adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2017 00:46
4855
GÜNDƏM
A- A+

Qələndər Xaçınçaylı

Pirşağa bağları...
Küləkli hava,
Yaman başlayıb
dənizdə dava.
Dəniz car çəkir,
dəniz hayqırır,
içində bir dəniz
o tapmaq üçün.
Köpüklü dalğalar
hücuma keçib,
Yatmış sahilləri
oyatmaq üçün...

Bilən deyilsən

Özümə qapanıb tənha qalmışam,
Sən mənim dərdimi bilən deyilsən.
Sinəmdə sağalmaz dağlar salmışam,
Sən mənim dərdimi bilən deyilsən.

Gör nələr söyləyir o tənha yuvam,
Ayrılıb bədəndən gedibdir bir can.
Daha mənim üçün dayanıb zaman,
Sən mənim dərdimi bilən deyilsən.

Şimal küləyidir içimdən əsən,
Qarlı bir şaxtadır bağrımı kəsən.
Ay məndən inciyən,ay məndən küsən,
Sən mənim dərdimi bilən deyilsən.

Bu dünya mənimçün artıq qocalıb,
Ayrılıq qəlbimə öz odun salıb,
Gözümdə həsrətin izləri qalıb,
Sən mənim dərdimi bilən deyilsən.

Sarılıb yollara sarmaşıq kimi
Çəkirəm içimdə mən özdərdimi.
İsidə bilməzsən soyuq qəlbimi,
Sən mənim dərdimi bilən deyilsən.

Hansı əzablardan keçib gəlmişəm,
Göz yaşı şərabın içib gəlmişəm,
Artıq kəfənimi biçib gəlmişəm,
Sən mənim dərdimi bilən deyilsən.
Taleyin yuxuma girmişdi
mənim

Bir az oturub dincəlmək istədim,
Altımdan çəkdilər palıd kötüyün.
Özümlə dərdimi bölmək istədim,
Vuruldu ömrümə açılmaz düyün.

Bölüşmək istərkən fikirlərmi,
Kəsildi əllərim dizmin üstə.
Sən açmaq istərkən öz gözlərini,
Mən isə göründüm quru qəfəsdə.

Taleyin yuxuma girmişdi mənim,
Bəxtimin qapısı paslı qıfıl var...
Çəkilmək bilmirdi dumanım, çənim,
İçində itmişdi bitmiş arzular.

Əllərim, qollarım, ayağım bağlı,
Başımı qoydular kötüyün üstə.
Ətrafda hamını ölü görürdüm,
Edam edilirdim düz sözün üstə.

İllərdən...
İllərdən corab toxudum-
Günlər ilmələrim,
Aylar sapımdır...

Yuxu

Yuxu görürdüm-
Ağ atı minib çapırdın
ağ buludun üstüylə
üzü Tanrıya doğru...
***
Ağ bulud bir gəlin,
Bir gəlin
ağ bulud paltarını geymişdi.

Dəyişmədim

Zaman dəyişdi,
Dəyişdi dünya.
Amma mən dəyişmədim.
Məkan dəyişdi,
dəyişdi, dünya,
Amma mən dəyişmədim.
Dostlar da dəyişdi,
Postlar da dəyişdi,
Amma mən dəyişmədim.
Oturdum köküm üstə
Öz zirvəmdən düşmədim.
Babalarım da belə olub
Saxlayıb el arxasını,
Heç vaxt götürməyib söz damğasını.

"Familəm, həmişə yanmaqdır peşəm"

Xalq şairi Famil Mehdiyə

Vətənin yolunda, elin yolunda
Əzəldən peşəsi bil, yanmaq oldu.
Azadlıq məşşəli yandı canında,
Alovlu gözləri yaşardı, doldu.

Qarabağ dərdinə dözə bilmədi,
Əridi şam kimi, əridi Famil.
Haqqı ayaqlayıb gəzə bilmədi,
Sözbəsöz içindən çürüdü Famil.

Hayqırdı, kişnədi, bir nalə çəkdi,
Yağdı bulud kimi ələndi yerə.
Dişinin dibindən çıxanı dedi,
Xalqına xor baxan o xainlərə.

Tutub yaxasından neçə məmurun,
Torpağın istədi, elin istədi.
Dedi, aqil olmaz satqın, nadandan,
Şərəfsiz alçağı söydü, pislədi.

Göz yuma bilmədi haqqsızlıqlara,
Cəmiyyət içində havalı gəzdi.
O,bir Nəsimiydi, çəkildi dara,
Başı müsubətli, bəlalı gəzdi.

Dedi gözlərindən yağ dama-dama:
"Mənim yaşlı anam qəribdə öldü.
Qaytara bilmədim onu Ağdama",
Göz yaşı içində bir daşa döndü.

Açdı iç üzünü pisin, kələyin,
Söydü balayanları, kaputyanları.
Tərsəvan dünyanın, çərxi fələyin
Gördü ki, işləmir düz qanunları.

Neştərli qələmi, iti sözüylə
Hamıdan irəli, qabağa getdi.
"Dillən professor" poemasıyla
Bəşərin beynində inqilab etdi.

Amansız zamanı qınağa çəkdi,
Dedi vətən üçün hay verən hanı?
Niyə mənim elim köməksiz, təkdi,
Pis günə qoydular Azərbaycanı?

Heç vaxt əyilmədi şöhrətə, ada,
Kimlərə sığınıb orden almadı.
Famil Mehdi kimi qaldı dünyada,
Yalançı şüara o, əl çalmadı.


Həyatda qocalıq görən nədəndi?

Ömrümdən bir yarpaq üzülüb düşdü,
Yaşımın üstünə bir yaş da gəldi.
Qocalığın dəni saçıma düşdü,
Həyatda qocalıq görən nədəndi?

O itən günlərim xatirə qaldı,
Ömürdən qısaldı, gündən qısaldı.
Bu sağlam canımı əlimdən aldı,
Həyatda qocalıq görən nədəni?!

Düşünən beyinim korşalıb artıq,
Eşitmir qulağım karlaşıb artıq.
Qəlbimin odu da qorlaşıb artıq,
Həyatda qocalıq görən nədəndi?!
O iti gözlərim görmür uzağı,
Əriyib giləsi, qarası, ağı,
Mənə yol göstərir ana uşağı,
Həyatda qocalıq görən nədəndi?!

Daralıb hövsələm, düz yola getmir,
Bədənim canımla yoldaşlıq etmir.
Övlad da, uşaq da məni eşitmir,
Həyatda qocalıq görən nədəndi?!

Çox vaxtsız itirdim o nazlı yarı,
Sinəmə çəkildi olmazın dağı.
Qorudum isməti, qorudum arı,
Həyatda qocalıq görən nədəndi?!

Qələndər, həyatla barışmalısan,
Hər dərdə, əzaba alışmalısan.
Getdikcə kövrəlir, əriyir bil, can,
Həyatda qocalıq görən nədəndi?!


Sevgi, o sevgi deyil

Dərdim sağalan deyil,
Qəlbimdə yaram dərin.
Bunu gözlərim deyir,
Sevgi, o sevgi deyil.

Keçdi ömür qatarım,
Gəlməz bir də baharım.
Sınıb eşqim, vüqarım,
Sevgi, o sevgi deyil.

Zənnim düşüb bir oda,
Çətin məni aldada.
Tək qalsam da dünyada,
Sevgi, o sevgi deyil.

Ürəyim buza dönüb,
Odum, atəşim sönüb,
Hər şey gözümdə ölüb,
Sevgi, o sevgi deyil.

Bəxtsiz görüb özümü,
Burda kəsdim sözümü.
Kimə tutum üzümü,
Sevgi, o sevgi deyil.

Alışmışam həsrətə,
Tanrı verən qismətə.
Vaxtsız düşdüm qürbətə,
Sevgi, o sevgi deyil.

Uzaq səfər, yolum var,
Zirvədən düşüb Qartal.
Çətin desin mənə yar,
Sevgi, o sevgi deyil.

Xaçınçaylı, az sızla,
Dərimi soy, sən duzla,
Ha gəzsən də yüz qızla?
Sevgi, o sevgi deyil.