adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2017 15:37
8329
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbi ilə BP-nin növbəti layihəsi

Bakı Ali Neft Məktəbi (BANM), BP və Twenty Eighty Strategy Execution şirkətləri ilə əməkdaşlıq çərçivəsində "Layihələrin İdarə Olunması Məktəbinin" (School of Project Management-SPM) açılış mərəsimi keçirildi. Tədbirdə BP-nin və SOCAR-ın rəhbərliyi, SPM-in məzunları, işgüzar cəmiyyətlərin - AMCHAM (Amerika Ticarət Palatası), BBG (Britaniya Biznes Qrupu), AHK (Almaniya-Azərbaycan Ticarət Palatası) nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qonaqları salamlayaraq layihə haqqında qısa məlumat verdi.

BP-in Əlaqələr, Xarici İşlər və Regional Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında qeyd etdi ki, təhsil müəssisələri ilə aparıcı şirkətlərin əməkdaşlıq etməsi bu gün çox aktualdır. "Layihənin bu yeni dövründə biz icraçı tərəf qismində çıxış edən, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan "Twenty Eighty Strategy Execution" şirkəti ilə və hamımızın çox yaxşı tanıdığımız Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcəyik. Ümidvarıq ki, bu yeni əməkdaşlarla "Layihələri İdarəetmə Məktəbi" daha böyük nailiyyətlər qazanacaq", - B.Aslanbəyli dedi.

BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin BP şirkəti ilə geniş əməkdaşlığından söz açaraq, BANM-in transmilli şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi. O, qeyd etdi ki, BANM-də idarəçilik məktəbinin yaradılması üçün gələcəkdə işgüzar mühitində çalışacaq hər bir fərd üçün əvəzedilməz imkanlarla təmin edəcək. ""Layihələrin İdarə Olunması Məktəbinin" BANM-də fəaliyyəti Ali Məktəbimizin nailiyyətlərinin bir daha tanınması deməkdir və biz xüsusi fəxr ilə qeyd etmək istərdik ki, bilikləri ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən təsdiq ediləcək SPM-in məzunları məhz bizim məktəbimizdə belə yüksək biliklərə yiyənələcəklər", - rektor deyə bildirdi.

Twenty Eighty Strategy Execution şirkətinin proqram meneceri Ed Hyuz BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirdi. O, qeyd etdi ki, "Layihələrin İdarə Olunması Məktəbində" iştirak edən hər bir mütəxəssis layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə etmiş olacaqlar.

Çıxışlardan sonra tərəflər arasında Anlaşma Memorandumu imzalandı.

Qeyd edək ki, "Layihələrin idarə edilməsi məktəbi" proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilmişdir. Twenty Eighty şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Artıq layihənin 1-3 mərhələləri həyata keçirilmiş və proqramda müxtəlif yerli və beynəlxalq dövlət və özəl sektorun aparıcı mütəxəssisləri iştirak etmişdilər. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak etmişdir. Onlardan 129-u magistr sertifikatı, 192-si isə digər sertifikatlarla təltif olunublar. Artıq Bakı Ali Neft Məktəbinin dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə 52 mütəxəssisə təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcəkdir.