adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2017 21:37
4476
MƏMLƏKƏT
A- A+

Bakıda Novruz şənliyi necə qeyd ediləcək?

Artıq Novruz bayramına sayılı günlər qalıb. Adət üzrə ölkənin bütün şəhər və rayonlarında, hər bir evdə bu bayram qeyd olunacaq.

Bu münasibətlə martın 16-dan 19-dək fasiləsiz olaraq, 4 gün ərzində Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçiriləcək.

Maraqlıdır, bəs paytaxtda bayram şənlikləri necə təşkil olunacaq?

İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı məlumata görə, "İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil ediləcək. Belə ki, martın 14-də saat 09:30-da metronun "İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşaraq Novruz personajları - Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı "Atəşgah”ına yola düşəcək.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq, İstiqlaliyyət küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə, metronun "Sahil" stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib, Heydər Əliyev prospektinə çıxacaq və metronun "Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı "Atəşgahı”na istiqamətlənəcək.

"Atəşgah”dan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, "28 May” küçəsini keçərək, Heydər Əliyev Sarayının arxasından keçməklə "Fəvvarələr” meydanından Gənclər meydanına gələrək, Bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Ümumxalq Novruz bayramı şənliyinə gəldikdə isə, hələ ötən ay bununla bağlı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açıqlama verərək bildirmişdi ki, bayram martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Tədbirdə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Novruz personajları - Kosa və Keçəl, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Paytaxtdakı teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri orkestrləri, rəqs qrupları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirdə iştirak edəcək.

Həmçinin bölgələrimizin mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz geniş təqdim olunacaq.