adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Mart 2017 15:00
5081
MƏMLƏKƏT
A- A+

SÜRÜCÜLƏR MƏSULİYYƏTDƏN YAYINA BİLMƏDİLƏR

Xarici markalı avtomobil Yol Patrul Xidməti Alayının 9-cu tağımının stasionar postunda polis baş serjantı Pənah Alıyev tərəfindən saxlanıldı. Sürücü bundan bərk əsəbləşdi və dedi:

- Rəis, məni niyə yarı yoldan eləyib getməyə qoymursunuz? Axı toya tələsirəm.

Polis baş serjantı bildirdi ki, sürücü nəqliyyat vasitəsini sığorta elətdirməyib. Elə buna görə də avtomobil saxlatdırılıb. Eyni zamanda nəqliyyat vasitəsini sığorta elətdirən sürücülər verilmiş sənədi də maşının alın şüşəsinə yapışdırırlar. Təbii ki, bu sənəd də sürücüdə yox idi. Polis baş serjantı Pənah Əliyev sürücünün nəzərinə mövcud qayda pozuntusunu çatdırandan sonra o bir söz demədi və nəqliyyat vasitəsinin sürücüsü 50 manat məbləğində cərimə edildi.

Ümumiyyətlə, bir çox sürücülər avtomobillərin icbari sığortasına barmaqarası yanaşır və çox vaxt da bu məsələni diqqət mərkəzində saxlamırlar. Hələ üstəlik bununla yanaşı, bəzi sürücülər avtomobilləri vaxtında texniki baxışdan belə keçirməkdə maraqlı deyillər. Aydındır ki, bu qayda pozuntularına görə, nəqliyyat vasitələri istənilən yerdə saxlanıla bilər. Ona görə də hər bir sürücü vaxtlı-vaxtında idarə etdiyi avtomobili texniki baxışdan keçirməli və icbari sığorta etdirməlidir.

Yol Patrul Xidməti Alayının 9-cu tağımı Bakı-Qazax yolunun 368-ci kilometrindən 510-cu kilometrinə qədər xidmət aparırlar. Əlbəttə, bu xidmətlər hər bir yol polisi əməkdaşından yüksək peşəkarlıqla yanaşı, məsuliyyət də tələb eləyir. Yəni yol polisi əməkdaşı sutkanın 24 saatı ərzində xidmət apararkən yol hərəkəti qaydalarına əməl edilməsini diqqət mərkəzində saxlayır və qaydaları pozan sürücüləri məsuliyyətə cəlb eləyir.


Son vaxtlar isə Bakı-Sumqayıt yolunda baş vermiş mikroavtobusun qəzaya uğraması hər bir tağım əməkdaşını daha diqqətli və məsuliyyətli olmağa sövq edir. Səhər saatlarında 9-cu tağımın komandiri, polis kapitanı Aqil Məmmədov növbəni qəbul edən əməkdaşların diqqətinə bir daha rəhbərliyin tapşırıqlarını çatdırır. Bildirir ki, sərnişindaşıma qaydalarına qarşı mübarizənin gücləndirilməsini rəhbərlik bizdən tələb edir. Gərək biz də bu sahədə olan mövcud nöqsanları aşkar edək və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görək. Çünki bir çox mikroavtobus sürücüləri qanunsuz surətdə fəaliyyət göstərir, əlavə oturacaq quraşdırır, həkim arayışı olmadan sükan arxasında əyləşir və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edir. Təbii ki, belə hallarda hər hansı qəzanın baş verməsi labüddür. Əgər biz vaxtında bu cür qanun pozuntularını aşkar etsək, istər-istəməz baş verə biləcək qəzaların qarşısının alınmasını xeyli təmin etmiş olarıq.


Reyd zamanı sərnişindaşıma qaydalarının pozulmasına qarşı ciddi mübarizə aparılıb. Belə ki, 9-cu tağımın son bir həftədə həyata keçirdiyi tədbirlər nəticəsində onlarla yol hərəkəti qaydasını pozan və qanuna əməl etməyən mikroavtobus sürücüsü saxlanılıb. Onlar stasionar postda dayandırılarkən barələrində araşdırma aparılıb və qaydaları pozan sürücülər haqqında inzibati protokol tərtib edilib. Kobud qayda pozuntusuna yol verən bir neçə mikroavtobus sürücüsü xətdən kənarlaşdırılıb. Bu cür sərt tədbirlərin həyata keçirilməsi istər-istəməz hərəkətin təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.


Ümumiyyətlə, qeyd etməliyik ki, 9-cu tağımın əməkdaşları qış mövsümündə də çox ciddi işləyib və mövcud nöqsanları aradan qaldırmağa nail olub. Qarlı-çovğunlu günlərdə tağım əməkdaşlar gücləndirilmiş iş rejimində çalışıblar. Elə bunun nəticəsidir ki, mürəkkəb hava şəraitində qar yağarkən və yollar buz bağlayarkən ölümlə nəticələnən hadisələr baş verməyib. Aydındır ki, bayaq dediyimiz kimi, bütün bu müsbət göstəricilər tağım əməkdaşlarının gərgin əməyi nəticəsində əldə edilib.

9-cu tağımın komandiri, polis kapitanı Aqil Məmmədov bildirir ki, bu ilin yanvar ayının 1-dən mart ayının 8-dək xidmət apardığımız Bakı-Qazax avtomobil yolunda 2925 yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. Bunların 360-ı kobud qayda pozuntusudur. Buna görə həmin sürücülər bal sistemiylə cəzalanıblar. Bununla yanaşı, sükan arxasında əyləşmiş 50 sərxoş, sürücülük hüququ olmadan avtomobili idarə edən 50 sürücü, ötmə əməliyyatını pozan 305 sürücü, etibarnaməsiz nəqliyyat vasitəsini idarə edərkən saxlanılan 45 sürücü, manevretmə qaydasını pozan 140 sürücü, sərnişindaşıma qaydasını pozan 50 sürücü, texniki baxışdan keçməyən 80 sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər. Onu da qeyd edim ki, sutkanın 24 saatı ərzində gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlarımız xidməti maşınlarda mövcud təhlükələri sürücülərin nəzərinə çatdırmış və onları maarifləndirmişdilər. Nasaz vəziyyətdə yolda qalmış nəqliyyat vasitələri qəza şəraiti yaratmamaq üçün vaxtında həmin yerdən uzaqlaşdırılmışdır.

Havaların get-gedə qızması bir daha bu istiqamətdə nəqliyyat vasitələrinin daha da çoxalmasına şərait yaradır. İntensiv hərəkətdə isə daha diqqətli olmalı və kobud qayda pozuntularına yol verilməməlidir. Keçirilən reydlərdə 9-cu tağımın əməkdaşlarından polis baş leytenantı Elnur Zeynalov, polis baş serjantları Pənah Əliyev, Xəyal Məmmədov, Nəsir Həsənov, Babək Bəhramlı fəal iştirak ediblər. Bu əməkdaşların hər birinin iş əmsalı yüksəkdir və öz vəzifə borclarını yüksək peşəkarlıqla yerinə yetirirlər.

Sürücülər respublikanın avtomobil yollarında bir daha diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməli və avtomobilləri teniki baxışdan vaxtında keçirməlidilər. Çünki texniki cəhətdən nasaz olan avtomobil hər an qəzaya uğraya bilər və eləcə də digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradar. Ona görə də 9-cu tağımın komandiri, polis kapitanı Aqil Məmmədov bir daha sürücülərə xəbərdarlıq edərək bildirir ki, onlar sürət həddinə əməl etsinlər, ara məsafəsi saxlasınlar və bir sözlə, kobud qayda pozuntularına yol verməsinlər. Təbii ki, nəqliyyat vasitəsini mövcud qaydalara uyğun idarə edən sürücülər həmişə onları gözləyən təhlükədən uzaq olurlar və mənzilbaşına da sağ-salamat çatırlar.

Reyddə iştirak etdilər: Aqil MƏMMƏDOV – Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri, polis kapitanı; Elnur ZEYNALOV – 9-cu tağımın əməkdaşı, polis baş leytenantı; Pənah ALIYEV – 9-cu tağımın əməkdaşı, polis baş serjantı; Xəyal MƏMMƏDOV – 9-cu tağımın əməkdaşı, polis baş serjantı; Babək BƏHRAMLI – 9-cu tağımın əməkdaşı, polis baş serjantı; Nəsir HƏSƏNOV – 9-cu tağımın əməkdaşı, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı