adalet.az header logo
  • Bakı 20°C
16 Mart 2017 00:20
13774
LAYİHƏ
A- A+

Hüseyn Kürdoğlunun poeziyasında Azərbaycan təbiəti

(Əvvəli 10-11 mart saylarımızda)

İşıqlı dağı, Calbayır, Üç qardaş, Əlyetməz yaylaqları şair Hüseyn Kürdoğlunun ilham pərisi idi. Elə ona görə də "Laçın" rayon qəzetində müntəzəm çap olunan "İşıqlı üfüqlər" ədəbi yaradıcılıq məclisi də onun təşəbbüsü ilə belə adlanmışdır.
Dağların hər dərəsində, bərəsində, keçidlərində, ormanlarında bir buz bulaq qarşına çıxır. Qarşına çıxan hər bulaqdan su içməsən ürəyində nisgil qalardı ki, görəsən, o bulaqdan su içdimmi? Əgər su içmədən keçərsənsə bulaq səndən küsər. Odur ki, gizlicə o yana bu yana baxırsan. Dizlərini yerə qoymasan, bulağa baş əyməsən, onu öpməsən, hər bir bulağdan su içməsən, dadmasan, tamı başqa olduğunu hiss etmərsən. Onda adama başqa ləzzət verir, ürəyinin yanğısını söndürür.
Şair sadə sözlərlə vəsf edilən bu misralarda təbiətin təsvirindən, onun təbiətə vurğun olmasından, təbiəti sevməsindən, ondan zövq, ilham almasından bəhs etmişdir. Bəzən fikirlərimizin daha da qüvvəli olması üçün belə ifadələrdən istifadə edirik. Göylərin yeddinci qatından enən, torpağın yeddinci qatından çıxan sözlərdən, kəlmələrdən çox vaxtlar istifadə edirik. Bəlkə də torpağın yeddinci qatından torpağın üstünə çıxmağa can atan saf incilər, damlalar xeyli məsafələr qət edərək, yol açaraq bizə qədər gəlib çatırlar. Arxlar yaranır, daha sonra genişlənərək, özünə güc toplayaraq bulaq suları çayların əmələ gəlməsinə, qüvvəli olmasına daha da daşqın, coşqun olmasına səbəb olur.

Dəli dağdan Arazacan yol gedər,
Min şaxəli, min budaqlı Həkəri,
Vəcdə gəlir ağ günündən ellərin,
Vadiləri bağça bağlı Həkəri.

Heç görmədim sakit olub kiriyə,
Ağ ləpələr oxşar köçən sürüyə,
Çox bürünər bəyaz duman bürüyə,
Körpüləri hilal tağlı Həkəri.

Sadə, ədalətli, ürəyi yumşaq olan insanlar bu cür ömür yaşayırlar. Eldə, obada, cəmiyyətdə böyük hörmət və nüfuz qazanıblar. İnsanların qəlbində yuva salmaq üçün Ulu tanrı həmin şəxslərə məhəbbət və ilham vermişdir. Onun tutduğu bu yolda, xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zivəsinə çatmışdır. Gənclik illərindən Laçına, onun dağ kəndlərinə, el-obasına, təbiətinə bağlı olması, pillə-pillə, addım-addım zirvələri fəth etməsi elmdə, yaradıcılığında da özünü büruzə vermişdi. Yaranan, əldə olunan nailiyyətlər məhz bununla bağlıdır.

Anamsan, dizinə baş qoydum yenə,
Şir qüvvəsi tapdı dizim, ay Laçın,
Sənin bu qıjovlu gur çaylarında,
Qızıl balıqlar tək üzüm, ay Laçın.

Coşum Dəli dağın boranı kimi,
Şeh səpim Qırxqızın dumanı kimi,
Məcnun bulağının mərcanı kimi,
Şeirimi yaxana düzüm, ay Laçın.

Bizi əhatə edən bütün aləmdə gərəksiz heç nə olmasa da, hər bir gündə, ayda, fəsillərdə dəyişikliklər müşahidə olunur. Yaranan hər bir təbiət nümunəsinin öz adı vardı. Onların da öz xarakter, xüsusiyyətləri mövcuddur. Gülün, çiçəyin yazda, baharda açması, təzə gülün, çiçəyin görünüşü insanları valeh edir. Ancaq onu vaxtında dərməyəndə rəngini, təravətini itirməyə başlayır. Onu gərək vaxtında dərəsən, qoxlayasan ki, gül, çiçək vaxtı keçməsin, öz təravətini itirməsin. Gülü, çiçəyi vaxtında dərməyəndə "qocalır", ömrünü başa vurur. Yaddan çıxan, unudulan, bəzən görünməyən yerdə bitən gül, çiçək öz gözəl qoxuları ilə dilə gəlir sanki, insanları onu dərməyə "səsləyir". Hərəkətə gələrək qoxunu, iyini ətrafa çiləyir, yayır.
İnsanları özünə cəlb etməyə çalışır, çağırır. Canlıların hamısının müxtəlif, başqa-başqa xüsusiyyətləri var. Əsas ünsiyyət vasitəsi olan hərəkətlər, nitq, danışıqlar yaradır. Səsin də yaranması buna xidmət edir. Quşların oxuması, bülbüllərin cəh-cəhi musiqinin kəşfidir. Kəkliklər boz qayalarda məskən salır, onun tüklərim rəngi boz olması təbiətlə ahəngdir. Hərəkət etməsə, oxumasa, səs-küy salmasa, səsin çıxarmasa, təbiətdən seçilməz, hiss olunmaz. Ancaq onun öz dilində qəhqəhə çəkməsi bəzən başına bəla gətirir.

Oxuma, kəklik, oxuma,
Qarşıda yağı gizlənib,
Səni də vurar, məni də,
Əldə yarağı gizlənib.
O qanlı daşın dalında,
Ac qurd sayağı gizlənib,
Oxuma, kəklik, oxuma!

Hüseyn Kürdoğlunun ilham mənbəyi təbiət idi. Ona görə yaranan hər bir şeir böyük məna, məzmun bəxş edir. Təhlil edirsən, düşünürsən. Həyati hadisələr, təbiətdə baş verən maraqlı məqamlar yada düşür, gözlərinin qarşısında canlanır. Oxuduğumuz şeiri böyük bir tarixi hadisələr haqqında yazılmış dastana, romana bənzətmək olar. Üç, beş, bəzən də, on misrada yazılan şeirin, əsərin girişi, başverən hadisələrin ardıcıllığı, ideyası, məqsədi, sonluğu oxucunu qane edir.

Gədikdən bir payız dumanı keçir,
Xəzan soyundurub ormanı keçir,
Bir an sakit olun, çaylar, çeşmələr,
Dağ üstdən dumanlar karvanı keçir.

Gün doğdu, tərk etdi duman bu dağı,
Nə xoşbəxt yaratmış zaman bu dağı,
El yolu dolanıb çiynindən aşır,
Heç vaxt aşa bilməz hicran bu dağı,

Gönlüm Dəli dağın divanəsidir,
Şeirim bu yerlərin əfsanəsidir,
Pərvanə çırağın aşiqidirsə,
Qartal da zirvələr pərvanəsidir.

Geyindi, bəzəndi, sonalandı yar,
Döndü bir kəkliyə, xınalandı yar,
Mənim vətənimdir, mənim torpağım,
Leylisi, Şirini can alan diyar.

Hüseyn Kürdoğlunun əsərlərinin yaranması, ərsəyə gəlməsi, onun yuxusuz gecələrinin, geniş düşüncəsinin, ağıl və zəkasının, vətənə, insanlara olan sevgisinin, məhəbbətinin, təbiətə bağlı olmasının nəticəsidir. Şairin təbiətin gözəlliyini tərənnüm edən çox sayda şeirləri yaranmışdı. Belə gözəlliklərin tərənnüm olunmasının mərkəzində insanlara qarşı olan istək, məhəbbət də öz yerini tapmışdır. Ölçüsü müəyyən olunmayan təbiət sevgisi, ona bağlılığı, məhəbbəti, arzusu, ilham mənbəyi olaraq şairlik zivəsinə qədər gətirib çıxarmışdır. Bir o qədər coşqun, daşqın istəyin, məhəbbətin içində qovrulub, yanan, sevən şair Hüseyn Kürdoğlu heç olmasa özünə bir gün müəyyən edə bilmişdi. Gözəlliyin içinə qərq olan şair, axır ki, istəyinə, seçiminə, məqsədinə çata bilmişdi. Ömür-gün yoldaşı Fəridə xanımla birlikdə həyat yollarında qoşa addımlaması onu daha da təkminləşdirdi, yaş isə yavaş-yavaş öz işini görürüdü, ağsaqqallığa məcbur etdi. Sevgi, məhəbbət aləmində, qayğılar da bir yandan üst-üstə cəm olmağa başladı. Həyat yoldaşıma, üç övladıma qarşı olan sevgisi, məhəbbəti daha da artdı, yeni-yeni şeirlərin, mövzuların yaranmağa sövq etdi.
Laçın dağlarının uca zirvəsindəki bəyaz qar son vaxtlar Baba Hüseynin saçlarına köçmüşdü. Altı nəvəsi də bir tərəfdən "ona rahatlıq vermirdilər". Hərəsi bir tərəfə çəkirdilər. Onunla gəzməyə çıxmağa can atırdılar. Nəvələrindən, onların şıltaqlığınnan yorulmasa da biraz yayınan kimi həm qafiyə sözlər yan-yana düzülməyə başlayırdı. Onların hərəsinə bir şeir çələngi vəsf etmişdir.
Hüseyn Kürdoğlu Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xəttini həkk edən şəxsiyyətlərdən biri olmuşdur. Uzun müddət, ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Onun həyatı, yaradıcılığı, elmi axtarışları, tərcümələri tədqiqat mövzusu, möhkəm təməli olan araşdırmaları, ədəbiyyat tarixçiliyi ilə nəzəriyyə bir-birini tamamladığı üçün daha mükəmməl, uzunömürlü əsərlər meydana çıxara bilər. Ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə düşünüb-daşınmalı, onun adına layiq addımlar atılmalıdır.

Nemət BƏXTİYAR
AJB-nin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ