adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: ATASININ MİLYONLARINDAN İMTİNA EDƏN OĞUL

AQİL ABBAS
91751 | 2017-03-16 16:12

Bir yerdə böyümüşdük.Məndən bir yaş böyük idi. Qonşuluğumuz da vardı, qohumluğumuz da. Möhkəm dost idik,amma bu dostluğun qohumluğa qəti dəxli yox idi. Atamla da dost idi, söhbətləri tuturdu.Nə vaxt Ağdama gəlsə və rayonda neçə gün qalırdısa demək olar ki, hər axşam bizə dəyərdi. O, Xalq Təsərrüfatı İnstitutundaoxuyurdu, mən orta məktəbin axırıncı sinifində.

Çox böyük dünyagörüşüvardı. Demək olar ki, oxumadığı kitab yox idi. Bizi də bağlayan qohumluq yox, elə kitablarıydı. Mən rusca yaxşıbilmirdim, o da mənim oxuya bilmədiyim əsərlərhaqqında danışardı.

Yekəlik olmasın,elə onların da nəslində, bizim də nəsildə iki oxuyan vardı - biri o idi,biri mən.

Sonra mən də universitetədaxil oldum, böyük qardaş kimi əlimdən tutub Bakı şəhərini tanıtdı mənə. Kitabxanaları tanıtdı, kinoteatrlarıtanıtdı, teatrları tanıtdı. Yaşının az olmasına baxmayaraq, sənət adamlarıyla, xüsusilə də kino adamlarıyla dostluq edirdi. Məni də onlarla tanış elədi.

Ağdamlılar əsasən«Araz» çayxanasına yığışardılar. Söhbət dəorda nədən gedərdi: dünən hansı restoranda dava salıblar, ya kimi döyüblər, sabah harda dava olacaq. Təbii ki, məndə Ağcabədidə doğulsam da Ağdamda böyüyüb oxumuşdum və mən də «Araz»a gedirdim. Çünki o vaxt «Araz»a gəlməyənlərə ağdamlılar ağdamlıkimi baxmırdılar. İstəyirdim mən də ağdamlı olum da. Gəlib məni ordan götürərdi, deyərdi ki, yorulmadın bu davasöhbətlərinə qulaq asmaqdan? Aparırdı sənət adamlarının toplaşdığı yerə, çox vaxtda Kinostudiyaya.

Zarafatla deyərdim:SƏN PUL TƏSƏRRÜFATI İNSTİTUTUNDA OXUYURSAN, bupulsuzlardan nə istəyirsən. Deyərdi ki, dünya burdadı, istəyirəm səni bunlarıniçində görüm.

Özünəməxsus xarizmasıvardı, hətta o danışanda ən ünlü insanlar ona qulaq asırdılar. İnstitutu qurtaranda da pul dalınca getmədi. Kinostudiyayaişə girdi. Film direktoru oldu. Təbii ki, film direktoru da maliyyə məsələsidi, amma bunu bəyənmədi. Moskvaya getdi,oxumağa… Rejissor olmaq istədi, ssenarist olmaq istədi və oldu da. Dünya «Qarabağbülbülləri»ndən danışanda o, Xamis Muradovla qeyri-adi sənədli bir film çəkdi, «Qarabağ bülbülləri» haqqında– onların sonrakı taleyi haqqında. Dünən Brejnevi, dünyanı ayağa qaldıran həmin«Qarabağ bülbülləri»nin sonrakı taleyi haqqında. Kimi işsizdi, kimi oxumağıatıb, kimi də yük daşıyır. Həqiqəti qoydu ortalığa. Bilmirəm bu filmə görəmi, yahansısa filmə görəsə Azərbaycan RespublikasınınDövlət Mükafatını da aldı. Çox titullar qazandı,amma onların heç birini gözə soxmadı, onlarla forslanmadı. O yalnız Aydın Dadaşov olmağıyla forslanırdı.

Ağdamdaən varlı adamların birinin övladıydı: Ərşad Dadaşovun! Əmisi də Azərbaycanınən məşhur jurnalistiydi: Mürşüd Dadaşov! O, nə milyoner Ərşad Dadaşovunoğluydu, nə də ən məşhur jurnalist Mürşüd Dadaşovun qardaşı oğlu. Sadəcə Aydın Dadaşov idi! Özü dəatasının milyonlarından imtina edən Aydın Dadaşov. Balaca qardaşları AyazlaEtiş hələ orta məktəbdə oxuyarkən şəxsi avtomobilləri olsa da, o Bakıda piyada gəzirdi, avtobusla gəzirdi.O vaxtların «Jiquli»si indinin «Mersedes»iydi, özü də bahalı «Mersedes»i. Amma AydınDadaşov institutu qurtarandan sonra da, gedib hardasa az maaşa çalışanda da atasının alacağı «Jiquli»dəndə, ona göndərəcəyi pullardan da imtina eləmişdi.Bu hiss mənə də doğmadı. Balaca qardaşımın Ağdamda iki maşını olanda mən Bakıda piyada gəzirdim.


Atasıylaarası bir az sərin idi. Soruşurdum, qaqa, dayımla niyə aran sərindi? Dərinə getməzdi,amma deyərdi, dayın hər şeyi pulla ölçür, mənim ölçülərim başqadı. Qısası, atasınınmilyonlarından imtina eləmişdi. Çalışırdı, işləyirdi və hər aza qane olurdu. Ammageyiminə xüsusi fikir verərdi. Dostlara da deyirdi ki, siz sənətadamlarısız, gözəl geyinməlisiz. Küçədə sizi görənlər bilməlidirlər ki, sizlərkimlərsiz, sizdən mədəniyyət öyrənməlidir – geyim mədəniyyəti, danışıq mədəniyyəti,oturub-durmaq mədəniyyəti…

HüseynƏrəblinski də beləymiş. Geyim-gecimi ilə Bakınımat qoyarmış…

…Ərşad Dadaşov, indiki dillə desək, multimilyoner.Çox səxavətli adamıydı. Təkcə Ağdamda yox, Qarabağda nüfuz sahibiydi. Hətta o vaxtilk azərbaycanlı səfir Vəzirov da bu adama valeh idi. Nə vaxt Azərbaycana gəlsəydi mütləq Ərşad Dadaşovun qonağı olardı. Bu dostluğun hardan başladığını bilmirəm. Sadəcə olaraq, Vəzirovun Ərşad dayının qoluna girib Ağdamda gəzdiyinin bir dəfə şahidi olmuşdum. Çox qəribə adamıydı,arada qohumlar arasında bir düşmənçilik yarandı,iki nəsil üz-üzə gəldi. Xüsusilə də bizimkilərdaha aqressiv idilər. Harda rastlarınaçıxsalar Dadaşovlarla davaya çıxardılar. Həmin dönəmlərdə də Aydın bizə gələrdi, həmin dönəmlərdədə biz Aydınla bir yerdəydik. O tərəf onu qınayırdı, bu tərəf məni. Amma bizə fərq etməzdi.

Birgün dayımın toyuydu. Qəfil Ərşad Dadaşovgirdi toy mağarına. Musiqiçilər də dayandı, oynayanlar da dayandı, hamı çaş-başqalmışdı. Burda hətta ölüm ola bilərdi (özü dəçox axmaq bir məsələdə düşmənçilik olmuşdu. Amma hər iki nəsil ağdamlıydıki). Hamı çaşmışdı. Dayandı mağarın ortasındavə dedi ki, bu ocağın ağbirçəyi gəlsin.Hamı baxır, bəlkə də əli silahda olanlarvar. Atamı tərifləməyim, amma Allah adamıydı, barışıq adamıydı,sözdə, nəsildə eşidilirdi. Qalxdı ayağa vədedi ki, ağbirçəyi çağırın, yəni nənəmi.

Nənəmigətirdilər. Nənəmin boynunu qucaqladı, üzünü də tutdu musiqiçilərə. Dedi, bir bəy-xanım havası çalın.Musiqiçilər atama baxdı, atam işarə elədi ki, çalın. Çaldılar. Bir iki-üç dəqiqə əlini qaldırıb oynadı və sonra dedi ki, mən barışdım,qalanını özünüz bilərsiz. Və çıxdı getdi.

Onunbu kişiyanə hərəkəti iki nəsli yenidən bir-birinə bağladı. Yəni Aydın Dadaşovun atası da belə bir kişiydi.

Mənimbir povestim var: «Günah». Hətta həmin povestə görə bir vaxtların ən yüksək mükafatlarındansayılan «Komsomol mükafatı» da almışdı. Həmin povesti mənə Aydın Dadaşov yazdırmışdı.Onun söhbətləri, onun hadisələrə münasibəti,onun insanlara münasibəti çox fərqliydi vəsöhbətlərimizin birində bir sirri açdı. O barədə danışmaq istəmirəm, kim istəyir povesti tapıb oxusun.

AydınDadaşov yeganə adamıydı ki, lap saatlarla qulaq asardın, yorulmazdın, usanmazdın.Əksinə, nəsə öyrənərdin. Bir neçə dərsliyin müəllifiydi, həm Bakı Dövlət Universitetində,həm də Dövlət İncəsənət Universitetində dərsdeyirdi. Xoşbəxt idi onun tələbələri ki onunmühazirələrinə qulaq asırdılar.

AydınDadaşov böyük filmlər çəkə bilmədi, böyük ssenarilər yaza bilmədi . Çünki dünyada bir dağılma getdi, Kinostudiya oturumdüşdü. Amma mən bilirəm ki, Aydın bu günüzdə olan neçə filmin ideyasını vermişdi,rejissorlara məsləhətlər vermişdi, sseristlərə yol göstərmişdi.

Bugünlərdə hörmət etdiyim bir xanım jurnalist Aydını tanımadığını yazmışdı. Bu mənəçox pis təsir elədi. Ən azı ona görə ki,Aydın kinematoqrafiyanı, dünya kinosunu həmin xanım jurnalistdən bir əllidəfə artıq bilirdi. Amma xanım jurnalistonu kinonu bilməməkdə suçlamışdı. Və xanımjurnalist Gürcüstan filmini misal gətirmişdi – «Mimino»nu misal gətirmişdi. Və xanımjurnalsit çox təəssüf bilmirdi ki, «Mimino» «Gürcüstanfilm»in deyil, «Mosfilm»in istehsalıdı.

Dadaşovlason zamanlar az-az görüşürdük. Təbii ki, bu da işlərin çoxluğu, qayğıların çoxluğuylabağlıydı. Amma hər görüşümüzdə mənim üçünyeni bir ideya verirdi. Həm də onda bir Haqverdiyev yumoru vardı. Bəzən elə sözlər deyirdi ki, qarşısındakıadam onu səhər başa düşə bilərdi.

Səhər-səhərdadaşımın ölüm xəbərini də Kinostudiyanın direktoru Müşfiq Hətəmovdan eşitdim:

-Aqil, Aydını itirdik.

Sonraxanımım dedi ki, xəbərin var Aydın rəhmətəgedib. Dedim ki, hə, Müşfiq zəng eləmişdi.

Əslindəbiz Aydın Dadaşovu təxminən 6-7 ay əvvəl itirmişdik – xanımı rəhmətə gedəndə. Aydın Dadaşov cismən yaşayırdı, ruhən xanımı iləbirlikdə bu dünyadan köçmüşdü. O xanımına ata, ana, bacı, qardaş, hamısından dahaçox bağlıydı. Xanımı Aydının atasının milyonlarından imtina edən vaxtlarında heçvaxt ona deməmişdi ki, niyə biz kirayədə yaşayırıq, niyə istədiyimizi geyinib-gecinmirik,niyə biz işə avtobusla getməliyik? O AydınıDadaşov Aydın kimi sevməmiişdi, elə Aydınkimi sevmişdi. Aydın da onu elə sevirdi. Onsuz yaşaya bilməzdi və bilmədi də.

AydınıAyaz itirmədi, Etiş itirmədi, Dadaşovlar nəsli itirmədi, Aydını hamımız itirdik,bu xalq itirdi. Azərbaycan aydınları itirdi,tələbələri itirdi, onun söhbətlərinə həmişə möhtac qalacaq dostları itirdi.

Hamımızöləcəyik ey! Amma Aydın bir az tez öldü.

Qardaş!İndi yəqin Ağdamdasan, doğmalarının arasında! Orda nə var- nə yox. Biz gedə bilmirik, sən bir az bizdən tezgetdin.



TƏQVİM / ARXİV