adalet.az header logo
  • Bakı 17°C
28 Mart 2017 18:57
5158
MƏMLƏKƏT
A- A+

Prezident Saatlıda açılışlar edib - Fotolar - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.


"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kilovoltluq "Sarıcalı” yarımstansiyası istismar müddətini başa vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik təchizatını təmin etmirdi. Rayonun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənməsi, habelə 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi məqsədilə 110 kilovoltluq "1-ci İmişli” hava xəttindən qidalanan açıq paylayıcı quruluşlu 110/35/6 kilovoltluq "Sarıcalar” yarımstansiyasının yerində iki mənbədən "1-ci və 2-ci İmişli” hava xətlərindən qidalanan qapalı paylayıcı quruluşlu yeni yarımstansiya inşa edilib.


Prezident İlham Əliyev yarımstansiya ilə tanış oldu. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri layihələri əks etdirən fotostendlər yaradılıb.


Dispetçer otağında dövlətimizin başçısına məlumat verildi ki, yarımstansiya müasir standartlara uyğun elektron quruluşlu rele mühafizəsi və avtomatika sistemləri, eleqaz və vakuum quruluşlu avadanlıqla təchiz edilib, məsafədən idarəolunan SCADA dispetçer sisteminə qoşulub. Köhnə yarımstansiya 8 kəndi və 3637 abonenti elektrik enerjisi ilə təchiz etdiyi halda, yeni yarımstansiya 15 kəndi, 7222 abonenti, xüsusilə Saatlı rayonunda mövcud olan pambıq zavodunu, daş karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələri üzrə inşa olunacaq obyektləri etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kilovoltluq paylayıcı şəbəkələrini əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununla da "Cənub” Elektrik Stansiyasından 330/110 kilovoltluq "İmişli” və iki 220 kilovoltluq "Salyan” və "Masallı” yarımstansiyalarından qidalanan 110 kilovoltluq 11 yarımstansiyanın əlaqələndirilməsini təmin edəcək. Saatlı rayonunda yaradılacaq Aqroparkın elektrik enerjisi ilə təminatı yeni dairəvi sxemlə mümkün olacaq.


Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir. Ümumilikdə Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində iki 110/35/10 kilovoltluq, səkkiz 35/10 kilovoltluq, üç 35/6 kilovoltluq, 633 ədəd 10/6/0,4 kilovoltluq transfarmator məntəqəsi mövcuddur. Qısa müddətdə rayonda 32 müasir tipli Komplekt Transformator Məntəqəsi şəbəkəyə qoşulub. Hava xəttində 5215 istismara yararsız ağac dirək dəmir-beton dirəklə əvəz edilib, istismara yararsız naqillər və kabellər dəyişdirilib, Saatlı Elektrik Şəbəkəsinin qoyuluş gücü 85 MVA qədər artırılıb. Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması ilə əlaqədar 35/10 kilovoltluq "Saatlı”, 35/6 kilovoltluq "Muğan” yarımstansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir. Bu işlər 18 kənddə davam etdirilir. Eyni zamanda, "Azərişıq” ASC Saatlı rayonunda vətəndaşların elektrik enerjisinin istehlakına dair müraciətlərinə baxılması üçün Səyyar "ASAN kommunal” vasitəsilə və regional strukturlar tərəfindən elektron xidmətlər göstərilir.

Dövlətimizin başçısına "Azərişıq”ın fəaliyyəti dövründə Aran regionunda görülən işlər barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, qısa müddətdə 35 kilovoltluq 45 yarımstansiyada təmir-bərpa işləri görülüb. Aran regionunda 250-dən artıq yeni tip Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Region üzrə 120 mindən artıq yeni elektron və smart tipli sayğac quraşdırılıb, İmişli, Sabirabad və Saatlı elektrik şəbəkələri üçün yeni ofis binaları tikilib. Bununla yanaşı, region üzrə hər bir rayon şəbəkəsində yeni yarımstansiyalar inşa olunub. Bunlar Saatlıda tikilən 110 kilovoltluq "Sarıcalar”, İmişlidə 35 kilovoltluq "Məzrəli”, Sabirabadda "Qaratoğay”, Beyləqanda "Xalac”, Ağcabədidə "Qiyaməddinli”, Ağdamda ”Qaradağlı”, Zərdabda isə ”Məlikli” yarımstansiyalarıdır. Prezident İlham Əliyev 110 kilovoltluq "Sarıcalı” yarımstansiyası ilə yanaşı, 35 kilovoltluq altı yarımstansiyanı da işə saldı. Dövlətimizin başçısı müasir avadanlıqların quraşdırıldığı 35 və 10 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxdı. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb.


Prezident İlham Əliyevə yarımstansiyanın həyətindəki 110 kilovoltluq Açıq Paylayıcı Qurğu haqqında da ətraflı məlumat verildi. Ən on texnologiyalara əsaslana bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir. Sonda xatirə şəkli çəkdirildi.

Eyni zamanda Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu yol ölkəmizdə 2017-ci ildə həyata keçiriləcək 40 yol layihəsinin birincisidir. "Azəravtoyol” ASC-nin yenidən qurduğu Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 kilometrdir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya yolun 6 metr endə hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir.


Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib, yola 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Ümumilikdə, burada 175 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 suötürücü boru tikilib. Bundan başqa avtomobil yolunun 7,31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir. Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 yol nişanı və məlumatverici lövhə, 786 yol təhlükəsizlik dirəkləri quraşdırılıb, uzunluğu 98 kilometrdən artıq olan nişanlama xətləri çəkilib.


Bütün işlər tərtib olunmuş qrafikə uyğun, vaxtında və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda texnika və qüvvə cəlb olunub. Yeni avtomobil yolunun istifadəyə verilməsi nəticəsində vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan çətinlik tamamilə aradan qalxıb. Bu yol 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq. Bundan başqa, yolun istifadəyə verilməsi sayəsində fermerlər yetişdirdikləri məhsulları rahat və daha tez mənzil başına çatdıra biləcəklər. Bu, layihənin iqtisadi səmərəsini daha da artırır.


Ümumilikdə, kəndləri və qəsəbələri birləşdirən yolların dövlətimizin başçısının tapşırığına əsasən son illərdə müasir səviyyədə yenidən qurulması istiqamətində reallaşdırılan layihələr ardıcıl xarakter alıb. Bu layihələrin coğrafiyası getdikcə daha da genişlənərək, ölkəmizin bütün kənd və qəsəbələrini əhatə edir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.


Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı körpələr evi - uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Saatlı rayonunda 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1368 uşaq tərbiyə alır. Rayonun tələbatını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik olmaqla 2 yeni məktəbəqədər təhsil müəssisəsi üçün binalar inşa edilib.


Şəhərin Heydər Əliyev prospektində yerləşən bu körpələr evi - uşaq bağçası onlardan biridir. Burada inşaat işləri 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Binada 4 qrup və 4 yataq otağı var. Bu otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili üçün də hərtərəfli şərait mövcuddur.


Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi - uşaq bağçasında metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib. Burada, ümumilikdə, 27 nəfər işlə təmin ediləcək. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Saatlı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində icra olunan bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, layihə çərçivəsində Saatlı rayonunun 7 kəndində 17 min nəfərin su təchizatı yaxşılaşdırılacaq. "Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə 137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, 5 mindən artıq ünvana birləşmə verilib və sayğaclaşma işləri aparılıb. Bununla da yeni mənbədən bütün şəhərə içməli suyun verilməsi təmin edilib.

Qeyd edək ki, Saatlı şəhərində ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. Şəhərə içməli su Araz çayından və Sabir adına kanaldan götürülüb çökdürülərək verilirdi. Yeni layihəyə qədər "Azərsu” Açıq Səhmdar Cəmiyyəti şəhərin 19 min sakinindən 33 faizinə xidmət göstərirdi. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün 2-3 saatlıq qrafik əsasında su verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Saatlı şəhəri və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilib. Bu məqsədlə 2014-cü ildə 62 kilometr uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilərək istismara verilib. Magistral su kəmərinin 12 kilometrlik hissəsi metal, qalan hissəsi isə polietilen borulardan tikilib. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektoru ilə kəsişir. Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün tikilmiş Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndində 100 min, Saatlı şəhəri və rayonun 12 kəndində 47 min, Hacıqabul rayonunun 4 kəndində isə 10 min nəfərin içməli suya olan tələbatını ödəyəcək. Daha sonra İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.