adalet.az header logo
  • Bakı 12°C
16 Mart 2017 15:42
33582
MƏDƏNİYYƏT
A- A+

“Geyilməmiş ayaqqabılar” itkilərimizin ünvanını göstərir

Rejissor Rza Rzayev "Geyilməmiş ayaqqabılar” filmini təqdim elədi. Təqdimat mərasimində xeyli ziyalımız xoş sözlər dedi bu film haqqında...

Amma Rza Rzayev bu filmlə heç də xoş söz demirdi...

O itirdiklərimizin ünvanını göstərirdi. Vətənpərvərlik şüarı demədən.

Sadəcə bildiyim budur ki, Azərbaycan cəmiyyətinə ilk dəfə idi ki, belə bir mesaj verilirdi. Və bu mesajın müəllifi idi Rza Rzayev...

***

Bir neçə il əvvəl bir ingilislə qatarda yol yoldaşı oldum. Qarabağlı olduğumu, doğma şəhərim Ağdamın işğal altında olduğunu biləndə mənə bir əhvalat danışdı.

Bu ingilisin bir yəhudi uşaqlıq dostu varmış. Həmin yəhudiyə valideynləri alma yeməyi qadağan ediblərmiş. Hətta dostu öz evlərində də ona alma təklif edəndə yemirmiş. Yəhudinin uşaqlıq dostu olan yol yoldaşım, ancaq gənclik dövründə bilir ki, alma yeməməyin sirri nədir. Sən demə yəhudi uşağın valideynləri oğlanlarına alma yeməyi qadağan edib və ona deyirmişlər: "Sənin almaların Yerusəlimdədir. Alma yemək istəyirsənsə Yerusəlimə getməlisən”.

Yol yoldaşımın bu söhbətindən sonra Qarabağ haqda danışmadıq. Və bu söhbətdən sonra çox düşündüm ki, biz övladlarımızı "alma”dan məhrum etməyə qıymırıq, amma əvəzində onlara bolluca vətənpərvərlik şüarları öyrədirik. Vətənpərvərlik yox, vətənpərvərlik haqda şüarlar. Həm də təkcə uşaqlara yox...

***

Ayaqqabı mövzusu mənə çox doğmadı. Bu mövzuda mən də sənədli bir film çəkmişəm. Və Rza Rzayevin filminin adını eşidəndə çox maraqlandırdı məni...

Ağdamda Rahib Məmmədov adına bir muzey var. O muzeydə bir çüt əsgər çəkməsi var. Bu çəkmələr Samir Abdinova məxsusdur. Samir 1992-ci ilin martında şəhid olub. Şəhid olmazdan 12 gün əvvəl, fevralın 26-da meşədə xilas etdiyi Xocalı sakinini ayaqyalın görən Samir öz çəkmələrini ona verib.

10 il bu çəmləri saxlayan Elyana Hümbətova nəhayyətdə bu çəkmələrin kimə məxsus olduğunu tapa bilir. Amma Elyanaya onu da deyirlər ki, Samir bu hadisədən 12 gün sonra Əsgərəan ətrafında gedən döyüşlrə həlak olub...

Bu yerdə bir haşiyəyə çıxıb filmi hazırlayan zaman Samirin anasından eşitdiyim maraqlı bir əhvalatı danımaq istəyirəm...

Samir 26 fevralda axşam üstü evə gəlir. Anası görür ki, ayaqyalındı. Samir əhvalatı danışır. Amma ana bilirsiniz Samirə nə deyir?

Axı ana üçün övladının ayağına daş dəyməsi ən böyük faciədir...
İndi fikirləşin Samirin anası nə deyir övladına?

"Ay bala, səndən başqa adam yox idi, ayaqqabısını ona verə?”

Amma Samirin cavabı ananın nitqini dondurur:

"Ay ana, mən də elə bildim deyəcəksən ki, südüm sənə halal olsun”.

Samiri məhz anasının verdiyi tərbiyə döyüşçü eləmişdi...

***

Rza Rzayevin filmini çox diqqətlə izlədim. Filmdə zəhmət çəkən digərlərinin əməyinə kölgə salmaq istəmirəm. Amma bu film məhz Rzanın düşüncəsi, onun dünya görüşüdür. Bu filb başdan-ayağa Rzadır. Və bu günümüz üçün heç kimin demədiyi, amma ən vacib olan bir fikri deyir: "Mən ayaqqabımı öz kəndimizdə geyinəcəm...”

Əlbəttə ayaqqabı sadəcə bir simvoldur. Bizim torpaqlarımızla birlikdə itirdiklərimizin ümumiləşdirilmiş obrazıdır.

Biz Qarabağla bərabər hər şeyimizi itirmişik...

Bizim hər şeyimiz o torpaqda, Qarabağdadı...

Vəssalam...

Rza da məhz bunu deyirdi...