adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Mart 2017 14:05
19910
İQTİSADİYYAT
A- A+

SOCAR Ukraynaya aviasiya yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi ("SOCAR Ukraine”) və yerli "EFG Trading” ("Euro Fuel Group Trading”) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

Adalet.az Report-a istinadən xəbər verir ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi "SOCAR Ukraine”dan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 min ton (Lot-2) yanacaq alacaq.

"EFG Trading” isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 min ton yanacağı nazirlik üçün tədarük edəcək. "SOCAR Ukraine”dən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, "EFG Trading”dən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə "SOCAR Ukraine” və "EFG Trading” ilə yanaşı Ukraynanın "Voenservis-Volonter” şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunu bazar qiymətindən 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.