adalet.az header logo
  • Bakı 13°C
14 Mart 2017 16:09
7370
ƏDƏBİYYAT
A- A+

Cəlil Məmmədquluzadənin Litva dilinə kitabı dərc olunub

Ötən gün Litvanın qədim təhsil ocaqlarından olan Vilnüs Universiteti kitabxanasının Smuqleviçüs zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə görkəmli Azərbaycan yazıçısı, böyük ədib Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət "Nigarançılıq” adlı kitabının təqdimatı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və sədr müavinləri Mantas Adomenas və Kəstutis Masyulis, Litvanın tanınmış ictimai xadimləri, Vilnüs Unversitetin professor və müəllim heyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabın Litva dilinə tərcüməçilərindən biri, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan böyük yazıçı Cəlil Məmmədquluzadənin tərcümeyi-halının əsas məqamları haqqında qısa məlumat verdikdən sonra, sözü Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadəyə verib.

Səfir Həsən Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, kitabın ərsəyə gəlməsinin əsas səbəbkarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin üzrlü səbəblərdən təqdimatda iştirak edə bilmədiyini qonaqların diqqətinə çatdırıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimlinin tədbirdə iştirak etdiyini qeyd edib. Səfirliyin əsas fəaliyyət istiqamətlərindən birinin də ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasının olduğunu bildirən səfir, tədqiqatçı alim İsa Həbibbəylinin təşəbbüsünə səfirliyin böyük məmnunluqla qoşulduğunu vurğulamış və bu gün ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını qeyd edib.

Vilnüs Universitetinin rektoru Arturas Jukauskas XX əsr Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin kitabının təqdimatının Vilnüs Universitetində keçirilməsindən şad olduğunu bildirmiş və uzun illər keçməsinə baxmayaraq, bu gün təqdimatda iştirak edən insanları Cəlil Məmmədquluzadənin kitabının birləşdirdiyindən məmnunluq ifadə edib.

Vilnüs Universitetinin kitabxanasının direktoru İrena Kriviene çıxış edərək tədbir iştirakçılarının 450 ilə yaxın yaşı olan kitabxanada Cəlil Məmmədquluzadənin kitabının təqdimatının şahidi olduqlarını vurğulayaraq, fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin "Nigarançılıq” adlı kitabının daxil edilməsindən məmnunluq duyduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü Teymur Kərimli təqdimat iştirakçılarını AMEA-nın adından salamlayaraq, Vilnüsdə ilk dəfə olmasına baxmayaraq, özünü doğma insanların əhatəsində hiss etdiyini söyləyib.

Azərbaycan ədəbiyyatı haqqında danışan akademik, Azərbaycan ədəbiyyatının çox qədim və zəngin ənənələri olduğunu, 12-ci əsrdə yaşamış dünya şöhrətli Nizami Gəncəvi, orta əsrdə yazıb, yaratmış Məhəmməd Füzuli, 18-ci əsrdə yaşamış Mirzə Fətəli Axundov və digər Azərbaycan ədibləri öz əsərləri ilə bəşəriyyət mədəniyyət xəzinəsini zənginləşdirdiklərini bildirib. Böyük ədib Cəlil Məmmədquluzadənin daim yanımızda olduğunu qeyd edən T.Kərimli, Mirzə Cəlilin öz əsərləri ilə tək Azərbaycan xalqına deyil, dünya xalqlarına da xidmət etdiyini vurğulayıb. Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kimi, insanların kamilləşməsinə çalışdığını bildirərək, dünyada zülm və ədalətsizlik olduqca, Cəlil Məmmədquluzadə kimi böyük şəxslərin əsərlərinə ehtiyac olacağını qeyd edib.

Litvanın Türkiyədə və eyni zamanda Azərbaycanda keçmiş səfiri olmuş Halina Kobetskaite öz çıxışında 1952-ci ildə sinif yoldaşı tərəfindən ona Azərbaycan hekayələri kitabının hədiyyə etdiyini və bu kitab vasitəsilə ilk dəfə Cəlil Məmmədquluzadənin hekayələri ilə tanış olduğunu bildirib. O, türk dilindən tərcümə edilmiş çoxlu sayda kitablar oxuduğunu qeyd edərək, onun tərəfindən Litva dilinə tərcümə edilmiş ilk kitabın Azərbaycan ədəbiyyatına məxsus olduğunu vurğulayıb. Kitab haqqında danışan səfir kitaba şəkillərin əlavə edilməsini müsbət qiymətləndirərək bildirib ki, bu şəkillərə baxanda Cəlil Məmmədquluzadənin dünyada cərəyan edən hadisələrdən məlumatlı olması çox təəccübləndirir.

Daha sonra çıxış edən jurnalist Tomas Çivas Cəlil Məmmədquluzadənin əsərlərinin Litva dilinə tərcümə edilməsini böyük hadisə kimi dəyərlənmirmiş və kitabı çox maraqla oxuduğunu bildirib.

Sonda çıxış edən, kitabın Litva dilinə tərcümə edənlərdən biri, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Azərbaycan və Litva əlaqələrinin tarixindən, həmçinin iki ölkə arasındakı ədəbiyyat və mədəniyyət sahəsindəki əlaqələrinin keçmişindən və bu günündən danışıb.

Litva nağıllarının, yazıçılarının əsərlərinin və hekayələrinin Azərbaycan dilinə tərcümə edilərək oxunduğunu, eyniliklə Azərbaycan eposunun, nağıllarının Litvalıların ürəklərinə yol tapdığını vurğulamış və Cəlil Məmmədquluzadənin Litvada və Polşada yaşayan müsəlmanlar haqqında yazdığı "Halva” adlı kiçik felyetonunu Litva dilində oxuyub.

Cəlil Məmmədquluzadənin "Nigarançılıq” adlı kitabı 2016-cı ilin dekabr ayında Vilnüs şəhərində nəşr olunub. Kitaba görkəmli yazıçının "Danabaş kəndinin əhvalatları” povestindən bir parça, "Poçt qutusu”, "Kişmiş oyunu”, "Dəllək”, "Pirverdinin xoruzu”, "Fatma xala”, "Qurbanəli bəy”, "Quzu”, "Nigarançılıq”, "Konsulun arvadı”, "Xanın təsbehi”, "Qəssab”, "Zırrama”, "Rus qızı”, "Saqqallı uşaq”, "Buz”, "Hamballar”, "Bəlkə də qaytardılar”, "İki ər” hekayələri, "Niyə məni döyürsünüz” felyetonu və "Kamança” pyesi daxil edilib. Kitab Litva kitabxanaları, ədəbiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislər və kitabsevərlər arasında paylanılıb. Litvalı oxucular tərəfindən kitab maraqla qarşılanmış və yüksək qiymətləndirilib. Kitabın təqdimatı Litva televiziya kanalında işıqlandırılıb, kitab haqqında nüfuzlu informasiya agentlikləri və internet portallarında məqalələr dərc olunub.