adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Mart 2017 13:14
5590
ELM VƏ TƏHSİL
A- A+

Rus bölməsi üzrə şagird qəbulunda problemlər yarana bilər?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu tədris ilində bəzi məktəblərdə rus bölməsi üzrə məktəbəqədər hazırlıq kurslarının təşkil olunmaması səbəbindən növbəti dərs ili üçün 1-ci sinfə rus bölməsi üzrə şagird qəbulunda müəyyən problemlərin yarana bilmə ehtimalına aydınlıq gətirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bu gün keçirdikləri mətbuat konfransında bildirib ki, məktəbəhazırlıq kurslarının təşkilindəki müəyyən problemlər kadr çatışmazlığı səbəbindən yarana bilər. Lakin məktəblərdə 1-ci siniflərlə bağlı belə problemlərin yaranacağı gözlənilmir:

"Hər il yayda müəllimlərin işə qəbulu aparılır. Bu ilin iyul ayında yenidən müəllimlərin işə qəbulu həyata keçiriləcəyinə görə rus bölmələri ilə bağlı hansısa problemin yaşanacağı gözlənilmir. Yeni kadrlar cəlb ediləcək, həmçinin məktəbəhazırlığı tənzimləyən müəllimlər ibtidai siniflərə cəlb olunacaqlar. Bununla da rus bölməsi ilə bağlı problem həll ediləcək".

L.Şərəfxanova deyib ki, BŞTİ-nin tabeliyindəki 307 məktəbin 298-də rus bölməsi üzrə I sinfə qəbul həyata keçirilir: "Bu o deməkdir ki, rus bölməsinə rahat şəkildə qəbul olacaq. Valideyn ərizəsində təlim dili kimi rus dilini seçəcəksə, uşağı həmin məktəbə qəbul olunacaq.

O əlavə edib ki, son illər ərzində Bakıda rus bölməsi üzrə 1-ci sinfə qəbul olan şagirdlərin sayında kəskin artım və ya azalma müşahidə olunmayıb: "Son illər ərzində rus bölməsi ilə bağlı artım və azalma düz xətt boyuncadır. Artıq rus bölməsi ilə bağlı müəllimlər, şagird komplektləşməsi, proqnoz sistemə yerləşdirilib. Güman etmirik ki, bununla bağlı ciddi problemlər yaşanacaq".

İdarə rəsmisi qeyd edib ki, ötən il Bakıda 44 min şagird 1-ci sinfə qəbul edilib. Son 3 ilin statistikasında şagird sayında kəskin artım və ya azalma müşahidə olunmadığına görə bu il də məktəblərin 1-ci sinfinə 44 min civarında şagirdin qəbulu nəzərdə tutulur. Məktəblərin maddi-texniki sistemi və ya elektron sistem bu qəbulu həyata keçirməyə imkan verəcək.