adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Mart 2017 00:18
3089
GÜNDƏM
A- A+

ŞƏKİ: QƏDİMLİYİN VƏ MÜASİRLİYİN ƏZƏMƏTİ

(əvvəli ötən sayımızda)

Rayonda meyvəçiliyin müasir texnologiyalar əsasında inkişafi və ixrac potensialının artırılması məqsədilə sahibkar tərəfindən yeni layihə həyata keçirilir. Məhz cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı, povloniya ağaclarının yetişdirilməsi və orqaniq gübrə istehsalı ilə məşğul olan " Sənaye - Aqro Park " yaradılır. Belə ki, "Green Faktory" MMC-nin təşkilatçılığı ilə rayonun Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan müqavilə əsasında 25 illik müddətə icarə qaydasında 108 hektar torpaq sahəsi götürülmüşdür. 78 hektar ərazidə İtaliyadan və Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, armud və gavalı tingləri əkilmişdir. Əlavə olaraq həmin ərazidə 24 hektar sahədə mebel sənayesinin inkişafı məqsədilə Türkiyədən gətirilmiş pavloniya ağacları əkilmişdir. Həmin ərazidə yol infrastrukturu yaradılmış, bağın suvarılması üçün 20.000 kub metr tutumu olan su anbarı və irriqasiya sistemi qurulmuş, istehsal olunan meyvə məhsullarının saxlanılması üçün soyuducu kameralar, qablaşdırma və sair obyektlərin tikintisi nəzərdə tutulmuşdur. İrriqasiya sistemlərinin quraşdırılması İsrail şirkətləri tərəfindən həyata keçiriləcək.
Yığıncaqda qeyd olunmuşdur ki, Şəki rayonu ərazisində fındıq bağlarının əkin sahələrinin artırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə xüsusi qərargah yaradılmış, tədbirlər planı təsdiq edilmişdir. Qərargah üzvlərinin iştirakı ilə yerində baxış keçirməklə 2016-cı ildə rayonda fındıq bağı salınacaq ərazilər müəyyən edilmişdir. Yeni salınacaq fındıq bağları üçün tələb olunan tinglərin əldə edilməsi üçün işlər aparılmışdır. Rayonda yeni fındıq bağları salınması üçün 301 hektar sahədə təmizləmə işləri aparılmışdır ki, onun da 90 hektarı dövlət, 113 hektarı bələdiyyə və 98 hektarı xüsusi mülkiyyətə aiddir. Həmin sahələrdə findiq əkinləri 8x8 əkin sxemində həyata keçiriləcəkdir. Qərargah fındıq bağlarının salınması üçün yerlərin müəyyən edilməsi, bu sahədə maraqlı olan istehsalçıların müəyyənləşdirilməsi və s. istiqamətdə məqsədyönlü iş aparmışdır. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2016-cı ilin payız mövsümündə 287 istehsalçı tərəfindən 724 hektar sahədə yeni fındıq bağları salınmışdır.
Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 163 baş iribuynuzlu, 299 303 baş xırda buynuzlu, 276 570 baş ev quşları və 5054 arı ailəsi mövcuddur. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıcıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
Rayonda diqqət yetirilən sahələrdən biri də baramaçılıq və tütünçülükdür. Rayonda tütünçülüyün inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sosial-rifah halının yaxşılaşdırılması və eyni zamanda istehsalçıların marağının müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əhali arasında tütün əkininə marağı artırmışdır. Belə ki, müddət ərzində rayonda 730 hektar sahədə tütün əkini öhdəliyinə qarşı 785 hektarda əkin aparılmış, öhdəlik 107 % yerinə yetirilməklə 1895 nəfərin mövsümü əməklə məşğul olmasına şərait yaradılmışdır. Statistik məlumatlara əsasən artıq rayonda 2440 ton tütün istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 632 ton çoxdur. 2017-ci ildə rayonda 785 hektar sahədə tütün əkini proqnozlaşdırılır.
Şəkidə ipəkçiliyin inkişafı istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda 94,0 hektar sahədə bar verən toxmaçar bağı mövcuddur. Erkən yazdan etibarən toxmaçar bağlarında aqrotexniki qulluq və təmir işləri aparılmış, barama yetişdirəcək kümdarlar müəyyən edilmiş, kümxanalarda hazırlıq işləri aparılmışdır. İstehsal olunan baramanın alış qiymətinə baxılmış və 1kq yaş baramanın alış qiyməti 8 manat müəyyən edilmişdir. 2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılmış və buna nail olunması üçün bütün zəruri tədbirlər görülmüşdür. Barama mövsümü ərzində rayonda 9751 kq barama istehsal olunmuşdur ki, bu da proqnozun 115 % yerinə yetirilməsi deməkdir.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezident İlham Əliyevin, Birinci vitse prezident, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. Yanvarın 19-da cənab Prezident Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında Sərəncam imzalamışdır. Buna müfaviq olaraq Şəki şəhər icra hakimiyyəti başçısının 22 yanvar 2016-cı il tarixli sərəncamına əsasən yaradılmış komissiya "Yuxarıbaş Dövlət Tarix memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təklifləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.
Məlumdur ki, 2015-ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısında Şəki 2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmışdur. 2016-cı ildə Şəkinin TÜRKSOY- un Mədəniyyət Paytaxtı elan olunması həm Şəkinin, həm də unikal Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynamışdır.
Hər ilin yayında Şəkidə keçirilən və artıq ənənə şəkilni alan " İpək Yolu" Beynəlxalq Musiqi Festivalı musiqisevərlərin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival həmişə xoş bayram ovqatı bəxş edib. "İpək yolu" Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 7-ci dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi, şəhərin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı sentyabrın 15-dən 24-dək Şəkidə "Üç məkan" II Beynəlxalq Teatr Festivalı keçirilmişdir. Beynəlxalq festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak etmiş, ölkəmizi bu festivalda 5 teatr - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı ilə təmsil etmişdir. Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı olmuş, TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin 5-ci toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Qaqauz Muxtar Vilayətinin Dövlət teatrlarının rəhbərləri iştirak etmiş, TÜRKSOY-a üzv ölkələri arasında teatr sahəsində əməkdaşlıq, Haldun Taner ili çərçivəsində həyata keçirilən tədbirlər, qarşılaşılan problemlər və onların aradan qaldırılması yolları, qardaş teatrlar arasında repertuar dəyişikliyi və digər mövzular müzakirə olunmuşdur.
Məzahir ƏHMƏDZADƏ