adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2017 15:16
4835
MƏMLƏKƏT
A- A+

Bakıda su həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilir

"Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi davam edir. Proqram çərçivəsində dünən "Azərsu" ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Səhmdar Cəmiyyətdən Adalet.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq Prezident Administrasiyasının rəhbərinin müavini, prezidentin köməkçisi Əli Əsədov ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, dünyanın 40-dək ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə diqqət və marağın yüksək olduğunu göstərir. "Konfrans qədim ənənələrə malik Azərbaycan xalqının milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan verir. Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərib. Şollar-Bakı Su Qurğuları Kompleksinə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda müzakirə olunan mövzular təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparacağı müzakirələr mövcud problemlərin öyrənilməsinə və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq".

Daha sonra çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanın su təchizatı tarixinə nəzər salaraq son 100 ildə Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edilməsi istiqamətində mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirib. Səhmdar Cəmiyyətin sədri qeyd edib ki, 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bugünlərində istismara verilib: "Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşüb".

Q.Hüseynov qeyd edib ki, su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir və ölkə rəhbərliyi bu sahənin inkişafına xüsusi diqqət göstərir: "Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir".

Dünya Su Şurasının prezidenti Benedito Braqa isə çıxış edərək bildirib ki, 100 il əvvəl olduğu kimi bu gündə sudan istifadə məsələsi aktuallığını saxlayır və prioritet əhəmiyyət kəsb edir: "Dünyada su çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində ciddi işlər görülür və insanların sudan səmərəli istifadə etmələri yönündə maarifləndirmə işləri aparılmaqdadır. Burada önəmli məqam tələb və təklifin bir-birinə uyğunluğudur. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatlarına uyğun istifadə olunur. Dünya Su Şurası olaraq bildirmək istəyirik ki, bu sahədə Azərbaycan kifayət qədər təcrübəyə malikdir. Lazım gələrsə biz də öz dəstəyimizi göstərməyə hazırıq".

Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Uilyam Lindley nəslinin nümayəndəsi Babli Lindley çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Açılış mərasimindən sonra konfrans bölmə iclasları ilə davam etdirilib. "Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi", "Qədim tarixi su qurğuları", "Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər", "İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi" mövzularında keçirilmiş bölmə iclaslarında məruzələr dinlənilib, aktual məsələlər ətrafında müzakirələr aparılıb.