adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2017 00:05
13144
LAYİHƏ
A- A+

GENİŞ İMKANLI USTAD SƏNƏTKAR

Azərbaycan Dövlət Milli Akademik Dram teatrında öz sənəti ilə tamaşaçıları heyran edən, təəccübləndirən, sevindirən ustad sənətkarlar var idi. 1952-ci ildən mənim şahid olduğum Mirzağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Ələsgər Ələkbərov kimi sənətkarlar çalışırdı. Onların hamısı öz istedadları ilə xalqın böyük hüsnü-rəğbətini qazanmışdılar. Bu ustad sənətkarların içində Ağasadıx Gəraybəyli də var idi. Onu sənət dostlarından fərqləndirən çox ümdə bir yaradıcılıq xüsusiyyəti var idi. Onun rollarının heç birisi çox vaxt bir-birinə bənzəmirdi. Həm qərb ədəbiyyatında, həm də Azərbaycan və rus əsərlərində onun iştirakı həmişə bir yenilik gətirirdi.

A.Gəraybəylinin bir rolu o birisinə bənzəmirdi. Hər bir obrazda aktyorun ustad sənətkarlığı bu və ya başqa formada özünü büruzə verirdi. O zamanki gənc aktyorlar, tamaşaçılar Ağasadığın iştirak etdiyi tamaşalara dönə-dönə baxmaqdan yorulmazdı. Çünki aktyor hər rolunda obraza uyğun yeni xarakterik xüsusiyyətlər tapırdı. Məsələn, onun S.Vurğunun əsərlərindəki yaratdığı obrazlar aydın bir şəkildə fərqlənirdi. "Fərhad və Şirin" faciəsində Ağasadıx Xosrov rolunu oynayırdı. O, Şirinə bəslədiyi məhəbbət burulğanında necə boğulduğunu məharətlə ifa edə bilirdi. Şahın vəzirinin "Dünyada səbirlə hər şey düzələr" sözləri ilə Xosrova təsəlli verəndə Gəraybəyli odda yanan bir aşiq kimi bağırırdı:



Yox daha qalmadı səbri qərarım,

Özümdə deyildir öz ixtiyarım

Bir qız da, bir qız da sevmiyir məni,

Daşlara çırpınmış ömrün yelkəni.



Tamaşaçıların hüsnü-rəğbəti Şirinə olsa da Xosrovun bu yanıqlı şikayəti onların yadından çıxmırdı.

Başqa bir səhnədə isə oğlu Şiruyənin atasını öldürən yerində taxtın qarşısına yıxılaraq yalavarıcı bir tərzdə Xosrov deyir:



Bu son sözlərimə qulaq as ancaq

O kimsə sənə də xain çixacaq

Aldanma, ey oğul, ona inanma,

Xəyanət oduna sənsə də yanma.



Bu yerdə də tamaşaçılar Xosrovun vəziyyətinə həqiqətən yanırdılar, qəmlənirdilər. Ağasadığın bu rolunu izləyəndən sonra tamaşaçıda elə bir təsəvvür yaranırdı ki, o, faciəvi bir sənətkardır.

Bu tamaşadan üç gün sonra Sabit Rəhmanın "Nişanlı qız" komediyasında Ağasadıx Mindilli rolunu oynayırdı. Tamaşaçı sevinclə, təəccüblə Ağasadığın sənətkarlığını seyr edirdilər. Aktyor necə də dəyişmişdi. O, şorgöz, yalançı, oğru, tikintidən maksimum gəlir götürməyə çalışan bir fırıldaqçı idi. Bu rolda Ağasadığın yerişi də, səsi də, başqa obrazlarla münasibəti də xeyli dəyişmiş, gülməli və maraqlı idi. Mindilli tikinti mühasibindən pul qoparmaq üçün onun qızı ilə məhəbbət oyunu oynuyur. Bu səhnədə Mirzağa Əliyev, Barat Şekinskaya kimi sənətkarlar iştirak etdiyi üçün oyunları son dərəcə bitkin, güclü komizim yaradırdı.

"Nişanlı qız"dan sonra teatrda Mirzə İbrahimovun "Həyat" pyesi tamaşaya qoyuldu. Burda A.Gəraybəyli Məşədi Hüseyin obrazını oynayırdı. O, cavan kolxoz sədri Abbasın qarşısını kəsərək kolxozdan çıxarıldığı barədə şıkayətlənir. Deyir mən səni görüb fərəhlənirəm. "Gəl əl-ələ verib bir qardaş kimi işləyək. Nəinki mənə düşmənçilik eləyib kolxozdan çıxar. Sən bilirsən ki, mən elə Nikolay vaxtından kolxoz tərəfdarıyam.

Abbas:

- (istehzalı gülərək) Nikolay vaxtından kolxoz tərəftarısan. Ha... ha... ha!

Mən indi yağlı dillərlə aldanası bir uşaq deyiləm.

Məşədi Hüseyin:

- Böyüdün, nə vaxtdan belə elmli olmusan. Heç dünənki ac günləri də, mənim qapımda qab dibi yaladığın günləri də yadına salırsan?

Abbas:

- Mən ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəlməyimlə iftixar edirəm.

Məşədi Hüseyn:

- Yaxşı iftixar elə, köpök oğlu (burda Ağasadıx iftixar sözünü firtixar kimi deyirdi).

Bu da tamaşaçılarda böyük gülüşə səbəb olurdu.

Ağasadıx Gəraybəylinin qeyd etdiyimiz kimi hər bir rolu yaradıcılıq baxımından bir kəşf idi. 1946-cı ildə Azərbaycan Dram teatrına dəvət olunmuş rejissor Mehdi Məmmədov Şekspirin "On ikinci gecə" komediyasını hazırladı. Tamaşada gülüş yaradan bir dördlük var idi. A.Gəraybəyli, M.Vəlixanlı, M.Mərdanov və İ.Osmanlı. Bu sənətkarların iştirak etdiyi səhnələrdə salonu həmişə gülüş bürüyürdü. Hamısının replikasında yenilik, deyiliş baxımından maraqlı sözlər var idi. Xüsusilə A.Gəraybəyli - Ser Tobi, M.Vəlixanlı-Ser Endrü iştirak etdiyi səhnələr gülüşsüz və alqışsız keçinmirdi. Onlar daima eşik ağası Molvolionu ələ salırdılar. Onu doluyurdular. Səhnələrin birində Molvolio öz xanımına Qrafinyaya vurulduğu, onun eşqi ilə dəlicəsinə bağda gəzdiyi göstərilir. Sertobi-Ağasadıx öz bacısı qızı adından bir sevgi məktubu yazıb, Molvolionun gəzdiyi cığıra atır. Molvolio məktubu görür, açıb oxuyur və sevincindən dəli olur. Təlxək-i.Osmanlı, Sen Endrü-M.Vəlixanlı onu tutub tövləyə salırlar, təlxəyi də ona gözətçi qoyurlar. Molvolioya yalvarır, təlxəkdən xahiş edir ki, onu azad etsin. Təlxək də Ser Tobinin məsləhəti ilə Molvolioya bir neçə sual verir. Məsələn:

- Pifaqor quşlar haqqında nə demişdi?

Molvolio:

- Pifoqor demişdi ki, quşlar ən rəzil heyvanlardı.

- Təlxək, Pifoqorun bu fikri ilə sən razısanmı?

Molvolio:

- Hə, razıyam.

Təlxək:

- Hə, onda qal orda.

Bu səhnəni və başqa səhnələri, xüsusilə Ser Endrü, Ser Tobi, Molvolio, Meri iştirak edən zirzəmi səhnəsində aktyorlar öz ifaları ilə elə yüksək, inandırıcı gülüş vəziyyətləri yaradırdılar ki, heç unutmaq mümkün deyildi.

Ağasadığın sənət dostları onun 20-ci və 30-cu illərdə oynadığı obrazlar haqqında həmişə fərəhlə danışırdılar.

Qoqolun "Müfəttiş" komediyasında həm 20-ci, həm də 50-ci illərdə A.Tuqanov sonra isə M.Məmmədov tərəfindən hazırlanmış tamaşalarda Gəraybəyli şəhər rəisi rolunu oynayırdı. Xlestakov rolunun ifaçısı F.Fətullayev ilə şəhər rəisinin ilk görüşü xüsusilə M.Məmmədovun quruluşunda çox maraqlı alınırdı. Yaşlı aktyorlardan biri mənə dedi ki, A.Tuqanovun quruluşunda Xlestakov şəhəri gəzib şəhər rəisinin evinə kefli gələndə özünü o qədər tərifləyirdi ki, axırda başı fırlanıb yıxılanda şəhər rəisi-A.Gəraybəyli onu göydə tutub qucağında qonşu otağa gətirib, qızının yataq çarpayısına uzadırdı. Deyilənə görə bu tapıntı Gəraybəylinin təşəbbüsü ilə öz əksini tapmışdır.

Belə gülməli vəziyyətləri Gəraybəyli bir çox tamaşalarda nümayiş etdirirdi. Aktyorun S.Rüstəmin "Qaçaq Nəbi" dramında yaratdığı Qubernator obrazı cəmi bir pərdədə olmağına baxmayaraq həm hərəkətləri, həm də danışığı gülüş doğururdu, heç vaxt yaddan çıxmırdı. Bəyin evində qonaqlıq zamanı Təhmas bəy Qubernatora şikayət edir ki, Nəbi torpaq vəd eləyir kəndlilərə. Görəydiniz Qubernator bu sözdən sonra özündən necə çıxıb bağırırdı və deyirdi:



Təhmas bəy, ağalar sizindir torpaq.

Sizindir, həmişə sizin olacaq.

Nədən qorxursunuz bilmirəm nədən

Dağ tək arxanızda durmuşam ki,mən.



Ağasadıx sağ əlinin yumruğunu bərkidib sol əlinin ovucuna vura-vura sanki rəqs edirdi. Sözləri deyə-deyə atılırdı, düşürdü və nitqini bitirməmiş dolu bakalı başına çəkirdi. Bu öyünməkdən sonra Nəbinin dəstəsi gələndə Qubernator qorxusundan stolun altında gizlənirdi.

1940-cı illərdə A.Gəraybəyli bir-birinin ardınca Stalin və Kobo rolunu ifa etmişdi. Şübhəsiz dövrün tələblərinə cavab verən bu yaradıcılıq işləri də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

1986-cı ildə Dram tetrında İ.Əfəndiyevin "Xurşudbanu Natavan" pyesi M.Fərzəlibəyov tərəfindən tamaşaya qoyulmuşdur. O zamanlar görkəmli teatr tənqidçisi Nina Velixova Bakıya gəlmişdi. Həmən axşam "Xurşudbanu Natavan" tamaşası oynanılırdı. Mən tamaşaya Velixova ilə birlikdə baxırdım. Tamaşanın kiçik bir səhnəsində A.Gəraybəyli Knyaz xasayın əmisi Qoca Knyaz rolunda səhnəyə çıxdı. O,Xasayın Natavanla evlənməsindən oz narazılığını bildirdi və Xasaydan Dağıstana qayıtmasını tələb etdi. Yaşı 90-na yaxınlaşmağına baxmayaraq A.Gəraybəyli Knyaz rolunda alov kimi püskürdü. Qoca Knyazda bir qürur, bir cəsarət, bir qətiyyət var idi. Ağasadıx Qoca Knyazı elə ifa etdi ki, başqa obrazların çoxusu ikinci plana keçdi. N.Velixova böyük heyranlıqla Ağasadığın sənətkarlığından danışdı. Bu tamaşada iştirak edən qocalı, cavanlı bütün aktyorların heç birisi Ağasadıx kimi obrazı belə dərindən duya bilmirdi. Tamaşadan sonra mən Velixovanı otelə qədər ötürdüm və yol boyu söhbət yalnız Ağasadığın böyük sənətkarlıqla oynadığı qoca Knyaz rolundan getdi.

120 yaşlı Ağasadıx Gəraybəyli həqiqətən geniş imkanlı ustad sənətkar idi.



AĞAKİŞİ KAZIMOV,
xalq artisti, professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ