adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Mart 2017 17:26
6788
MƏMLƏKƏT
A- A+

Tərtərdə könüllülər ilə əsgərlərin görüşü keçirildi - Foto

Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən N saylı hərbi hissədə Novruz bayramının İlaxır çərşənbəsini birgə keçirmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idman idarəsinin nümayəndələri ərazidə yerləşən məktəblərin kollektivi, şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri də qatılmışlar.

İlk olaraq tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, daha sonra dövlət himni səslənmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Qonaqları, əsgər, zabit heyətini islam oyunlarının icra komitəsinin əməkdaş və könüllü heyətini salamlamış, onları xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik etmiş, tezliklə milli bayramları işğaldan azad edilmiş torpaqlarımızda keçirməyi arzu etmişdir. Rayon rəhbəri, respublika prezidenti, cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Hər bir dövlətin silahı onun ordusudur və biz bu gün Ali baş komandanın yolu ilə gedirik.

Biz bu gün düşmənlə 48 km məsafədə yerləşən cəbhə bölgəsində hərbi xidmətdə olmağın məsuliyyətini dərk edirik. Qururla deməliyik ki, respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır.

Daha sonra hərbi hissənin nümayəndəsi, polkovnik leytenant Fəqan Əliyev söz aldı: "Tərtər rayonu cəbhə bölgəsidir. Biz hər gün torpağımızı qarış-qarış qorumağı öyrənirik. Bizim torpaqlar bizimdir. Mən rayonumuzun bütün sakinləri, hərbi hissəmiz adından Azərbaycanın Birinci Vitse Prezidenti, 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri, Mehriban xanım Əliyevaya, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova və bizim görüşümüzə gələn əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.”

Daha sonra İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə baş meneceri Əfsun Qurbanov da çıxış edərək, hərbçiləri bayram münasibəti ilə təbrik etdi.


Bu hərbi hissədə xidmət edən əsgərlər də bayram sevinclərini bölüşdülər. Əsgər Novruz Misirlinin söylədikləri: "Mən Cəbrayıl rayonunun sakiniyəm, hal hazırda Tərtər rayonunda hərbi xidmətdəyəm. Vətənə olan borcumu ödəyirəm. Düşünürəm ki, hər bir gənc vətənini sevməli, onun keşiyində dayanmalıdır. Bizim hərbi hissədə hər cür şərait var. Yemək-içməyimizdən, təmizlikdən çox razıyıq. İdmanla məşğul olmaq döyüş əzmimizi daha da artırır. Yeri gəlmişkən 5 ildir ki, karate ilə məşğul oluram və sevinirəm ki, hərbi xidmətdə də bu idman növü ilə məşğul olmaq imkanım var. May ayında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yarışacaq bütün idmançılara da uğurlar arzu edirəm. Arzum budur ki, tezliklə belə idman yarışları məhz elə Qarabağımızda keçirilsin”.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən fərqlənən hərbçilərə fəxri fərmanlar, qiymətli hədiyyələr, bayram sovqatları təqdim edildi.

Tədbirdən sonra hamı əsgərlərlə birlikdə bayram süfrəsi ətrafına yığışaraq, İlaxır çərşənbəsini qeyd etdi.