Cəhənnəmə ki!

CEYHUN MUSAOĞLU
124325 | 2017-03-17 13:15

Aydın Dadaşov ölən gün biz "Geyilməmiş ayaqqabılar” filminə baxırdıq. İctimai baxış idi deyə, başda rejissor Rza Rzayev olmaqla jurnalistlərfilmdə əməyi keçənlərə alqış söyləyirdilər. Heç birimiz kinonu hamımızadan yaxşı bilən Aydın müəllimin adını çəkmədik. Onun da geyilməmiş ayaqqabıları qaldı. 3 saata Dadaşovu unutduq. O, çəkməçi Dadaşov deyildi, pinəçi Dadaşov deyildi, o, kinoçu Dadaşov idi. Yadımıza düşmədi.

Film başlayanda eşitdim, Xırdalanda 5 xanım mənzildə dəm qazından boğularaq, ölüb. Düşündüm, ölmək ölmək idi, kaş onlar özlərini Aydına görə öldürəydilər. Bu fikrimdən diksindim. Nə əclaf adammışam… Adam sözü məni lap hədəqədən çıxardı. Adama bax, gözlərini ekrana zilləyib, atası Qarabağ müharibəsində öldürülən, bacısı yoxa çıxan, anasının yurdu əlindən alınan ayaqyalın uşağın qan donduran faciəsinə tamaşa edir. Uşaq çarmıxa çəkilir, bu tamaşaçı dözür. Uşaq müharibədə yaralanır, bu tamaşaçı dözür. Uşaq ayaqlarını və gözlərini itirir, bu tamaşaçı dözür. Dözür, dözür, dözür… Üç dözüm üst-üstə gələndə cavabında əl çalan kişi peyda olur. Bu kişi dünən də Sumqayıt yolundakı qəzada ölən 5+1 nəfərin faciəsinə status-status dözmüşdü. Arsızlıq edib, özü də birini yazmışdı. Hələ yazmamışdan öncə, yağlı-mağlı, şirin-mirin alınsın deyə, sözləri domino daşları kmi qarışdıraraq, qoşalarını tapıb, yan-yana düzmüşdü. Belədə sözlər həm də gözəgəlimli olur. Bir qoşasından başlayır, altıqoşasında bitir. Qarışqadan eşşəyə qədər yol gəlir o sözlər. Statuslar kralı bu adam, sonra da oturub, "like”ləri saymışdı. Səhər tezdən ayılan kimi, saya təkrar nəzər salmışdı: 7 imza artıb. Sevinmişdi, qürrələnmişdi. Ölülər haqqında ən gözəl yazanlar azərbaycanlılardır.

Mövzumuz əskik olmur. Allah bizə yazmağa və yazılanı bəyənməyə mərtəbə-mərtəbə gözəllik yaşadır. Nəhayət 17-ciyə çatdıq – Mövlud mərtəbəsnə. Allah yerə enərək, bizi başına topladı. Dedi ki, indi sizə elə faciə yaşadacam, detalı detalından daha cazibədar olacaq. Dedi ki, darıxmayın, hamıya yazmağa nəsə çatacaq. Allaha inanmayana lənət, dediyi kimi də oldu. İstedadımızın mövludu gününü yaşadıq. Əminəm, "Geyilməmiş ayaqqabılar” filminin jurnalist tamaşaçılarından biri Mövludun evində olacaq, onun ayaqqabılarını tapıb, "Mövlud da bunları geyinmədi” deyərək, hamımızı kədərə bürüyəcək.Kədər saytları bəzəyəcək, aypilər çoxaldıqca, kədər azalacaq. Ortaya reklam şirkəti çıxanda, kədər öz küncünə qısılıb, saniyələri saya-saya əriyəcək. Kədər soxulcandır, qarmağa taxırsan ki, reklam - balıq tələyə düşsün.

Mövludu da tələyə saldılar. Onun taleh tələsini quran KİŞİNİN adı kədərdir. 11-ci sinifdə oxuyurdu. O dövrlərdə bir "Alma” vardı. Həftədə bir dəfə nəşr olunan qəzet, tabuların üstünə gedirdi. Mövludu "Alma”ya tez-tez qonaq edirdik. Mühitə düşmüşdü: bir rumka araq içib, üstündən şeirlə "zakuska” edənlərin ardından göstərdikləri kədərli pozaları Mövludu elə qarmağa salmamışdı ki, oradan qurtula bilsin. Zalım oğlu, çabalamırdı, düşdüyü vəziyyət xoşuna gəlirdi.Yaxasından tutub, o qədər silkələmişəm ki… Alınmırdı. Xəyal yuxusuna dalan bir uşaq məzun olub, universitet imtahanından az bol topladığı üçün kənarda qalanda ayılanfason oldu. "Alma”nın bağı vardı. O bağdakı Yapon əzgili ağacının yanında başını çiynimə söykəyib hönkürdü. Gülürdüm, nəhayət ayıldığını, spirt qoxuyan ədəbiyyatın ilgəyini boynundan açacağını zən edirdim. Günü yazanların içində əridiyindən Mövlud imtahanlara yaxşı hazırlaşmamışdı. Zənnimə onda aldandım ki, bir gün bu uşaq əlində "Kəsik baş” otağa daxil oldu. Mənə göstərməyə gətirmişdi. Baxdım və xarizmatik başa vuruldum. "Ay bədbəxt, bu hekayə deyir ki, sən yazıçı olmağa gedirsən” – eynən belə dedim ona, ardınca "ilişdin” rədifli, danlaq mövzusunda qəzəl oxudum. Qəzəlin təxminən mövzusu bu idi: Azərbaycanda heç vaxt ədəbi mühit formalaşmayacaq, yaşamaq pul qazanmaqdan keçir, sən heç vaxt yazdığınla qazana bilməyəcəksən. Həm də gözünü açıb, ədəbiyyatın turşu xiyar dövrünə düşmüsən, belə mühitdə qazancın xəngəldən o yana keçə bilməz. Adam yazıçı olmur, yazıçı işləyir. Soruşdum, sən yazıçı işləyə biləcəksənmi? Yazıçılıq daha çox peşədir, nəinki sənət. Peşən sənə necə pul gətirəcək? Hanı sifariş verən nəşriyyatlar? Hanı kitab bazarı? Hanı bazarda oxucu bolluğu? Hanı oxucunun pulu, həvəsi, intellekti?.. Bu suallardan sonar əlimi bir də Mövludun boğazına uzatdım. Balıq idi, üzüb getdi. Nəhayət həyatının ən gözəl, işıqlı, əsrarəngiz çağlarında boğazındakı qarmağın bağlandığı dəstəyi qarğı olan jilka onu sudan çıxarıb sahilə atdı. Çabaladı, çabaladı, öldü.

Onu xilas etmək mümkün deyildi. Kədərin yoğurduğu adamların mayasına Azəbaycandakı ədəbi mühitin suyu dəydimi, xilas olma ehtimalı azdır. Əgər o adamda istedad varsa, bitdi. Razıyam, istedadlılar yaşamağı bacarmırlar, xüsusən yazıçılar. Dünyada məşhur yazıçılarla bağlı xeyli intihar faktları var. Fərqimiz böyükdür: onlar hər şeyi yazandan, həqiqəti tapandan sonra özlərini öldürürlər, biz heç nə yazmadan, həqiqəti tapmadan cəhənnəmə gedirik.

Eşidirsiz, biz cəhənnəmə gedirik. Mən də görürəm, deyirsiz: "Cəhənnəmə ki, cəhənnəmə gedirik". Deyiləni görməzlər, eşidərlər eləmi? "Like”lərə baxıram, statuslara baxıram, köşələrə baxıram. Görürəm! Görürüəm! Görürüəm!

Bir topa əkiz adam, sağ əllərində qələm, sinələrindən asılan lövhədə yazılıb:CƏHƏNNƏMƏ Kİ, CƏHƏNNƏMƏ GEDİRİK.Bu adamların ayaqları yalındır.


TƏQVİM / ARXİV