adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Mart 2017 12:00
32430
ƏDƏBİYYAT
A- A+

Yazarların Novruz xatirələri - SORĞU

Novruz bayramına sayılı günlər qalır. Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də yen ildir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.Hamımızın bu bayramla əlaqədər xatirələri, unudulmayan günləri mövcuddur. Uşaqlığımızın bir parçasıdır Novruz, papaq atma, şəkərbura-paxlava, səməni və ilxaır.

Adalet.az bayram münasibətilə bağlı yazıçı, şairlərə sorğu ünvanlayıb – "Novruz bayramını necə xatırlayırsınız?”. Cavabları təqdim edirik.


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Yaz günlərinin istisi köyrəlmiş sümüklərini azacıq qızdıranda Mələk nənəm qız-gəlinə üz tutardı ki, a bala, durmax vaxtı döyül, yır-yığış eləmək, öyə-eşiyə əl gəzdirmək gərəkdi, bayrama az qalıb. Günü ağ olmuşlara da bir hay lazımıydı, bayaq barxananı çəkib tökərdilər eşiyə, günün qabağına sərərdilər ki, uzun qış günlərinnən sonra nəmi qurusun. Qapı-bacaya sərilmiş yeddi rəngə çalan xalı-xalça göz oxşayardı. Uzun çubuqlarla tozunu alardılar. Sonra da yuyulası nə vardısa arabaya yükləyib enərdilər Qavrı çayının qırağına. İri qazanlarda qaynar asılardı, qız-gəlinin qəlbinə yaz havası dolardı, şaqraq qaqqıtlıları çay kimi axıb gedərdi…

Bayramın yetişdiyini bir də qıpqırmızı boyanmış yumurtalardan anlardıq. Yumurta döyüşdürmək üçün «ortalıq», «qaş» deyilən yerlərdə yığışardıq. Yumurtası bərt olannar şəstlə ara-bərədə dolaşar, meydan sulardılar. Hər məhlənin özünün başçısı, «yumurta bilicisi» olardı. Uşaqlar gecə-gündüz «bərt yumurtda satan» hansı xalanınsa doqqazından əskik olmazdılar. «Filankəsin bir papaq dolusu yumurtda qırmağı» haqda söz-söhbət ağızdan düşməzdi.

Uşaqların dincliyi göyə çəkilərdi, yuxusu pərən-pərən düşərdi. Axır çərşənbə gecəsi kürkü tərsinə çevirib geyinərdilər, şiş papaq qoyar, sifətlərinə üzlük taxardılar. Onun da üstünnən əllərinə gələni keçirərdilər. Zınqırov da ki, yaxalarınnan əskik olmazdı. Allı-güllü xurcunu da qoyardılar yanına ki, bayram payını içinə yığsınlar. Durmayıb lopa düzəldərdilər yandırmağa. Sonra da ürək döyüntüsüynən ilin-ayın axır gecəsini gözləyərdilər.

Ta qız-gəlinin də onlara baş qoşmağa vaxtı hardaydı. Köməkləşib əriştə kəsib-qurudardılar, sonra da sacın içinə töküb qovurardılar, düyü arıtdardılar, ev-eşikdə axırıncı yır-yığış elərdilər.

İlin-ayın axır günü heç kəs bayram süfrəsi hazırlamaqdan başqa əlini ayrı işə vurmazdı. Uşaqların da səbri-qərarı kəsilərdi, axşamın düşməyini gözləməyə halları qalmazdı. Elə ki günün qulağı yaxdı, çoxdan hazırlanmış tonqallara od vurulardı, bir-birinin bəhsinə alovun üstünnən atılardılar, «ağırlığımu-uğurluğum köhnə ilnən getsin» deyərdilər. Kəndin bütün evlərinin həyətlərinnən alov dilimləri göyə qalxardı, şaqraq gülüşlər eşidilərdi. Sonra da bəzənib-bərtdənib xurcunu çiyinlərinə aşırar, qapı pusmağa yollanardılar.

Belə vaxtlarda Qasım baba evdəkilərə təpinərdi ki, bax ha, ağzınızdan sözünüzü bişirib çıxarın, xeyirri sözdər danışın, ürəyində niyyət tutub qapıya gələn olar. Böyüklü-kiçikli hər kəsdə belə bir inam olardı ki, bu əziz axşamda hamının diləyi yerinə yetəcək. Çünki bu gecə insanın təmizləndiyi, saflaşdığı gecəydi. Bu vaxtı ta həmişə ortalıqda fır-fır fırlanan qız-gəlini tapmağmı olardı? Xəlvət bir yerə çəkilib üzük salardılar, niyyətlərini yoxlardılar, ürəklərində közərən hansı arzunusa alova çevirərdilər. O gecə yatmaqmı olardı. Oturub ulduzun doğmasını gözləyərdilər ki, Qavrı çayına üz tutsunlar. Onda səhərin lap qaranlığında beli sənəkli, əli cürdəkli qız-gəlinin hay-haraylı dəstəsi durna köçünü andırardı. Çaya çatar-çatmaz hamısı da özünü elə paltarlı-palazlı suya atardılar. «Ağırlığım-uğurluğum suynan getsin!» - deyərdilər. Ürək eləyib suya girməyənlər də eləcə üzlərini yuyardılar. Sonra da sənəkləri, cürdəkləri doldurub üz qoyardılar kəndə tərəf...”


Yazıçı Şərif Ağayar: "Novruz mənim üçün başdan-ayağa kənd, həyət bayramıdır. Kənd və həyət mühitindən də çoxdan uzaq düşüdüyüm üçün o çağları həzin səzəltə ilə yada salıram. Əlçatmaz çağlar kimi. Novruz bizim üçün izahı heç cür mümkün olmayan, şərhi kitablara sığmayan bir sevinc idi. O illər nəğmə kimi ötdü getdi və yalnız xatirəsi qaldı. Hərdən yada düşəndə qəribə duyğular keçirirəm. Onu da deyim ki, Novruz bizim əsl bayram əhvalı olan yeganə bayramımızıdr. Daşların, ağacların da üzü gülür sanki... Hamını təbrik edirəm!"


Yazıçı Varis Yolçuyev: "Mən Sumqayıtda doğulmuşam. Bizim 8-ci mikrorayondakı meydançada şəhərin ən böyük tonqalı qalanırdı. Başqa yerlərdən gəlib hamı bizim tonqalın tamaşasına durardı. İllər keçdikcə tonqallar kiçildi, indi deyəsən heç qalamırlar da.

Bir də, orta məktəbdə qızların qapısına papaq atardıq, qoyduqları novruz sovqatına görə ən əliaçıq ailəni müəyyənləşdirərdik. Şəkərbura 10 xal, qoğal 9 xal, şokoladlı konfet 8 xal, alma, naringi 6 xal, qoz 4 xal və s. İndi papaq atmaq da daha unudulur get gedə. Əfsus.


Şair Aqşin Yenisey: "Kənddə böyüyən uşaqlar bilir ki, Novruz bayramı kənd yerlərində yaşından asılı olmayaraq hamını əhatə edən yeganə bayramdır. Məsələn, Qurbanlıqda qadınlar iştirak etmir. 8 mart kənddə ayıb sayılır və s. Novruzun süfrəsi fərqli süfrə olur, bu süfrə başdan-başa bir rəmzdir, simvoldur. Tonqal qalamaq, məşəl gəzdirmək, tüfəng atmaq, xatirələrim bundan ibarətdir.”


Yazıçı Murad Köhnəqala: "Biz bu bayrama Novruz yox, Qodu-qodu, yaxud Qovutluq (Qoutdux) bayramı deyirdik. (Qovut qovrulmuş buğda unu ilə bəhməzin qarışığından alınan şirniyata deyilir.) Kənddə hər küçədə böyük tonqallar qalanırdı, ətrafda yaşayanların hamısı ocaq ətrafına yığılıb şənlənir, deyib-gülürdü. Hər çərşənbə gecəsi əllərimizdə lopa küçələrdə hərlənir, dostlarımızın evinə qonaq gedir, şənlənirdik. Köhnə parçaları məftillə ağaca dolayıb nöyüt qabında saxlayırdıq, ona görə lopalarımız uzun müddət sönmürdü. Hərdən lopaları göyə atır, ətrafı bir anlıq işıqlandırırdıq. Gecələr qodqodu gəzdirənlər müxtəlif maska taxıb tanınmaz olur, qapı-qapı hamının evinə gedir, həyətdə çalıb oynayırdılar. Bəzən onlar maskalanaraq saz, qarmon, dəf, zurna çalanların müşaiyətində bir ansambl kimi dolanırdılar. Biz onları tanımağa çalışır, səslərinə diqqət edirdik. Qapı pusmağa da din dinləmək deyirdilər. Küsülüləri dilə tutub barışdırırdıq. Hamı biri-birinin evinə ən azı bir qab pay göndərir, yemək dəyişirdilər. Sonra, gecələr qəbristanlığa gedib doğmalarımızın qəbirlərinə yanan lopalar taxırdıq. Bununla da ölənlərin ruhunu şad etmiş olurduq. Həmin gün bütün qəbristanlıq çıraqban olurdu...”


Şairə Fərqanə Mehdiyeva: "Hər novruz bayramı gələndə uşaqlığım yadıma düşür. Atam rəhmətlik mənə təzə paltar alardı. Yaxın qohumlara bayramlaşmağa gedərdilər. Mən də onlara qoşulub gedərdim. Cibimizi qoz fındıq, şabalıdla doldurardılar... Anam rəhmətlik bayram axşamı hər evdə şam yandırardı. Hətta itin damında da, toyuğun hinində də. Təndirin külbəsində də. Və iki şam da artıq yandırardı. Müharibədən qayıtmayan əmimin, dayımın adına...
Qonşumuzda Səxavət adlı oğlan vardı. Hər bayram qapıları döyüb əlində maqnitofonu rəqs havasına kökləyib o ki, var oynayardı və sakitcə çıxıb gedərdi. Anam bayram günü tezdən durub hamımızı öpərdi..."


Yazıçı Kənan Hacı: "Novruzu necə xatırladığım haqqında elə sizin qəzetdə bir yazı yazmışdım. Orda da qeyd eləmişəm. Novruzun gəlişi mənə uşaqlığımla bağlı unuda bilmədiyim hadisələri xatırladır. 6-7 yaşım olanda tonqalın üstündən hoppanmaq istədim, az qala yanacaqdım. Anamın qorxudan ürəyi getmişdi. Əmim məni çəkib çıxartdı. Artıq şalvarım alışmışdı. Bunu həmişə xatırlayıram. Bayrama hazırlıq yüksək əhvalda olurdu. Anam çalışırdı bütün adət-ənənələrə əməl edək. Papaqatdı, qapıpusma, yumurta boyama, səməni cücərtmə, hamısına bizim evdə əməl olunurdu. Bu proses mənə inanılmaz bir sevinc yaşadırdı.

Anam çalışırdı qohum-əqrabada, qonşuda kim küsülüdürsə, onları barışdırsın. Deyirdi bayramda küsü saxlamazlar. Barışırdılar. Mənə təzə paltarlar geyindirirdi. Bir sözlə, əsl bayram sevincini yaşayırdıq. Bayram ötüb keçəndən sonra isə o coşqulu ab-hava üçün möhkəm darıxmağa başlayırdıq.

Anama deyirdim kaş ilin bütün günləri belə olsun. Hamı bir-biriylə mehriban olsun, qaynayıb-qarışsın.

Novruz yadımda belə xatirələrlə qalıb.”


Şairə Rəbiqə Nazimqızı: "Aynur hələ balacaydı. Uşaq yenicə danışmağa başlamışdı. İstədim bayram adətləriylə tanış olsun. Papaq götürdük ki, qonşuların həyətinə ataq. Birdən ağlıma gəldi ki, kiminsə imkanı olmaz, papaq boş qalar, biz də pərt olarıq, qapını açan da. Bir otaqdan o birinə - qardaşımgilə papaq atdıq. Bir az kədərliydi, amma xeyli gülüşdük.”