adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Mart 2017 17:08
8498
MƏDƏNİYYƏT
A- A+

Vaqif Mustafazadənin ad günüdür

Bu gün Azərbaycan caz musiqisinin banisi, bəstəkar, pianoçu, əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ad günüdür.

Adalet.az-ın məlumatına görə, cazmen 1940-cı il, martın 16-da İçərişəhərdə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub.

V.Mustafazadə əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib.

Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyasının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir.

O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanıb. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

O, 16 dekabr, 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.

Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadın sənətçisi olub. Qızı Əzizə Mustafazadə atasının yolunu davam etdirir.