adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2017 09:04
14206
LAYİHƏ
A- A+

El sənətkarları: Şairlər və aşıqlar

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Aşıq Alı

Azərbaycan ədəbiyyatının şifahi xalq yaradıcılıq qolu məclislərdə el sənətkarları, aşıqları tərəfindən söylənmiş, ağızdan-ağıza, dillərdən-dillərə yayılaraq bizə qədər gəlib çatmışdır. Belə bacarıq qabiliyyəti, mütaliəsi, yaddaşı qüvvəli olan kamil el sənətkarları hər eldə, obada və mahalda vardır. Onlar uşaqlıqdan bu şəraitə, mühitə uyğun yetişmiş və fəaliyyət göstərməyə başlamışlar. Belə sənətkarlardan biri də aşıq Alı olmuşdur.
Aşıq Alı. Aşıq Alı XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində Zəngəzur mahalının Suvat kəndində (Laçın rayonu) anadan olmuşdur. Suvat camaatı sonralar Arduşlu kəndinə köçüb məskən salmışdılar. Aşığın anadan olduğu və öldüyü tarix haqqında dəqiq məlumat yoxdur. Mükəmməl təhsili olmasa da aşıqlıq sənətinin əsas xüsusiyyətlərini el sənətkarlarının, el məclisində söz-söhbətlərdən öyrənmişdir. Axı, o ərazidə, yaxın qonşu kəndlərdə yaşayan sakinlər hazır cavab, zarafatcıl, söz ustaları olması böyük təsir göstərmişdir.
Aşıq Alının gözəl səsi, nitq qabiliyyəti, həm də saz havalarının mahir ifaçısı kimi tanınmışdır. Gözəl qoşmaları, şeirlərin müəllifi olmuşdur. Eldə, obada olan məclis Aşıq Alısız keçməmiş, onun məzəli-duzlu sözləri, söhbətləri bədahətən qoşmalar, şeirlər söyləməsi xalq arasında geniş yayılmışdır.

Asta yeri, qədəm saxla,
Getmə-getmə, maralım, dur!
Mən ki, sənin ovçun idim
Sən də mənim yaralım, dur!

***
Ayrı baxış, qıyqac çalma,
Qıya baxıb canım alma,
Məni eşq oduna salma,
Kəsmə səbrim, qərarım, dur!

***
Əyri qaşın dönüb kafa,
Kafir olma, gəl insafa,
Alı deyir ey bivəfa,
Nə ki, dərdin var alım, dur!

Bu qoşmada aşıq sevdiyi gözəl xanımın qəfləti görüşündən sarsılır, asta-asta getməsini sanki xahiş edir, qədəmlərini marala bənzədir. Ovçu kimi onun arxasına düşməsini kama çatmaq üçün ürəyi dağ-dağ olduğundan eşq yarasından əzab çəkməsindən, yaralı olmasından, başında qıyğacı örtükdən çalma bağlaması, can alan qıya baxışı ürəyini yandırması, görüşünü, baxışını ondan əsirgəməməsini, xahiş edir, yalvarır. Ona qarşı olan sevginin əlaməti olaraq ürəyində nə qədər olan dərdi varsa aşığa gəlməsini istəyir.
Oxuculara təqdim edilən bu qoşmanın qəribə bir yaranma tarixi vardır. Hələ qonşu mahallara da aşıq Alını tez-tez öz məclislərinə dəvət edənlər olmuşdur. Qarabağ mahalında Pərollar bəyi (Ağcabədi rayonu) Həsən bəy aşığı öz malikanəsinə dəvət edir. Çətinliklə olsa da aşığın qış fəslində də orada qalmasına razılığını ala bilir. Aşıq Alı bir müddət burda çalıb-oxuyur. Bəyin və onun yaxın dost-tanışlarını məclislərində maraqlı söz-söhbətlərlə əyləndirir, yaxşı da xələt toplayır. Buna baxmayaraq, bəyin bəzi ədalətsizliyi aşığı rahat buraxmır.
Bir tərəfdən də doğma el-obasından ötəri "burnunun ucu göynəməyə" başlayır. Aşıq Alı dəfələrlə bəydən icazə istəyir, amma bəy onun getməsinə razı olmur. Aşıq da sözündən dönmür ki, dönmür... Qışın qarlı, çillənin oğlan çağı yır-yığış edib, yol tədarükü görməyə başlayır. İşin belə olduğunu görən bəy deyir:
- Ay aşıq, başına at təpib nədir? Bu çovğunda, bu boranda dağı aşmaq olar? İndi Qırxqız dağlarından quş da səkə bilməz.
- Həsən bəy, vətən istəyinin, vətən arzusunun qarşısını nə dağ kəsə bilər, nə də ki, boran-çovğun...
- Alı qardaş, gözəl el sənətkarısan, sənə heyfim gəlir, gedərsən yolda başına bir iş gələr. El məni töhmətləyər ki, Həsən bəy bir aşığı da bir qış qonaq saxlaya bilmədi.
O isə inadkarlığında yenə də dönmür ki, dönmür. Qayıdır ki:
- Bəy, izin ver, bir ağız söz deyim.
Aşıq Alı bəyin icazəsini gözləmədən sazı sinəsinə basıb deyir:

Könlüm dövr eylədi, qalxdı havaya,
Salıbdı vətəni yada, can quşu!
Dözə bilmir qəribliyin qəhrinə,
İstər baş götürüb gedə can quşu!

Yaxud da:

Könlüm bir quş kimi qalxdı bu düzdən,
Qorxuram itirəm, havada gözdən,
Bir mayallaq vura aşa Qırxqızdan,
Əzəl düşə bir Suvata can quşu!

Yaxud da:

Yenə dövr eylədi qalxdı bu düzdən,
Qorxuram havada itirən gözdən,
Bir mayallaq vura aşa Qırxqızdan,
Gedə düşə o Suvada can quşu!
***
Tobalar olmasın, nəsihət olsun,
Cəmi bu əhlinə vəsiyyət olsun,
İstəyir Qarabağ bir cənnət olsun,
Bir də gəlməz bu bərbada can quşu!

***
Alı deyər, mən ha qurbanam mərdə,
Haqq möhtac etməsin mərdi namərdə,
Nə qədər səy etsən qalmaz bu yerdə,
Veribdi həmdəmə vədə can quşu!

Yaxud da:

Alı deyir: mən ha qurbanam mərdə,
Haqq möhtac etməsin mərdi namərdə,
Nə qədər səy etsən qalmaz bu yerdə,
Veribdi həmdəmə vədə can quşu!

Şeir bəyi yumşaldır. Bəy razı olur. Araba, at və köməkçi verir. Bəyin adamları aşığı Ballıca kəndinə (Xankəndinin yaxınlığında yaşayış məntəqəsidir) gətirirlər. Aşıq Ballıca kəndində Xan Şuşinskinin babası, aşığın yaxın dostu Əbrah xanın qonağı olur. Görüşürlər, xoş-beşdən sonra Aşıq Alı bir neçə gün burada qonaq qalmalı olur.
Əbrah xan da nə qədər eləyirsə aşıq Alı daşı ətəyindən tökmür ki, tökmür...
Aşıq Alı bir neçə gün qonaq qalandan sonra gedəcəyini bildirir. O, Qarabağ mahalından mümkün qədər doğma yurduna tez dönməyi arzulamış, ancaq qarlı dağların yolu kəsməsindən giley-güzar edərək, şikayətlənmişdir. "Yadıma düşdü" rədifli qoşmasında belə demişdir:

Ha baxıram bağlanıbdır yolların,
Nə vaxt axar, boz bulanıq sellərin,
Böyük obaların, ağır ellərin,
O uca dağların yadıma düşdü!

Əbrah xan aşıq Alıya hörmət əlaməti olaraq adamlarına tapşırır ki, aşığı aparıb düz evində qoyub qayıdarsınız. Qoşmalarında aşıq Ələsgər sözlərinin şirinliyi duyulan aşıq Alı çətinliklər olsa da Qırxqız dağlarını aşıb evinə dönür. Aşıq qapıya çatanda deyir:

Şükür olsun sənə, tanrı,
Gəzdiyim yerlərə gəldim.
Süsən sünbül, tər bənövşə,
Üzdüyüm yerlərə gəldim.

Aşıq Alı özünün şirin qoşmaları, gəraylı və təcnisləri ilə məşhur olmuşdur. Onun mənalı qoşmalarını oğlanları aşıq Abbas və aşıq İsmayıl saz, söz məclislərində yaşatmış davam etdirmişlər.
Aşığın nəticəsi, Cənnət babanın 85 yaşı var idi. Bu sənət xəzinəsini töküb-araşdıranda, Rafael müəllimdə bizə bələdçilik elədi. Allah-təala onlara rəhmət eləsin. Aşıq Abbasın lətifələri, baməzə dodaq qaçdı söz-söhbətləri də çox maraqlıdır.

Aşıq Abbas

Aşıq Abbasın böyük ailəsi olmuşdur. Ağır külfətini aşıqlıqla dolandırmağa başlayıbdır. El məclislərində atası aşıq Alının şeirlərindən, qoşmalarından, başına gələn əhvalatlarından rəngbərəng edərək hörmət qazanmağa başlamışdır. O məlahətli səsi olan ifaçı aşıqlarından olubdur. Saz çalmasını isə atasından öyrənmişdir. Məclisləri maraqlı söhbətlərlə ələ almaq bacarığı olmuşdur. Gözəl saz çalması ilə hamını heyran edərmiş. Ara-sıra şeirlər də qoşarmış, hazırcavablığı ilə məşhur olarmış. Onunla bağlı çoxlu lətifələr yaranmışdır. Onlardan bir neçəsini sizə ərməğan etmək istərdim. Günlərin bir günü Aşıq Abbas sazı çiyninə salıb qonşu kəndə toya gedirmiş. Yolda rastlaşdığı molla ondan soruşur:
- Aşıq Abbas, xeyir ola, hara belə?
- Molla əmi, xeyirdi ki, mən gedirəm, şər olsaydı yəqin ki, sən gedərdin.
(ardı var)