adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2017 16:39
6189
ƏDƏBİYYAT
A- A+

Rəsul Rza istəyirdi ki, oğlu Anar...

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 79 yaşı tamam olur.

Adalet.az xatırladır ki, Anar Rzayev 1938-ci il martın 14-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

Görkəmli yazıçının ilk əsərləri - "Ömür yolu", "Otel otağı", "Dantenin yubileyi", "Mən, sən, o və telefon", "Gürcü familiyası", "Qırmızı limuzin" və s. maraqla qarşılanıb.

Onun "Gürcü familiyası", "Ötən ilin son gecəsi", "Beşmərtəbəli evin 6-cı mərtəbəsi" kimi əsərləri əsasında çəkilən filmlər daim maraqla izlənilir. Xalq yazıçısı Anar "Dədə Qorqud", "Təhminə", "Evləri köndələn yar", "Cavid ömrü" və başqa filmlərin ssenari müəllifidir.

Onun əsərləri dünyanın müxtəlif ölkələrində nəşr olunub. Bir çox mükafatlara layiq görülən Anar Azərbaycan Respublikası I (1995) və II (2000) çağırış Milli Məclisinin deputatı olub.

Mərhum xalq şairi Vaqif Səmədoğlu bir müsahibəsində onun haqda maraqlı bir faktı açmışdı:

"Anar ədəbiyyata məndən tez gəldi. Atası Rəsul Rza çox istəyirdi ki, Anar geoloq olsun. Nə yaxşı ki, yazıçı oldu. Anar hara, geoloq olmaq hara. Onun ədəbiyyata gəlişi məni qətiyyən təəccübləndirmədi. 60-cı illər nəsli ədəbiyyatda yeni nəfəs idi. O cümlədən Anar. 20-ci əsrin intibah dövründə Anarın xüsusi yeri var. Anar mənim yazıçımdır. Hərdən deyir ki, Vaqif şeir yazmasaydı, o şeirləri mən yazacaqdım. Mən də deyirəm ki, Anar nəsr yazmasaydı, yəqin ki, onu mən yazardım”.