

- Ot kökü üstə bitər. Amma indi öz kökü üstə bitməyən otlar da çoxdur. Ya kök xarabdır, ya da otlar cılızlaşıb.

- Axtaran tapar. Bəs, elə isə niyə itirdiyimiz hər şeyi tapa bilmirik?

- Saxla samanı, gələr zamanı. Saxladığımız saman çürüdü, zaman gəlib çıxmadı.

- Babam mənə kor deyib, gəlib gedəni vur deyib. Bu sözlər havadarlarına güvənib hökküldəyən azğın ermənilərə aiddir.

- Dost dost ilə tən gərək, tən olmasa gen gərək. Bu sözlərin indiki dostlara uyarı yoxdur. Çünki indiki dostlar nə tən gəlməyi, nə də gen getməyi bacarmırlar. Yəni, nə ətdirlər, nə də balıq.

- Dovşanı araba ilə tutanlar indi tısbağanı təyyarə ilə də tuta bilmirlər.

- Özgə atına minən tez, özgəsinin pulu ilə alınan maşına minən gec düşər.

- Artıq tamah baş yarar. Artıq qazanc daş yarar.

- Arxadan atılan daş topuğa, arxadan atılan güllə özümüzə dəyər.

- Torpaq deyər: "Öldür məni, dirildim səni!". Çörəyinlə böyüdüb ərsəyə çatdırdığın naxələf oğul isə deyər: "Dirilt məni, öldürüm səni".

- Ət yeyən quşu dimdiyindən, "qeyrətli kişilər"i mindiyindən ("Mercedes", "QAZ-31"kimi bahalı maşınlar nəzərdə tutulur) tanıyarlar. Hansı pula alınmasının buna dəxli yoxdur.

- Yalan ayaq tutar, yeriməz. Bu baxır yalan deyənin məharətinə. Mahir yalançı ayaq tutub yeriməyən yalanı lap kosmik sürətlə uçurdar da.

- Qızım sənə deyirəm, gəlinim sən eşit. Qıza deyilənləri gəlin eşitmədi. Görən həmin sözlər özünə deyilsəydi, eşidərdimi?

- Günah öləndə olar. Çünki haqq həmişə güclünün arxasında dayanır.

- Keçəlin bəxti yeyin olar. Əlbəttə ki! Bəxti yeyin olmasa, anadan keçəl doğulardımı?

- Yalançının şahidi böyründə olar. Bəs, doğruçu haqq sözünü sübuta yetirmək üçün şahidi haradan tapsın?

- Ərlə arvadın torpağın bir yerdən götürüblər. Vay o gündən ki, torpaq şoran ola.

- İşləməyən dişləməz. Dövran dəyişəndə qayda da dəyişir. İşləməyən işləyənin əlinə baxır.

- Dost dar gündə sınanar. Dar gündə dost tapmaq qaranlıqda iynə axtarmaq kimidi. Gen günün dostları çətin ki, dar gündə yaxalarını ələ verələr.

- Su qabı suda sınar. Amma quruda sınanları da çoxdu.

- Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. Evin yıxılsın yağ satan! Qarşıdan gələn bayram günlərində yazıq gəlinlərimiz hansı yağla aş bişirib üz ağardacaq?

- Gözəllik ondur, doqquzu dondur. Görəsən belə bahalıqda yaxşı donu hardan tapıb geyinmək olar? Vay gözəlliyi gözə çarpmayan gözəllərimizin halına!

- Kələklə gələn, küləklə gedər. Amma elə mahir kələkbazlarımız var ki, qazandıqlarını küləyə yox, heç fələyə də verməzlər.

- Keçəl baxdı güzgüyə, adın qoydu özgəyə. Saçlı yazıq maddım-maddım güzgüyə baxsa da, deməyə heç bir söz tapmadı.

- Yalançını mənzilinə kimi qovarlar. Nə olsun ki! Yəni mənzildən də çıxarıb qovmayacaqlar ha!

- Əldən qalan əlli qalar. Heyif ki, daha çox qalanları da olur.

- Çörəyi ver çörəkçiyə, birini də artıq. Bu söz indiki çörəkçilərə aid deyil. İndiki çörəkçilərə un ver, gör çörəyin başına nə oyun açırlar.

- Arvadı əri saxlayar. Köhnə məsəldir bu. İndiki kişilərin çoxunu arvadları saxlayır.