adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2017 18:19
4214
MƏMLƏKƏT
A- A+

Millət vəkili qəzada yaralanan tələbələrə baş çəkdi

Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış 4 tələbə balamızı 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim. Çox şükür vəziyyətləri əməliyyatlardan sonra yaxşılaşır.

Adalet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəzada yaralanmış tələbələr haqda danışarkən deyib. Millət vəkili tələbələrin səhhəti ilə bağlı həkimlərlə söhbət etdiyini bildirib:

"Həkimlər yaxın zamanlarda gənclərin sağlamlıqlarına qovuşacaqlarını dedilər. Tələbələrin özləri ilə də görüşdük. Azadə Mədətzadə və Xavər Sadıqova əməliyyatdan sonra yaxşılaşmağa başlayıblar. Təhsil aldıqları universitetin rəsmiləri də onlara baş çəkməyə gəlmişdi. Qızların çox fəal tələbələr olduqlarını söylədilər. Digər iki tələbə balamız Rəsul Sadıqov və Emil Həmidova da baş çəkdik, söhbət etdik, çox şükür, getdikcə daha da yaxşılaşırlar. Valideynlərlə də geniş söhbət etdik. Övladlarımızı Allah bizə yenidən bağışladı deyirdilər. Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər. Həkimlər əllərindən gələn dəstəyi balalarımız üçün edirlər. Dualarınızı onlardan və həmin hadisə zamanı yaralanmış bütün tələbələrimizdən əksik etməyin. Tələbələrimizə qısa zamanda tamam sağalmalarını və bir daha belə acılar yaşamamalarını dilədik. Allah bütün balalarımızı qorusun. Bu hadisə ciddi bir dərs olmalıdır. Sərnişinlərin nəqliyyat təhlükəsizliyi məsələsinə münasibət daha da ciddiləşməlidir. İctimai nəqliyyat vasitələrinə nəzarət çox güclü olmalıdır. Allah bir daha belə acılar yaşatmasın”.