adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Mart 2017 09:15
3143
GÜNDƏM
A- A+

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)
Belə bir vaxtda nəşriyyatda işləmək çox çətin idi. Bazar münasibətinin bəhrələrindən biri də nəşriyyatlarda sifariş ədəbiyyatı şöbələrinin yaranması idi. Əlyazması illərlə nəşriyyatların qovluğunda yatıb qalmış, mənfi rəy almış qrafomanlar haradansa "sponsor", "xeyriyyəçi" tapıb ədəbi meydana atılmışdılar. Hamı yazıçı-publisist, şair-publisist, yazıçı-dramaturq olmuşdu. Adi bir oçerk hekayə, kiçik bir hekayə povest, povest əlli səhifəlik romana çevrilirdi. Ağac kölgəsində yatmış "dahi" tapılırdı ki, guya, filan-filan yazıçılar, naşirlər vaxtında onun "dahiyanə" əsərlərinin çap olunmasına mane olublar. Bax, beləcə, bu dövrdə hər xasiyyətdə "yazarlarla" üz-üzə gəldik. Hər dürlü sifətə əl atan, şantaj yolu ilə cızma-qarasını həyata keçirmək istəyən, başındakı şapkasını götürüb yerə çırpan, özünü pəncərədən atmaq istəyən "yazar" bəndələr vardı (burada heç bir mübaliğəyə yol verilməyib). Doğrusu, mən bilmirəm bu cür hallar ancaq bizdə olur, yoxsa başqa xalqlarda da var?!
Hələ bu harasıymış, sən demə, görəcəkli işlər hələ qabaqdaymış. Sovet dövründə tək-tək imkanlı adamların elm adamlarına elmi iş yazdırdıqlarını eşitmişdim, amma kiməsə roman, povest yazdırıb öz adına çap etdirəni görməmişdim. Bu halın hansı daxili ehtiyacdan yarandığını anlamaq, doğrusu, çətindir. Dərk eliyə bilmirsən ki, özgə zehninin, hissiyyatının məhsulu olan bir romana, ya bir hekayəyə pulun gücünə necə sahib çıxmaq olar? Məgər yazıçı olmaya-olmaya bu adı daşımaq belə vacibdi? Sən elə pullusansa, sənə roman yazan o bədbəxt yazıçıya kömək elə də. Yoxsa yazıçılıq hara, ədəbi qul saxlamaq hara. Hələ bizi qarşıda başqa bir problem də gözləyirmiş. Gün gəldi, jurnalistikanın əlifbasını belə bilməyən, orta təhsilli adamlar qəzet təsis edib dəbdəbəli adlar qoyaraq, çap etdirdikləri qəzetləri qoltuqlarına vurub iş adamlarının qapısını döydülər, şərəfli jurnalistika peşəsini insanların gözündən saldılar. Qəribə mənzərə yaranmışdı. Sən demə, bir yerdə də olsun adını çəkməyib kitabını köçürənlər, xəbər tutub etiraz edəndə üstünə yumruq qıcayıb - istinad etmişəm - deyə səsinin gur yerinə salanları da görəcəkmişik. Sən demə, bütün kitab-dəftəri töküb "istinad" sözünün mənasını bu bazar münasibətinin yaratdığı, bizim özcə çürük meyvəmiz olan bu təhsilsiz jurnalistə başa sala bilməyəcəkmişik. Bu yerdə ürəyimdən keçənləri ifadə etməyə daha uğurlu bir söz tapa bilmirəm.
"XXI əsr" adlı böyük formatda bir qəzet çıxırdı. Qəzetin daimi oxucusu deyildim. Bir gün qəzetin əlimə keçən nömrəsini oxuyanda mat qaldım, bir səhifə material mənim "Muğam dünyasının Xanı" kitabımdan köçürülmüşdü. Xanım jurnalist, deyəsən, unutmuşdu ki, görkəmli musiqiçilərin xatirələrini o yox, mən yazmışam. Bir yerdə mənim adımı da çəkməmişdi. Redaksiyaya zəng edib indi adını unutduğum xanım jurnalisti istədim. Dedilər "obyektdədir". Bir söz demədim, fikirləşdim ki, beləsi "obyektdə" olmasa yaxşıdı. Saat 3-ə qədər zəng etsəm də, xanımı redaksiyada tapa bilmədim. Nəhayət, saat 4-də tanımadığım xanımın səsini eşitdim. Özümü təqdim elədim, kitabımı köçürtdüyünü, hətta üzqabığındakı şəkli dərc etdiyini söylədim. Dedi ki, köçürtməmişəm, istinad eləmişəm.
- Ay xanım, istinad bir cümlə olar, yarım səhifə olar. Siz Xan haqda xatirə söyləyən sənətkarları harda görmüsünüz, harda danışdırmısınız? Belə olmaz axı...
- Mən "istinad eləmişəm!"
Söz tapa bilmirdim, iyirmi dəqiqə çənə döysəm də, "istinad"ın nə demək olduğunu bu xanım jurnalistə başa sala bilmədim, axırda baş redaktorun müavini ilə danışdım. Söhbətdən belə başa düşdüm ki, bu yazıya görə onların da dalağı sancıbmış. Nəsə, növbəti nömrədə təkzib verdilər. Nəyin hesabına? Mənim əsəblərimin!
Bir gün direktorun sürücüsü otağıma gəlib əlindəki "Avtoritet" qəzetini stolumun üstə qoydu:
- Mustafa müəllim, "Fred Asif"i yenidən çap elətdirirsiniz?
- Yox. Onu kim deyir?
- Bu qəzetdə Fred Asifdən yazıblar, hamısı da sizin kitabdandı.
Doğrusu, qələm dostum İlqar Əlfinin baş redaktorluğu ilə nəşr olunan "Avtoritet"in oxucusu deyildim. İndi "Avtoritet"in 27 oktyabr 1999-cu il nömrəsi qarşımdaydı. Qəzeti vərəqlədim. Orta səhifədə xüsusi təqdimatla Fred Asif haqda yazı dərc olunmuşdu və sonunda da "davamı var" yazılmışdır, müəllif imzası isə yoxdu. Görünür, "dostum" gözləmə mövqeyində olub ki, görsün bu plagiatlığı əks-səda doğuracaq, yoxsa yox.
Yazını kitabımla tutuşdurdum, bir söz belə dəyişilməmişdi. İlqar Əlfiyə zəng elədim. İlqar özünə xas səmimiyyətlə:
- Qardaş, sənə qədər artıq on nəfər zəng eləyib, - dedi. - Bu yanlışlığa bir düzəliş vermək lazımdı. Gözlə, nəşriyyata gəlirəm!
Bir saatdan sonra İlqar nəşriyyata gəldi. Görüşüb-öpüşdük. Dedi ki, bir cavan oğlanı göndərdim ki, Azərbaycanın Milli Qəhrəmanı Fred Asifdən bir şey yaz gətir, çap edək, bu da eləməyib tənbəllik, sənin kitabını köçürüb gətirib. Yaxşı ki, imza qoymayıb. İndi mən təkzib versəm, oxucularımı itirərəm. Növbəti nömrədə oxuculara müraciət edərik ki, bu "Fred Asif" yazısının davamını Mustafa Çəmənlinin əsərindən oxuya bilərsiniz. Razılaşdıq. Qəzetin 3 noyabr 1999-cu il tarixində kitabımın üzqabığının şəklini vermiş və belə bir bildiriş çap etdirmişdilər: "Hörmətli oxucular! "Avtoritet"in ötən sayında xalqımızın say-seçmə oğullarından biri, Azərbaycanın Milli Qəhrəmanı, "General Əsədov mükafatı" laureatı, erməni işğalçılarına qarşı qanlı mübarizədə silaha ilk sarılanlardan olmaqla könüllülərdən ibarət dəstə yaradan Asif Yusif oğlu Məhərrəmovun - Fred Asifin ömür kitabına istedadlı yazıçı Mustafa Çəmənlinin bələdçiliyi ilə qısa bir səyahət elədik. Artıq əfsanələrə dönmüş bu xalq qəhrəmanının həyatı ilə daha yaxından tanış olmaq istəyən oxucularımızın nəzərinə çatdırırıq ki, Mustafa Çəmənlinin "Fred Asif" əsəri "Gənclik" nəşriyyatında çapdan çıxmışdır. Siz bu kitabı oxumaqla Asifi yetirən, araya-ərsəyə gətirən Qarabağ torpaqlarına heç olmasa qiyabi səyahət etmək imkanı qazanacaqsınız..."
Bəli, bu cür hadisələr də bizim günümüzün reallığıdır. Kitabları oxumaq, ondan bəhrələnmək olar, zatən elə buna görə yazılır, amma köçürüb özününküləşdirmək, sahiblənmək olmaz!

***

Bəzən öz vəsaiti hesabına dəyərli kitablar çap etdirmək istəyənlər də olurdu və bu gün də var. Bir gün sifariş ədəbiyyatı şöbəsinin müdiri Vəli Həbiboğlu Firidun Əsədov və Sevil Kərimovanın "Çarizmi Azərbaycana gətirənlər" kitabının əlyazmasını gətirdi ki, tanış olum. Kitabın adı dərhal diqqətimi cəlb elədi. Bəzi səhifələri oxuyandan sonra rəhmətlik Vəliyə dedim ki, gəl, bu kitabı nəşriyyatın hesabına çap edək. Müəlliflər uzaqbaşı kitabı min nüsxə tirajla nəşr etdirib aparıb dosta-tanışa paylayacaq, sonra yığacaqlar evlərinə. Belə olan halda bu kitab kimə çatacaq? Vəli mənimlə razılaşdı. Mən də kitab ticarəti təşkilatlarıyla danışdım və kitabı on dörd min tirajla nəşriyyatın hesabına nəşr etdik. Müəlliflər də bundan çox razı qaldılar. Onu da deyim ki, bu cür kitabları biz hökmən mütəxəssis rəyindən, xüsusi redaktorun redaktəsindən sonra çap edib oxuculara çatdırırdıq.
Doğrudan da, ağır günlər idi. Dərd təkcə kitab dərdi deyildi. Cəbhə bölgələrindən tez-tez bir-birini təkzib edən xəbərlər gəlirdi. Hələ vahid nizami ordu formalaşmamışdı. Rayon və kəndlərimizi hərbi təlim görməmiş özünümüdafiə batalyonları qoruyurdu. Əlbəttə, o ağır günlərdə onların göstərdiyi fədakarlıqları bu gün unutmağa heç kəsin haqqı yoxdur.
Xocalı hadisəsindən sonra əlimiz ürəyimizin üstündə idi. Çünki düşmənin tarixdə görünməmiş bu vəhşiliyindən sonra ondan hər cür alçaqlığı gözləyirdik. Axşamlar televiziyaya baxmağa belə adamın ürəyi gəlmirdi ki, birdən yenə bəd xəbər eşidərəm. O dövrdə mən də dəfələrlə cəbhə bölgələrinə, əsgərlərin görüşünə gedirdim. Mənim burada cəbhə xatirələrimi yazmaq fikrim yoxdur, ancaq ikisini xatırlatmaq istəyirəm.
Cəbhə səfərlərimdən biri Ağdərə rayonunun təzəcə düşməndən azad olduğu günə təsadüf edir. Eşitmişdim ki, döyüşdə Bərdə batalyonundan çoxlu yaralananlar var. Buna görə Teleradio Şirkətinin sədri Məmməd İsmayıldan xahiş etdim ki, mənə bir operator versin, gedim Qarabağa. Çox pis vaxt idi. İşin çoxluğundan sədr operator ayırmaqda tərəddüd edirdi, ancaq köhnə iş yoldaşı kimi məndən də keçə bilmirdi. Onu qınamaq da olmazdı. Bu səfər ən azı üç gün çəkəcəkdi. Nəhayət, sədr razılaşdı və mən şirkətin operatoru Tahir Qarayevlə yola çıxdım. Tahir Qarayev cəbhə bölgəsində - Ağdamda dünyaya göz açdığından erməni xislətinə yaxşı bələd idi. Mənə qədər ən qaynar döyüş nöqtələrindən çəkilişlər aparmışdı. İndi gününü dəqiq xatırlaya bilmirəm, ancaq 1992-ci ilin avqust ayının sonuncu günü, ya da sentyabrın ilk həftəsi olmağı dəqiqdi. Biz Bərdəyə günün batabat çağında çatdıq. Bərdə batalyonunun qərargahı Tərtər yolunun üstündə olan Zümürxan kəndində yerləşirdi. Tərtər çayı da bu kəndin yanından keçir. Mən vaxtilə bu kəndin yaxınlığında, çayın sol sahilində yanar su görmüşdüm. Suyun müalicəvi əhəmiyyəti olduğundan, gecələr gəlib burada çimənlər də olurdu. Yerli sakinlər deyirdilər ki, bu su dəridəki səpkinin dərmanıdı. Bu yanar suyu Tahirə çəkdirməyi hələ Bakıda ikən fikirləşmişdim. Qaranlıq düşəndə niyyətimi Tahirə dedim. Birlikdə yanar suyun "ziyarətinə" getdik. Haçansa geoloji kəşfiyyat niyyəti ilə qazılmış yerdən kükürdlü su çıxmışdı. Bu su bir metr, metr yarım hündürlüyündə borudan çıxır və yanaraq fəvvarə şəklində tökülürdü. Gecənin qaranlığında yanar su çox gözəl görsənirdi. Tahir bu yanar suyu lentin "yaddaşında" əbədiləşdirdi.
Səhəri gün biz hərbi hissədə olduq, könüllülərlə görüşdük. Batalyonun komandiri rəhmətlik Elçin Əliyev idi. Ucaboylu, dolubədənli, qabarıq sinəli, otuz beş-qırx yaş arasında bir kişiydi. Söylədiyinə görə, kontuziya almışdı.
Həyətdə bir maşını ağac budaqları ilə gizlədirdilər ki, düşmənin nəzərini cəlb etməsin. Məlum oldu ki, əsgərlərdən birinin meyiti döyüş bölgəsində qalıb, bu maşınla cənazəni götürməyə gedirdilər. Nəhayət, bir neçə nəfər yoldaşları ilə görüşüb-öpüşüb maşına əyləşdi. Maşın həyətdən çıxdı, bayaqdan həyətdə dolaşan qızıl it də maşının arxasınca qaçdı. Mənim işarəmlə Tahir bütün bu mənzərəni lentə alırdı.
Biz azad olunmuş əraziyə baş çəkmək istəyirdik, buna görə də komandir UAZ-ını bizə verdi. Sürücüdən başqa iki nəfər də bizə qoşuldu. Bərdə-Tərtər yoluna çıxıb üzü Ağdərəyə sarı istiqamət götürdük. Mən bu yolla Kəlbəcərə, onun səfalı yaylaqlarına çox getmişdim. Dağlara yay fəslində qalxdığımızdan, gecələr yol gedərdik ki, istiyə düşməyək.

(ardı gələn şənbə sayımızda)