adalet.az header logo
  • Bakı 18°C
28 Mart 2017 09:41
2766
GÜNDƏM
A- A+

Möhürlə yazılıb xalqın qəlbinə, Silinməz tarixdən adı Heydərin

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.


Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu, altıya çatıb,
Oğlu-qızı-öz övladı Heydərin.

Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.


YARAŞIR

Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.



İlanlı səhralar verir ağ üzüm,
Mədənlər axıdır ləl düzüm-düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.


Şəmşirəm, bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa, yaraşır.

TORPAĞIN DADI

Ömrün uzun olsun, igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.

Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.


DAĞLARA


Heç baxmırsan Çiçəklidən bəri sən,
Gəl bax çəməngahlı bizim dağlara.
Dürlü sədəf kəsim zərli şeirdən,
Rəssam olum qoy mən düzüm dağlara.


Məndə məharətə, zəfərə bir bax,
Binadan gərəkdi mayaq, təmtəraq,
Sürü otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.


Sansız, saysız təcnis, təxnis varımdı,
Bu yollar əzəldən xubgüzarımdı,
Bir neçə kitabda yadigarımdı,
Şeirdən düşübdü izim dağlara.


Füsunkardı bu bəndeyi-kəminə,
Şükür yaradanın öz kərəminə.
Pərvanə olmuşam aran zəminə,
Uşaqkən öyrənib üzüm dağlara,


Daşqın çaylar kimi axsam da əgər,
Savalan seyrinə çıxsam da əgər,
Məğribdən məşriqə baxsam da əgər,
Həsrət qalır yenə gözüm dağlara.


Dağlara aşiqəm, həm pasibanam,
Xınalı dağlarda qalır nişanam.
Atam Dəlidağdı, İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.


Ağır elli, buz bulaqlı yaylaqlar,
Şəmşir öpüb zirvənizi qucaqlar,
O qədər yazmışam, dolub varaqlar,
Əfsundu söhbətim, sözüm dağlara.

BİLDİ

Yadında saxla ki, köçdüyü yurdun,
Qədrini çoxları düşəndə bildi.
Koxaların zəmisində sünbülü,
Baş-ayaq yığanlar kövşəndə bildi.


Küsmə, gileylənmə ana Vətəndən,
Torpaq qarğış elər, inciyər səndən.
Soruş, öyrən, eşidəndən, biləndən
Hər kəs dərdi burnu şişəndə bildi.


Suyu şərbət, süddən ağ bulaqları,
Şəlaləli axan bağ bulaqları.
Yadına düşəndə dağ bulaqları
Aranda dodağı bişəndə bildi,


Özündən mitildi müstər qadını,
Şəmşir necə çəksin onun adını.
Yandırdığı palıd, vələs odunu,
Qaratikan kolu eşəndə bildi.

GƏL

Əsgər oğlan, məktubunu oxudum,
Əsgərliyin sən borcunu bitir gəl
Təlim öyrən, bu yerlərə şad qayıt,
Qulluğunu başa çatdır, yetir gəl.


Həvəslə dur keşiyində Vətənin,
Zatı poladdandı Vətən güdənin.
Xatirin, hörmətin, tərifin sənin,
Qoy ucalsın, bu baratı götür gəl.


Fəhmi, fərasəti bilən, bacaran,
Tərbiyə düşünər söz qanan insan.
Cəsur tərpən, məharətlə ad qazan,
O təlimi özün ilə gətir gəl.


Dərs al komandirdən kamil, mötəbər,
Mətləbə çatarsan unutmasan gər.
Əməlin olacaq bir müşki-ənbər.
Qoxlanacaq nəfəsindən ətir gəl.


Sorursan halmı gözəldi bizim,
Ümidvar gözləyir yolunu gözüm.
Mənim igid oğlum, canım, əzizim,
Şəmşir baban muradına çatır, gəl.

BƏNÖVŞƏ

Bahar çatıb bəzəyirmi dağları,
Açılırmı sizin yerdə bənövşə.
Qımışırmı dodaqları nərgizin,
Təzə-tərmi güneylərdə bənövşə.


Aşıq Qurbanidən qalıb nişanə,
Torpaqdı bizə də, ona da ana.
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbimi dərdə bənövşə.

Nədəndi lalanın bağrında qara,
Bu lətif çiçəyə kim vurub yara.
Qızılgül qəlbini yedirir xara,
Heyif ki, tez solur bir də bənövşə.


Ona can yetişir yaz nəfəsindən,
Oyanır yuxudan bülbül səsindən.
Cənnət çələnginin düşüb dəsindən
Tutmasın üzünə pərdə bənövşə.


Yarpağın zərifdi yaraşığın var,

Çəmənə, çiçəyə sarmaşığın var.

Qoca Şəmşir kimi bir aşığın var,

Söylər sözün düşən yerdə bənövşə.


AŞİQƏM


Məhəbbətə, sədaqətə, ilqara,

Bir çörəyə, bir də duza aşiqəm.

Bir qoca yarım var, min qıza dəyər,

Nə gəlinə, nə də qıza aşiqəm.


Mərdə lazım olsa keçərəm candan,

Tərbiyə almışam arif insandan.

Zəhləm gedir hiylə, fitnə, yalandan,

Açıq qəlbə, doğru sözə aşiqəm.


Can de eləsinə o qədir bilə,

Ürəyindən kini, kədəri silə.

Hər an kömək dura obaya, elə,

Məhəbbətlə baxan gözə aşiqəm.


Halal zəhmət aldım sənət bazarı,

Yol aldım haqq olan düz yola sarı.

Nəyimə lazımdı dünyanın varı,

Əyridən qaçqınam, düzə aşiqəm.


Mərddə səxa gördüm, igiddə hünər,

Mərdlər ölkəsini firavan istər.

Mərifət düşünər sahibi-dəftər,

Alimlər, ariflər, sizə aşiqəm.


Yan qaçıram naxələfdən, xatadan,

Baratımı pak almışam butadan.

Sənətimi öyrənmişəm atadan,

Şeirdən saldığı izə aşiqəm.


Şəmşiri yetirib tale bu yaşa,

Könül həmdəmimlə gəzirəm qoşa,

Hansı bir dil el nəzəri danışa,

Əhli-dilə, nurlu üzə aşiqəm.


DƏYƏR


Tənəli çörəyin, minnətli donun,

Qiyməti çürümüş qəzilə dəyər.

Birdən yerə, əlif qəddi adamın,

Dərd çəkib bürəyi nəzilə, dəyər.


İnsan demə bikamala, bihuşa,

O yoldaşdı viranədə bayquşa.

Nanəcibi alan olmaz quruşa,

Adam var bir ətək qızıla dəyər.


Duyar bu məzmunu arif, əhli-dil

Mərifəti, məhəbbəti yaxşı bil.

Şəmşirə hicrandı biləzzət yüz il,

Dərd çəkib ürəyi nəzilə, dəyər.

GÖZLƏRİN


Gör necə oxşardı yuxusuzlara,

Sənin bu süzülüb yaxan gözlərin.

Gah bihuş eyləsin az qaldı məni,

İldırım sürətli çaxan gözlərin.


Gələn çoxdu bu vəsfinin səsinə,

Gözəllərlə nə edirsən bəsi, nə?

Yüz aşiq öldürür bir gülləsinə,

Hərdən xumarlanıb baxan gözlərin.


Qatıbsan ləbinə şəkəri, qəndi,

Kimlər öyrətmişdi sənə bu fəndi.

Dağıtdı, taladı obanı, kəndi,

Dağıdıb evini yıxan gözlərin.


Vurub yerə sərdin gəldiyim yerdə,

Şəmşiri ağlatdın güldüyüm yerdə,

Sinəmə ox vurdun öldüyüm yerdə,

Məni nökər etdi o xan gözlərin.


ŞAİRİN



(Səməd Vurğuna)


Yenə nəğmə kitabını oxudum,

Heyran oldum hər işinə şairin.

Tərlan kimi qanad çalır havada.

Çatan varmı yerişinə şairin.


Sənə halal olsun bu qabil sənət,

Bu ağıl, bu kamal fəhmi-fərasət,

Arif də, alim də verəcək qiymət,

Yerişinə-duruşuna şairin.


Gəlişinə bizim ellər sevindi,

Yoluna şam tutan əllər sevindi,

Çəmənlər bəzənib güllər sevindi,

Şəmşir ilə görüşünə şairin.



GETDİMİ, GETDİ





Bir kəsə qalmadı dünyanın varı,

Hanı xan, xaqanlar getdimi, getdi?!

Atanlar, tutanlar, mənəm deyənlər,

Vuranlar, yıxanlar getdimi, getdi?



Qızıldan, gümüşdən anbar yığanlar,

Onlardan nişanə bir tikəmi var?!

Qoyub sapandına atdı ruzigar,

Xəzinə yığanlar getdimi, getdi?!



Özgələr malından maya tutanlar,

Halal mayasına haram qatanlar,

Yaxşı dostu mala-pula satanlar,

Alçaqlar, nadanlar, getdimi, getdi?!



Var idi şairlər, saysız ozanlar,

Ömrünün bağında əsdi xəzanlar,

Milyon ağırlıqda kitab yazanlar,

Aqillər, ürfanlar getdimi, getdi?!



Əzəl gündən aşiq oldum elə mən

Bülbül kimi süsənə mən, gülə mən,

Şəmşirəm, elmlə varam hələ mən,

O şərlər, şeytanlar getdimi, getdi?!