adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Mart 2017 00:25
3377
GÜNDƏM
A- A+

QAYIDIŞA ÇAĞIRIŞ

Hazırda dünyada milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi çox genişlənib. Bunun nəticəsində öz ölkələrini tərk edib ağlasığmaz fəlakətlərə düçar olanların sayı da ilbəil artır. Statistik məlumatlara görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. 23 milyondan çox insan isə hələ də sığınacaq axtarışındadır. Bu, 20 il əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə artıqdır.
Bütün bu statistik rəqəmlərin arxasında təbii ki, insan həyatı dayanır. Biz də miqrantıq - daxili miqrant.
1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz ərazisinin işğalı, həmçinin digər ölkələrdən qaçqınların ölkəmizə miqrasiyası nəticəsində Azərbaycanda da bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. Onlardan 250 mini Ermənistandan olan qaçqınlar, 700 min nəfəri Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş məcburi köçkünlər, 50 mini Orta Asiyadan, 15 mini isə digər ölkələrdən gəlmiş qaçqınlar idi. Biz də hüquqları kobud şəkildə pozulan insanlardanıq.
Biz, Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 1 ünvanında yerləşən yataqxana binasında yaşayan məcburi köçkünlər, 25 ildən çoxdur ki, miqrant həyatı yaşayırıq. Bizi doğma yurd-yuvamızdan qovub daxili miqrant statusunu daşımağa məhkum edən işğalçı Ermənistandır. 1990-cı ildən 18 dekabrın Beynəlxalq Miqrantlar Günü kimi qeyd olunduğundan didərginlik həyatımızdan əvvəl xəbərsizdik. Böyük çətinliklə Bakıya gəlib bu gün yaşadığımız yataqxanada məskunlaşandan sonra nəinki bu, həmçinin beynəlxalq miqyaslı digər qanun və qərarlardan da xəbərdar olduq. Hətta başda BMT olmaqla seçilib-sayılan bir çox beynəlxalq təşkilatlara haqq-ədalətin bərqərar olması naminə - düşdüyümüz vəziyyətdən xilas olmaqdan ötrü dəfələrlə məktublar da ünvanladıq.
Yazdıq ki, biz XX əsrin 80-ci illərinin axırlarından etibarən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı törədilən kütləvi etnik təmizləmə siyasətinin qurbanlarıyıq. Bu siyasətin davamı olaraq doğma vətənimizdə biz də yaşadığımız yurd yerlərimizdən məcburi köçkün düşmüşük.
Yazıb məlum həqiqətləri bir daha xatırlatdıq: Azərbaycan possovet məkanında 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkədir. Ölkəmiz tərəfindən əsas ehtiyaclarımız təmin edilib, cəmiyyətə inteqrasiyamıza nail olunsa da, həmin ağır dönəmdən 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, təəssüf ki, münaqişə bu gün də həllini tapmayıb. Tarixi haqsızlıq davam edir - BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələri icrasız qalıb. ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə vermir. Ermənistan atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq mülki əhaliyə, yaşayış məntəqələrinə atəş açır.
Məcburi köçkün - daxili miqrant kimi beynəlxalq təşkilatlara ünvanladığımız məktublarda həm də bunu vurğulamışıq ki, problemin həllinə birgə səylər göstərilməsinin vacibliyi qaçılmazdır. Belə ki, qaçqın və məcburi köçkün problemini yaradan səbəblərin aradan qaldırılması, münaqişələrin həll edilməsi üçün planetimizdəki bütün insanların həmrəyliyi ən vacib amildir. Beynəlxalq ictimaiyyətin səyi ilə məcburi köçkünləşmə halları aradan qaldırılmalı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ədalətli mövqe nümayiş etdirib insanların sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin etməlidir.
Biz yaxşı bilirik ki, yeni dünya düzəninin diktə etdiyi obyektiv gerçəkliklər fonunda məskunlaşdığımız ünvanın - Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 1-də yerləşən yataqxana binasının çox önəmli yeri var. Çünki qloballaşma prosesi bütün mütərəqqi cəhətləri ilə yanaşı, miqrasiyanın da çevik mexanizmlər əsasında idarə olunmasını aktual məsələlərdən birinə çevirib. Bu baxımdan, ölkəmizdə də müvafiq miqrasiya siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyin ilk illərində bir milyon qaçqın və məcburi köçkün axını Azərbaycan üçün də çox ağır iqtisadi böhran yarada bilərdi. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi düzgün strategiya nəticəsində bu problem mərhələli şəkildə həllini tapdı.
Biz bu sahədə 19 mart 2007-ci ildə yaradılan Dövlət Miqrasiya Xitmətinin fəaliyyətini yüksək dəyərləndiririk. Xidmət yaranandan bizim - qaçqın və məcburi köçkünlərin problemlərinə daha vacib məsələlər sırasında həmişə diqqətlə yanaşılıb. Bir çox önəmli məsələlərin həllində uğurlu nəticələr əldə olunub.
Miqrasiya qloballaşan dünyanın əhəmiyyətinə görə ön cərgədə dayanan ən həssas bir sahəsi olduğundan bu gün DMX çox məsuliyyətli bir vəzifə yerinə yetirir. Müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi istiqamətində görülən işlər sırasında ən mühüm məsələlərdən olan miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi bu quruma həvalə edilib.
Biz yaxşı bilirik ki, fəaliyyət göstərdiyi 10 il ərzində DMX-nin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətini həyata keçirmək, miqrasiya proseslərinin idarə edilməsi, tənzimlənməsi və proqnozlaşdırılması sistemini inkişaf etdirmək, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdir. Bu gün strukturunda mərkəzi aparatdan əlavə 8 regional idarə, qanunsuz miqrantların saxlandığı 2 mərkəz, tibbi mərkəz və tədris mərkəzi olan Dövlət Miqrasiya Xidməti ona ölkə rəhbərliyi tərəfindən həvalə edilmiş, həmçinin bu xidmətin əsasnaməsində nəzərdə tutulan vəzifələri uğurla yerinə yetirir.
Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gündən miqrasiya sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət, habelə müxtəlif ölkələrin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Ötən dövr ərzində DMX tərəfindən beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə münasibətlərin inkişaf etdirilməsi, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addım atılıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilib. Almaniya Federativ Respublikasının, Niderland, Belçika, İsveç və Norveç Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyasının aidiyyəti qurumları ilə bir sıra görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub.
Biz yaxşı bilirik ki, qloballaşan dünyada yalnız bir etnik tərkibdən ibarət dövlətin mövcudluğu mümkünsüzdür. Ona görə də dövlətlər müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmağı bacarmalıdır. Bu baxımdan, ölkəmizdə multikultural dəyərlərə verilən qiymət, tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə müsbət təsir göstərən mühüm amillərdəndir. Amma şübhəsiz ki, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin qarşısının alınmasına da ciddi önəm verilir. İstənilən halda insan-vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm prinsipləri əsas götürülür.
Biz yaxşı bilirik ki, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik inkişaf, demokratiya, geniş beynəlxalq əməkdaşlıq kursu, neft və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət nəticəsində yaradılan şərait ölkəmizi xarici investorlar və miqrantlar üçün cəlbedici edib. Məhz miqrasiya proseslərinin intensivləşməsi səbəbindən bu gün Azərbaycan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib.
Bütün bunlar uğurlu miqrasiya idarəçiliyinin təmini ilə yanaşı, həm də Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir tələbdir. Avropanın miqrant problemi qarşısında aciz qaldığı bir vaxtda Azərbaycanda bu sahədə hökm sürən sabitliyin arxasında məhz miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə olunması və demokratik vəziyyətin daim nəzarətdə saxlanılması kimi vacib şərtlər dayanır.
Biz yaxşı bilirik ki, bu gün Əfqanıstanda, İraqda, Suriyada olan mürəkkəb siyasi şərait və döyüş əməliyyatları həm MDB ölkələrinə, həm də bizim regiona təsiri olan miqrasiya proseslərinin güclənməsində müəyyən rol oynayır. Bu proseslərin mürəkkəb və müəyyən qədər kortəbii olması, habelə onlarla bağlı risklər həm milli, həm də beynəlxalq səviyyədə miqrasiya siyasətinə yeni yanaşma tələb edir. İntensiv miqrasiya prosesləri dünyanın müxtəlif regionları kimi, Azərbaycan üçün də xarakterik olduğundan DMX bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə qatılır, konvensiyalara qoşulur, əməkdaşlıq sazişlərinə imza atır. 21 sentyabr 2016-cı ildə BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçirilən "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində "Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol" adlı dəyirmi masada iştirakı, 12 oktyabr 2016-cı ildə Bakıda keçirilən MDB üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası,
8 dekabr 2016-cı ildə Cenevrədə "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım üzrə Pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi"nin imzalanması mərasimi ölkəmiz üçün bu baxımdan çox əhəmiyyətlidir. Adıçəkilən sonuncu mərasimdə sazişi Azərbaycan tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar. Azərbaycan nümayəndə heyəti ilə beynəlxalq tədbirlər çərçivəsində işgüzar görüşlərini xatırlayan Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, həmçinin ölkəmizdə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb.
Fəxrlə bunu da qeyd edək ki, Azərbaycan MDB məkanında Miqrasiya Məcəlləsi qəbul etmiş ilk ölkədir.
Biz, doğma ölkəmizdə daxili miqrant kimi yaşayan məcburi köçkünlər bütün bu uğurlu göstəriciləri sadalamaqla yanaşı, Azərbaycan vətəndaşı olaraq öz torpaqlarımızda - bu gün düşmən tapdağı altında olan əzəli-əbədi yurd yerlərimizdə yaşamaq istəyirik. Ölkəmizdə bizim üçün yaradılan şərait bütün dünyaya nümunə olsa da, Prezidentimiz İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrinə güvənib ana yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik.
Biz dayanıqlı, davamlı inkişaf naminə, insanlığa səslənirik: müasir dünyada mövcud olan ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə sürükləyir. Bizim - bərabərsizlik, ədalətsizlik görən insanların mühafizəyə çox ehtiyacımız var. Çox istərdik ki, planetimizin əsas sərvəti olan insanlar bir-birini qorusunlar.
İnanırıq ki, çağırışımızı Dövlət Miqrasiya Xidməti məqsədyönlü işi ilə həmişəki tək yenə ön sıralarda cavablandıracaq. Bu qurumu gərəkli fəaliyyətinin 10 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycan adını ucaltmaq naminə daim uğurlu nailiyyətlər arzulayırıq.
P.S. Dövlət siyasətinin prioritet istiqamətlərindən olan miqrasiya məsələlərini məcburi köçkünlər adından, onların doğma yurd-yuvalarına qayıdış çağırışı ilə qələmə alan

AİDA QULİYEVA
Redaksiyadan: Yazı Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibəti ilə keçirilən müsabiqədə I yerə layiq görülüb.