adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2017 11:09
7445
ELM VƏ TƏHSİL
A- A+

Hökməlidə yeddi çərşənbə

Abşeron rayonun ərazi inzibati vahidi olan Hökməli Bakının tarixi qədim olan kəndlərindəndir. Kəndin qədim tarixə malik olması kənd əhlinin həyat tərzində və özünəməxsus adət-ənənələrində büruzə verir. Xalqımızın qədim adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə qarşı mühafizəkarlığı ilə seçilən Hökməli sakinləri tərəfindən xalqımızın bir çox unudulmaqda olan adət-ənənələri, milli oyunları və mərasimləri keçmişdən bu günə, nəsildən-nəsilə ötürülməklə davam etməkdədir.

Hökməli kəndində qədimdən bəri qorunaraq gəlmiş mərasimlər sırasında Novruzdan əvvəl dörd deyil yeddi çərşənbənin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə Novruzdan əvvəl həyatın var oluşunu ifadə edən dörd ünsürün əsasında su, od, torpaq və külək çərşənbələrinin keçirilməsi məlumdur.

Hökməli kəndində Novruzdan əvvəl yeddi çərşənbənin tarixi və səbəbləri haqqında dəqiq məlumat olmasa da kənd əhalisi arasında qədim tarixə malik olması hər kəs tərəfindən birmənalı olaraq qəbul edilir. Yeddi çərşənbənin nəyi ifadə etməsini anlamaq və dərin mifoloji qatlarını açmaq üçün nəsildən-nəsilə ötürülərək gəlmiş rəvayətlərə, xalqımızın dini-mifik dünyagörüşünə və yeddi rəqəminin mistik mənalarına müraciət etmək lazımdır. Təbii ki, yeddi çərşənbə təkcə Hökməli kəndinə aid mərasim deyil. Hələ qədimdən ölkəmizin bir çox yerində Növruzdan öncə yeddi çərşənbənin keçirilməsi haqqında məlumatlar var. Bu fakt yeddi çərşənbənin qədim tarixə malik mərasim olmasının nümunəsidir.

Xalq arasında yeddi çərşənbə haqqında müxtəlif deyimlər var. Məsələn deyilənə görə yeddi çərşənbənin 3-ü oğru, 3-ü doğru, 1-i yalançı çərşənbədir.Yenə bir başqa deyimə görə yeddi çərşənbənin 3-ü oğru, 3-ü doğru, sonuncu ilaxır çərşənbədir. Bir başqa el deyimində yeddi çərşənbədən 3-ü oğru, 4-ü doğru çərşənbədir. Xalq inancına əsasən oğru çərşənbələrdə yazın nəfəsi oğru kimi gizlincə yer üzünə get-gəl etsə də təbiəti oyatmağa gücü yetməz. Doğru çərşənbələrdə isə yazın nəfəsi birbaşa hərəkətə keçər və hər çərşənbədə dörd ünsürdən birinə toxunmaqla ana təbiəti oyadar.

Novruz bayaramı haqqında tədqiqatlar aparmış Elçin Muxtar Elxan "Yeddi çərşənbə, yeddi bayram” kitabında yazır: Ulu babalarımızın əqidəsincə qış fəslinin sərt çovğunlu günlərindən biri, müasir yanvarın 30–da Böyük Çillənin Kiçik Çillə ilə əvəzləndiyi xariqüladə axşamdan başlayaraq Novruza qədərki 50 gün yəni həftə ərzində hər çərşənbə axşamı asiman açılır və onun ən uca qatından ayrılan ilıq bir nəfəs yer üzünə süzülməyə başlayır [2].

Novruz bayramının mərasimləri və adətləri söyləməyə əsas verir ki, Novruzun tarixi kökləri islamdan çox-çox əvvələ, hətta Zərdüştlikdən daha uzaq tarixə qədər uzanır. Novruz bayramı hər nə qədər milli xarakterli və təbiətin oyanmasıyla əlaqədar olsa da zaman-zaman hakim dinlərin təsirlərinə və əlavələrinə məruz qalmışdır. Bu səbəbdən yeddi çərşənbə haqqında aydın təsəvvürün yaranması üçün milli motivərlə yanaşı dini motivlərlərə də müraciət etməyə ehtiyac vardır.

Zərdüştlükdə hesab edilir ki, səmadakı yeddi ölməz xeyirxah ruh Novruzdan əvvəl yer üzünə enərək şər ilə mübarizə aparır və qalib gəlir. Bəzi müəlliflərin fikrincə Novruzdan əvvəl keçirilən yeddi çərşənbə məhz Zərdüştlükdəki yeddi xeyirxah ruhun şərlə mübarizəsinə işarədir. Yenə Zərdüştlikdə Ameşa-Spenta, yəni 6 bələdçi ruh anlayışı vardı. Zərdüşt kahinlərinin inancına görə ədalət və yaxşılıq tanrısı Ahura Məzdanın 6 bələdçi ruhla bütünləşməsilə 7 rəqəminin müqəddəsliyi meydana gəlmişdir. Həmçinin Zərdüştlüyə görə, dünya dağının təpəsindən axan çayın ayırdığı yeddi ərazi, atəşin yeddi növü və yeddi ilahi nur vardır. [5].

Əgər dörd çərşənbənin mahiyyəti həyatın dörd ünsür əsasında yaradılışını təmsil edirsə demək ki, yeddi çərşənbənin sirrini 4+3=7 formulu ilə izah etmək olar. İslam dinənə əsasən insanın varlığı can, bədən və ruh olaraq üç ilahi sirdən ibarətdir.
Köhnə ilin bitib yeni ilin gəldiyi, ama təbiətin oyanmasının və yenidən yaradılışın rəmzi kimi Novruz bayramından öncəsi yeddi çərşənbə kainatın yaradılışının əsası olan dörd ünsürün su, torpaq, hava, od və insanın yaradılışınıını simvolizə edən üç ilahi sirr can, bədən və ruhun cəm şəklində simvolu olaraq izah edilə bilər. Yəni yeddi çərşənbənin mənasını dünyanın yaradılışını təmsil edən dörd ünsürü və insanın varlığını təşkil edən üç sirri ümumiləşdirərək aça bilərik.

Yeddi çərşənbənin yaradılışı təmsil etdiyinin digər nümunəsi xalqımızın başqa bir mərasimi olan vəfat etmiş şəxsin yeddisi mərasimində gizlidir. Vəfat etmiş şəxsin yeddi mərasimidəki yeddi rəqəminin sirri yaradılışın təməli olan dörd ünsür (hava, torpaq, od və su) və insan kimi var oluşunun əsası olan üç xüsusiyyətin (can, bədən, ruh) cəmidir. Yenə ölmüş şəxsin üç mərasimi insan varlığını təşkil edən can, bədən və ruh üçlüyünün rəmzidir. Üç həm də təsəvvüf aləmində ruhsal və ya ilahi enerji anlamına gəlir.

Nəticə olaraq söyləmək olar ki, Novruz öncəsi yeddi çərşənbə həyatın və insan yaradılışının bir bütün olaraq təmsilidir. Yeddi rəqəminin Novruzla əlaqəsi təkcə yeddi çərşənbə ilə bitmir. Adətə görə Novruz süfrəsinə "S” hərfi ilə başlayan yeddi növ təam qoyulmalıdır. Bütün bunlar həm də 7 rəqəminin əhəmiyyətinin və mistik gücünün göstəricisidir. Bəlkə də həyatın və insanın yaradılışındakı yeddi ünsürün rolu yeddi rəqəminə bir sıra gizli və mistik mənalar yükləmişdir və yaxud əksinə yeddi rəqəminin mistik gücü həyatın yaradılışına təsir göstərmişdir.

Quranda kainatın yaradılması haqqında buyurulur həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra yəni yeddinci gün ərşə istiva edən Allah`dır…» (Əraf surəsi, 54) [3]. Bildiyimiz kimi, Qurani-Kərimin ilk surəsi olan və "ümmül-kitab” – "kitabın anası” adı verilmiş "Fatihə” surəsi 7 ayədən ibarətdir. Məsələn, hürufiliyə görə, bu 7 ayə təzə anadan olmuş uşağın üzündə "hütutu-ümumiyyə” adı verilən 7 ana xəttə işarə edir ki, "Fatihə” söyləyərək salavat çəkən şəxs bu 7 xətlə təmasda olur [4].

Yeddi rəqəminə və yeddi rəqəminin gizli mənalarına insan həyatını əhatə edən varlıq aləmindən kainata qədər istənilən sferada rast gəlmək mümkündür.
Məsələn yerin yeddi qatı və yaxud göyün yeddi qatı, həftənin yeddi günü, yeddi rəng, ayın öz oxu üzərində dönməsini yeddi gün ərzində tamamlaması, cənnətin yeddi qatının olması, Quranın yeddi hərf üzərinə enməsi, hürufilərə görə insanın üzündə yeddi ana xətt ilə İlahi təcəlli, Quranın ilk surəsinin yeddi ayədən ibarət olması, Quranda yeddi göy ifadəsinin yeddi ayrı surədə yeddi dəfə təkarlanması, müsəlmanların həcc ziyarəti zamanı kəbənin ətrafını yeddi dəfə təvaf etməsi, namaz qılarkən səcdə edən insanın yeddi əzasının torpaqla təması, insan bədənində dəyişikliklərin və inkişafın hər yeddi ildən bir baş verməsi və insan bədənində ilahi rabitə və ruhsal enerji mərkəzi olan yeddi lətaifin mövcudluğu yeddi rəqəminin sirli rəqəm və Tanrıya açılan qapı olması kimi deyimlərin yaranmasına səbəb olmuşdur.

Tarixən Türk boyları üçün də yeddi rəqəmi müqəddəs rəqəm hesab edilmişdir. Altay Türkləri ayın tutulmasını yeddibaşlı əjdaha üzündən baş verdiyini düşünürdülər. Qırğızlarda isə qütb ulduzunda olan böyük ayı bürcünə yeddi nəzarətçi adı verilmişdir [6].Mənbələrə görə Oğuzlar kafir əlinə keçmiş Uruzu xilas etdikdən sonra 7 gün, 7 gecə şadlıq edirlər [3].

Hökməlidə yeddi rəqəmi təkcə çərşənbələrlə məhdudlaşmır, kənddə yeddi məhəllə, yaxın keçmişdə irili xırdalı yeddi su ovdanının olması, bayramlarda və ehsanlarda yeddi evə yemek göndərilməsi, kəndə daxil olmaq üçün yeddi girişin olması, hər kəsin öz əcdadlarının yeddi arxa dönənəni tanıması və hətta Hökməli sözünün yeddi hərfdən ibarət olması təsadüfi sayıla bilməz.

Hökməli bələdiyyəsinin sədr müavini
Hüquqşunas, Fərman Salmanlı