Aqil ABBAS: “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!

AQİL ABBAS
73755 | 2017-03-28 13:38

Hamı futbol professorudu. Bu fikri ilk dəfə Füzuli Cavadovdan eşitmişəm. Bir dəfə də hansısa yazımda qeyd eləmişəm. Təkrar etmək pis olmaz.

Vaqif Cavadovun ən formada olduğu vaxtlardı. Stadionda futbola baxırıq, Vaqif də demək olar ki, oyunu çiynində daşıyır. Təbii ki, səhvləri də var, amma canını qoyur. Şərəf tribunasında oturmuşuq, Füzuli Cavadovla da yan-yana. Hamı da Vaqifdə səhv axtarır: gərək bunu belə eləyəydi, topu belə ataydı, sağ tərəfə keçəydi və sair və ilaxır. Axırda Füzuli Cavadov dözmədi, qalxdı ayağa dedi:

- Burda hamı futbol professoruymuş ki?!

Boynunu da qucaqladım, xeyiri olmadı və çıxıb getdi.

Ayın 26-da gözəl bir futbol izlədik. Dünyanın dördqat çempionu Almaniya ilə oynayırdı bizimkilər. Canlarını qoydular, oynadılar gücləri çatdığı qədər. Hətta doqquz aydı qapısında qol görməyən almanların qapısına da yol tapdılar. Və uduzduq. Və oynayıb uduzduq. Uşaqlar gözəl oyun göstərdilər.

Televizorda baxırdım. İlk dəfə stadionda olmadığıma heyifsləndim.

Sonra sosial şəbəkələri izlədim. Millət deyilik ey, kefik başdan-ayağa. Beş-altı nəfəri çıxmaq şərtilə hamı lağa qoyur, tənqid edir, təhqir edir, məzələnir. Futbolu bilən də, bilməyən də hərə bir loğaz qoşur. Guya özləri öz işlərinin peşəkarıdı, dahisidi. Milli komandaya bu münasibət məni çox ağrıtdı. Udana nənəm də azarkeşlik edər, əsas odur ki, uduzanda komandana sahib çıxasan, arxa durasan, onu ruhdan düşməyə qoymayasan.

"Qarabağ” uduzanda təbii ki, bərk dilxor oluram, amma bir təsəllim olur. Təsəllim odur ki, məşqçi də, futbolçular da bu məğlubiyyətdən nəticə çıxaracaqlar, nöqsanlarını biləcəklər, səhvlərini öyrənəcəklər, növbəti oyuna daha yaxşı hazırlaşacaqlar.

Gələk almanlarla bizimkilərə.

Əvvəla, siz bilirmisiniz ki, Almaniyada neçə peşəkar futbol komandası var, əsas Bundesliqadan başqa ikinci, üçüncü, divizionları var. Hələ peşəkarlığa doğru addım atan həvəskar klubları demirəm, bəlkə 200-dən artıqdı. Və ölkə içində minlərlə peşəkar futbolçusu var, hələ ölkə xaricində demirəm. Bu rəqəmləri daha dəqiq Aydın Bağırov bilər.

Bəs, sənin neçə futbol klubun var? Səkkizi yüksək liqada, on dördü birinci liqada. Neçə elədi, 22? Hərəsində də olsun 25 futbolçu. Xarici klublarda neçə oyunçun var? 4, 5, 6? Hələ şükür eləməliyik ki, yox yerdən belə bir milli komanda formalaşdıra bilmişik.

Almanların milli komandasındakı oyunçuların qiyməti bilirsiniz nə qədərdi? Təxminən 380-400 milyon avro arası. Bəs bizimkilərin? Adı dilimə yatmayan baş məşqçi də daxil olmaqla olsa 4-5 milyon avro, qudursun olsun 6 milyon.

Bir dəfə Türkiyədə «Rizəspor»mu, «Ərzurumspor»mu, yəni əyalət komandası öz meydanında «Fənərbaxça»ya böyük hesabla uduzmuşdu. Oyundan sonra mətbuat konfransında jurnalistlər tökülmüşdü baş məşqçinin üstünə: bu nə komandadı, bu nə oyundu?

Baş məşqçi istehza ilə gülərək dedi:

- Futbol da bir savaşdı. Rəqib bizim üstümüzə tanklarla, füzələrlə, efonaltılarla gəlir, bizimsə əlimizdə olan silah dörd-beş kalaşnikovdu, bir snayper, qalanları da quş tüfəngləri. Və istəyirsiz ki, biz bu döyüşdə qalib gələk?

Yeri gəlmişkən, Rəşad Sadıqovun da bir fikrini təkrar etməyə ehtiyac duydum. Avropanın ulduzlar oynayan bir komandasına Bakıda məğlub olduq. Hamı düşmüşdü Rəşad Sadıqovun üstünə ki, adı yadımdan çıxıb, deyək ki, olsun Ronaldo, niyə qabağını kəsə bilmirdiz, niyə qoyduz top vursun.
Rəşad gülüb dedi:

- Onun qabağını kəsə bilsəm gedib "Barselona”da oynayaram da.

Yəni hər kəsin bir gücü var. Bir müqayisə edin, sonra töhmətləndirin, tənqid edin, amma daha təhqir etməyin, lağa qoymayın, məzələnməyin. Bunlar hamısı bizim balalarımızdı.

Milli komandamız gözəl oynadı. Kalaşnikovlarla tankların qabağına çıxdılar, amma qaçmadılar, hələ o tankların birinə özlərini atıb partlatdılar da. Çox ləzzətli bir oyunuydu, çox gözəl bir oyunuydu. Xüsusilə də ikinci hissə.

Vaxtilə klublarımız da Avropadan bir "setka” topla qayıdırdılar, elə öz meydanlarımızda da qapı torları…

Amma indi həm "Qarabağ”ımız, həm "Qəbələ”miz Avropa kuboklarında uğurlu çıxış edirlər. Beş oyundan 7 xalımız var. Əgər növbəti oyunlarda da komandamız toparlanıb almanlarla oyundakı ikinci hissədəki kimi güclərini ortaya qoysalar, növbəti beş oyundan da normal xal toplayacaqlarına inanıram.

Oyundan ləzzət aldım. Futbolçularımızı təbrik edirəm, adı dilimə yatmayan məşqçini də təbrik edirəm. Bu futboldu – udmağı da var, uduzmağı da. Biri var oynayıb uduzasan, biri var çıxıb meydanda ləbbeyk döyəsən. Oynadıq uduzduq. Və kimə uduzduq?..

… Bir dəfə «Spartak» stadionunda «Neftçi» ilə "Dinamo” Kiyevin əvəzedici heyətləri oynayırdı. Artıq birinci hissədə qapımıza dörd top vurmuşdular. Azarkeşlər bizim oyunçuları adlarıyla küçə söyüşləri ilə təhqir edirdilər, futbolçularımızı lap sındırırdılar. O vaxt Tofiq Abbasov gəlib durdu tamaşaçıların önündə, əsəbi halda çığırdı:

- Ə, görün biz kimlə oynayırıq ey, SSRİ-nin yığmasıyla. Ayıb olsun hamınıza. Lap sizin də, sizin…

Həmin gün "Dinamo”nun əvəzedici heyətində SSRİ yığmasının 6-7 futbolçusu oynayırdı: Rats, Yeremçuk, Demyanenko, Zavarov, Belanov…

… Oynadıq, uduzduq. Və kimə uduzduq? Aşqabadın "Kolxozçu” komandasınauduzmamışıq ey!Braziliyada braziliyalıların qapısına yeddi top vuranalmanlara uduzmuşuq.

Sevin komandamızı, arxa durunkomandamıza. Bu bizim komandadır!

Stadiondakı arazkeşlərə də eşq olsun. Həm bir nəfər kimi himnimizi oxuduqlarına görə, həm də sonadək komandamızı dəstəklədiklərinə görə!


TƏQVİM / ARXİV