adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Mart 2017 11:02
5019
MƏMLƏKƏT
A- A+

Martda qar yağmasınının ziyanı var?

Novruz bayramı ilə əlaqədar 9 gün tətil günü elan olunub. Bu baxımdan da insanlar həm Novruz bayramını, həm də istirahətlərini daha səmərəli keçirmək üçün bölgələrə üz tutublar. Maraqlıdır ki, ilin-günün bu vaxtı bəzi rayonlara qar yağıb. İnsanlar tam yaz havasına kökləndiyi vaxt, əsl qarlı-şaxtalı hava sürprizi ilə qarşılaşıblar.

Bəs mart ayında, xüsusən təbiətin oyandığı vaxt qarın yağması sonrakı məhsuldarlığa necə təsir göstərəcək? Nəzərə alaq ki, artıq bir çox ağaclar çiçək açıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoruGülmalı Süleymanov Modern.az-a açıqlamasında deyib ki, mart ayında qarın və yağışın yağması normaldır.

"Torpaq oyanana, xüsusilə, əkin işlərinə başlanılana qədər bu cür hava şəraiti normaldır. Torpaqda şumlama işləri aparılan zaman torpağın üzərinə çıxan ziyanverici həşəratlarlar məhv olacaq. Ona görə də torpaqda əkin işlərinə başlanmamışa qədər qar yağarsa, bunun ancaq faydası ola bilər.

Burda bir məqam var. Əgər fevral ayında havalar çox mülayim və isti keçərsə, o zaman mart ayında qarın yağması ciddi fəsadlara yol açar. Bir neçə il bundan qabaq fevral ayı havalar isti keçdiyindən martda yağan qar və şaxtalı hava bitkilərə ciddi təsir göstərib. O səbəbdən ki, ağacların çiçək açdığı vaxt yağan qar, məhsuldarlığa ziyan vurub. Bu bayram günlərində yağan qarın fəsadı olmayacaq. Çünki hələ ağaclar tam oyanmayıb”.