adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Mart 2017 13:34
9819
ƏDƏBİYYAT
A- A+

Mövlud cavabsız suallar qoyub getdi

Azərbaycanda "ölüm insanın qapısını gözlənilmədən döyür” kimi deyimlər öz aktuallığını çoxdan itirib. Özünə qəsd edən insanların sayı o qədər artıb ki, artıq növbəti qurban kim olacaq deyə düşünür, öz aramızda proqnozlar veririk. Acınacaqlı olsa da, reallıqdır... çünki indi heç kəs yaşadığı uğursuzluğa rəğmən həyatla mübarizə aparmır, aparmaq istəmir. Kimə "salam” versən, "bezmişəm”, "yorulmuşam” deyir. Qocası da, elə cavanı da...

Kimisi də heç kəsə bir kəlmə demədən, insanlarda nə vaxtsa özünə qəsd edəcəyinə dair şübhə belə oyatmadan həyatla vidalaşır. Ondan geriyə isə sadəcə cavabsız suallar, dedi- qodular qalır. Eyni ilə gənc yazar Mövlud Mövludun intiharında olduğu kimi. Sözsüz ki, 28 yaşlı istedadlı və intellektual bir gəncin intihar xəbəri cəmiyyətdə ciddi narahatlıq yaradıb, səs-səda doğurmaya bilməzdi. Amma nə fayda! Qulağımız intihar xəbərlərinə o qədər alışıb ki, bir-iki günlük çək-çevirdən sonra bunu da unudacağıq. Nə də olsa, intiharlar gündəlik həyat tərzimizə çevrilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb. M.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin şahidi "kulis.az”a açıqlamasında Mövludun intiharının şahidi olduğunu bildirib. Onun sözlərinə görə, gecə blokda siqaret çəkirmiş və birdən tappıltı səsi eşidib:

"Qarovulçu sürətlə səs gələn tərəfə qaçıb. Mən də heyrətləndim ki, axı nəyə görə qarovulçu belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim. Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı. Görünür, intihar etmək üçün bura gəlibmiş. Səhər xəbərlərdə onun Mövlud Abdullayev olduğunu gördüm”.

Mövludun həyat yoldaşı Sevinc Fədai isə hadisə zamanı evdə olmadığını deməklə kifayətlənib.

Mövludun iş yoldaşı Qurban Yaquboğlu isə yeniçağ.az-a baş verən hadisədən şok yaşadığını deyib:

"Mövludun bu hərəkətini ağlıma da gətirməzdim. Dünən işdən bir yerdə çıxdıq. Dayanacağa qədər getdik. Əhvalı yaxşıydı, dedi ki, bir nəfərlə görüşməliyəm. Hər gün dostlarıyla görüşürdü, dərdləşirdi. Mən heç soruşmadım, hara gedirsən, kiminlə görüşürsən. Səhəri belə bir dəhşətli xəbərlə açdıq”.

Q.Yaquboğlu onun ailə problemləri yaşadığını deyib:

"Mövludun ailəsi ilə bağlı problemləri vardı, buna görə çox fikir edirdi. Hətta depressiya içində idi, amma yavaş-yavaş özünə gəlirdi. Mənə deyirdi ki, artıq özümə gəlirəm. Amma bizi aldadırmış. O, işimizin yaxınlığındakı beşmərtəbəli binada kirayədə qalırdı. Amma özünü işlədiyimiz binanın 17-ci mərtəbəsindən atıb. Görünür, hündür yer seçib ki, ölümü də rahat olsun”.

Şair Fərid Hüseyn isə özünün feysbuk hesabında Mövludun intiharına bu cür reaksiya verib:

"Mövludgilin evi yanırdı... 2 il bundan əvvəl idi. Tərcümə Mərkəzinin həyətində dayanıb siqaretçəkən həmkarlarla söhbət edirdim. Çölə qaçdı, arvadı və oğlu binada idi. Təlaşlıydı, təskinlik sözləri kara gələsi deyildi. Zahid Sarıtorpaq onu maşınla kirayə qaldığı evə apardı. Ailəsi və uşağı sağ çıxdı binadan... Onda Mövludun evi yanırdı. Bu günsə ocağı söndü...
Allah rəhmət eləsin!”

Tərcüməçi-yazar, "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Mövludun intiharı ilə bağlı danışmağın onun üçün çox çətin olduğunu deyib:

"İntihar artıq Azərbaycanda geniş yayılan bir epidemiyaya çevrilib. Müxtəlif dövrlərdə dünyanın müxtəlif ölkələrində bu cür hallar yaşanıb. İntihar etmək doğrudan da faciəvi bir məsələdir. İnsanın öz canına qəsd etməsi çox üzücüdür. Məncə, bu, etirazın bir formasıdır. Həyatına, yaşayışına, sosial vəziyyətinə bir etirazdır. Mən Mövludu yaxşı tanıyırdım. Çox istedadlı bir oğlan idi. Onun intihar xəbərini eşitdim və dəhşətə gəldim ki, gənc və istedadlı bir adam bu yolu necə tuta bilər, canına necə qəsd edə bilər. Hər halda Mövludun intiharı ciddi bir siqnaldır”.

Yazıçının ən yaxın qələm dostu, yazıçı Kəramət Böyükçöl isə şərq.az-a 3-4 gün öncə bir yerdə olduqlarını bildirib:

"Mənim üçün danışmaq çox ağırdı. Mövlud mənim ən yaxın dostum idi. Mövludla dünən də zəngləşdik. Səsi də yaxşı gəlirdi. Gərginlik, narahatlıq hiss eləmədim. Elə tezdən mətbuatdan eşitdim ki, belə bir hadisə baş verib. Onun intihar etdiyi binanın yanındayam. Hələ də Mövludun ölümünə inanmıram”.

Cəmiyyətdə intihar hadisələri çoxalanda insanlar gözünü ziyalı təbəqəyə dikib, onların maarifləndirmə aparmasını, insanlarən ölən ümidlərini yenidən canlandırmasını gözləyir.

Vaxtilə cəmiyyətin çirkinliyindən bezən yazıçılar və şairlər ən çətin anlarında belə o çirkinliklərə etiraz edərək şedevrlər yazıblar ki, gələcək nəsillər onların yaşadığı dövrün bütün problemlərini oxuyub hiss etsinlər.
Amma biz son zamanlar ziyalı təbəqənin özünə qəsd xəbərlərinin artdığını görürük.
Müəllim, yazar, jurnalist, hətta psixoloq belə intihar edirsə, deməli nəsə var. Bəs nə var?
Ziyalıların cəmiyyətin ən həssas təbəqəsi olduğunu vurğulayan psixoloq Azad İsazadənin sözlərinə görə, ölkədə baş verən proseslərə ən tez reaksiya verən də məhz onlar olur: "Ən çox da incəsənət, ədəbiyyat nümayəndələri gərgin anlarda təhlükəli anlar yaşayırlar”.

Özünə qəsd edən insanların ümidsizliyə düçar olduğunu deyən psixoloqa görə, insan gələcəklə bağlı planlar qurar və müəyyən müddətdə onun baş verəcəyinə ümid edər.

Amma o gün gələndə xəyal qırıqlığı yaşadığının fərqinə varar. Beləcə, həyata olan bütün ümidləri ölər və gələcəyini, sabahını qaranlıq görməyə başlar. Sabahını qaranlıq görən insanlarda isə yaşamaq həvəsi qalmır və affekt vəziyyətdə özünə qəsd edir.

A.İsazadə hesab edir ki, intiharların sayı hər nə qədər çox olsa da, cəmiyyətdə ümidsizliyə qapılan və həyatdan əlini üzən insanların sayı ondan dəfələrlə artıqdır:

"Özünə qəsd hallarının artmasından narahatıq, çünki bu artım intihara meyilli olan insanların sayının "n” qədər olduğunun bir göstəricisidir. İntiharı reallaşdıran şəxslər həyat eşqi sönən insanların 10-dan biridir. Yerdə qalan 9-nun isə hələ ki son ümidi ölməyib, onlar nəyinsə düzələcəyinə inanmaq istəyir və çıxış yolları axtarır”.

Psixoloq tövsiyə edir ki, yaxın ətrafı intihara meyilli olan insanlara qarşı daha həssas olsunlar və onlarda yaşamaq eşqini yenidən oyatmağa çalışsınlar. Yaxınları depressiyaya düşən insanları mümkün qədər tək başına qoymamalı, onların özlərinə qapanmalarına mane olmalıdırlar:

"Birlikdə çıxış yolu axtarıb, onlara məsləhətlər verməli, həyat eşqi yaratmağa çalışmalıdırlar. Bəzən bu cür vasitələrlə insanları intihar fikrindən daşındırmaq olur. Yox, əgər artıq insan intihar qərarına gəlibsə, burada söz haqqı peşəkarların üzərinə düşür. O da baxır insanın iradəsinə və həyata baxışına. Bəzi hallarda heç peşəkarlar da intihar fikrinə düşən insanları bu niyyətindən daşındıra bilmir. Bunun üçün isə mütləq həmin şəxsin özü istəkli olmalıdır. Ancaq biz onu da nəzərə almalıyıq ki, bir dəfə intihar barədə düşünən insanın növbəti uğursuzluqda yenidən bu fikrə düşəcəyi istisna deyil”.