adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2017 09:25
5009
GÜNDƏM
A- A+

ELMİ AXTARIŞLARI İŞIQ VƏ ÜMİD DOLU ALİM

Onda mart ayı idi... Novruzun ilk səhəri açılırdı. Yusif kişinin evində bayram-bayrama, sevinc-sevincə qarışmışdı. Böyük Vətən müharibəsinin bitməsinə təqribən əlli gün qalmışdı. Yusif kişinin evində bir qız doğulmuşdu. Ocağın pərvanəsi gəlmişdi dünyaya. Ona Məsməxanım adını qoydular. Və zaman göstərdi ki, o, həqiqətən ailəsinin, millətinin və Azərbaycan elminin xanımıdı!
1945-ci ilin mart ayının 21-də dünyaya göz açan Məsməxanım Yusif qızı Qazıyeva orta məktəbi uğurla başa vurub istəklərinin, arzularının ardınca M.F.Axundov adına Xarici Dillər İstitutuna (indiki ADU-ya) üz tutdu. Rəfiqələrindən fərqli olaraq həm orta məktəbdə, həm də təhsil aldığı ali məktəbdə Məsməxanım daha çox kitablarla, kitabxanalarla maraqlanır, yeni elmi axtarışların sorağına düşürdü. Onun bir tələbə kimi elmi konfranslarda, elmi cəmiyyətlərdə fəaliyyəti gələcək arzularının yolunda yaşıl işıq yandırırdı. Ali məktəbi başa vurub elə diplom aldığı institutda da əmək fəaliyyətinə başladı. 1967-ci ildən bu günə kimi eyni ali məktəbdə əmək fəaliyyətini davam etdirən Məsməxanım Qazıyeva elmi uğurlarını zaman-zaman artırmış, elmi titulların pillələrini ardıcıl bir şəkildə ötüb keçmişdi. Bu gün o, artıq ən yüksək elmi adın sahiblərindən biridi.
Belə ki, 1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyası Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda "Real nitq ünsiyyəti xarici dillərin tədrisi keyfiyyətinin yaxşılaşdırılmasında bir vasitə kimi" mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə AMEA-nın Nizami adına Dilçilik İnstitutunda "Səhnə nitqinin linqvistik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi. Və bu gün pedaqoji elmlər namizədi, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva əmək fəaliyyətinə başladığı universitetin ictimai həyatında da öz fəallığı ilə hamıdan seçilir. O, fəal bir xanım kimi Respublika Qadınlarının qurultayında, Respublika Müəllimlərinin qurultayında ən fəal iştirakçılarından biri olmuşdu. Məhz bu fəallığının nəticəsidir ki, Məsməxanım müəllimə hal-hazırda universitetin Qadınlar Şurasının və Gender qrupunun sədridir. Həmçinin o, universitetin Müdafiə və Elmi Şuralarının, eləcə də Fakültə Şurasının üzvüdü. Sevindirici haldır ki, professor Məsməxanım Qazıyeva həm də universitetin "Linqvokulturologiya" kafedrasına rəhbərlik edir. Bütün bu ölkə daxilindəki ictimai fəaliyyətlə yanaşı pofessor Məsməxanım Qazıyeva 1996-cı ildə Rumıniyanın Timoşuara şəhərində keçirilən ingilis dilinin tədrisinə həsr olunmuş beynəlxalq konfransda etdiyi çıxışla elmi ictimaiyyətin diqqətini özünə çəkə bilmişdi. 1997-ci ildə isə Qahirədə "İslam və qadın" adlanan konfransda, "İslam və Azərbaycan qadınının cəmiyyətdə rolu" mövzusunda geniş məruzə etmişdi. Ardıcıl olaraq 1998-ci ildə Slovakiyada, 1999-cu ildə Avstriyada, elə həmin il Şotlandiyada, 2000-ci ildə Cənubi İrlandiyada, 2001-2003-cü illərdə İngiltərədə, Türkiyədə, Moskvada və s. keçirilən beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Professor Məsməxanım Qazıyevanın həyatında əlamətdar hadisələrdən biri də 2002-ci ilin noyabrında baş vermişdi. Belə ki, ABŞ Dövlət Departamentinin dəvəti ilə professor Məsməxanım Qazıyeva bir ay ərzində ABŞ-ın altı ştatında fəaliyyət göstərən müxtəlif universitetlərində American Studies proqramı çərçivəsində geniş fəaliyyət göstərmişdir. Elə həmin il ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən elmi konfransın iştirakçısı kimi həm ABŞ-ın "American Studies" Assosiasiyasının, həm də Böyük Britaniyanın İATEFL-in üzvü seçilmişdi. Ümumiyyətlə, professor dəfələrlə Azərbaycanı dünyanın müxtəlif ölkələrində, Avropa Şurasının təşkil etdiyi konfrans və simpoziumlarında təmsil etmək hüququ qazanmışdır.
Hər bir insan, xüsusilə xanımlar öz həssaslıqları ilə həmişə təkcə şəxsi həyatlarına deyil, aid olduqları ictimai mühitə də can yandırır, məqsədli və inamlı şəkildə yeni uğurlar üçün çarpışırlar. Onların həyatı nə qədər dolanbac, keşməkeşli olsa da, mübarizlik, əzmkarlıq baxımından həmişə maraqlı və yaddaqalan olur. Heç də təsadüfi deyil ki, Məsməxanım Qazıyeva qarşısına qoyduğu məqsədə çatmaq naminə yuxusuz gecələr keçirməkdən, arxivlərdə, kitabxanalarda ömrün anlarını əritməkdən çəkinməyib. Və bu arxada qalan illər üçün indinin özündə heç bir təəssüf hissi yaşamır. Əksinə, bir qadın olaraq öz zərif çiyinlərinə qaldırdığı elmi "yükü" məqsədinin ünvanına qürurla, əzmkarlıqla çatdıra bilib. Təbii ki, çəkilən zəhmət, sərf olunan ömür torpağa əkilmiş bar ağacının bir çubuğu kimidi. Becərib qulluq edirsən, böyüyüb kölgəli, barlı bir ağaca çevrilir. Bax, bu gün həm ailəsinə, həm aid olduğu mühitə, həm Azərbaycan elminə həyatını sərf etdiyi ömrü üçün qürur duymağa, fəxr etməyə professor Məsməxanım Qazıyevanın haqqı var. O, bu haqqı öz halal zəhməti, öz yuxusuz gecələri və əzmkarlığı hesabına əldə edibdir. Elə ona görə də gənc həmkarlarına bütün tövsiyyələrinin əsas motivi sənətinə, yəni elmə və bir də ailəsinə sonsuz sevgidi. Bu sevgi mütləq uğura, qələbəyə gətirib çıxarır. Necə ki, Məsməxanım Qazıyevanı həmin mərtəbəyə yüksəldibdir.
Yeri gəlmişkən, xatırladaq ki, bu gün bir çox dərsliklərin, xüsusilə "This is American" adlı dərsliyin, "İngiliscə-Azərbaycanca ədəbiyyatşünaslıq və incəsənət terminləri" izahlı lüğətinin, I-II kurslar üçün yazılı vəsaitlərin, ev oxusu üçün metodik vasitələrin, "İngilis dilinin leksikası və frazeologiyasının (idiomatikasının) qarşılıqlı əlaqədə tədrisi metodikası" adlı dərsliklərin müəllifidir. Ümumiyyətlə, Məsməxanım bu günə qədər ölkə xaricində 70-dən artıq çap olunmuş, həmçinin keçmiş Sovetlər Birliyi respublikalarında işıq üzü görmüş neçə-neçə sanballı elmi məqalələrin müəllifidir.
Bəli, bütün həyatını sənətinə, elmimizə həsr etmiş professor Məsməxanım Qazıyeva bu gün də öz tələbələriylə, öz həmkarlarıyla birlikdə elmimizə, təhsilimizə, Vətənimizə xidmət edir. Onun seçdiyi yol işıqlı və davamlıdır. İnanırıq ki, bu işıq professor Məsməxanım Qazıyevanın ardıcıllarının da yoluna düşəcək, onları həmişə ruhlandıracaqdı.
Bu bayram günlərində təkcə ailəsi deyil, tələbələri də, həmkarları da Novruz ovqatını daha da rövnəqləndirən tarixi, yəni Məsməxanım Qazıyevanın doğum gününü ürəkdən təbrik edir və ona həyatın bütün gözəlliklərini arzu edirlər. Həmişə doğmaları ilə, rəhbərlik etdiyi kollektivi ilə birlikdə yeni doğum tarixləri və yeni uğurlar qeyd etmək Məsməxanımın həyat kredosu kimi gerçəkliyə çevrilsin.
Bayramınız və doğum gününüz mübarək, Məsməxanım!

Hörmətlə:
Linqvokulturologiya kafedrasının kollektivi adından
Kəmalə Cəfərova