Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu
Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur.
"Gördüm qarşımda 160-180 kiloluq adam əyləşib”
Öncə Şahbaz müəllimlə tanışlığından başladı. Məlum oldu ki, bu tarix hələ SSRİ dönəminə gedib çıxır:
"Allah Şahbaz müəllimə rəhmət eləsin. Siz də sağ olun ki, bu cür insanı yaddan çıxarmırsınız, ona yazı həsr edirsiniz. Mənim Şahbaz müəllimlə tanışlığımın tarixçəsi 1986-cı ildən başlayır. Həmin vaxt "Kəpəz”də oynayırdım. Ev oyunlarımıza 20 min azarkeş gəlirdi. Tək Gəncədən yox, ətraf rayonlardan, o cümlədən də Şəmkirdən. Şahbaz müəllim də Şəmkirdən gəlib bizim oyunlara baxırdı. Çünki futbol azarkeşi idi. Bir dəfə oyunların birindən sonra mənə dedilər ki, bir nəfər səninlə tanış olmaq istəyir və Şamxora (o vaxt Şəmkir Şamxor adlanırdı) çağırır. Getdim görüş yerinə çatanda gördüm, qarşımda 160-180 kiloluq adam əyləşib. Bildirdi ki, bizim oyunlarımıza baxıb və mənim oyunumu da çox bəyəndiyindən yaxından tanış olmaq istəyir. Beləliklə də onunla tanışlığımız başladı. Sonradan tək Şəmkirdə, Gəncədə yox, Bakıda da görüşürdük. Həmin vaxt Şahbaz müəllimin heç bir vəzifəsi yox idi. Amma böyük nüfuza malik idi. Sonradan onu Şəmkirdə konyak zavoduna baş direktor təyin etdilər. Həmin ərəfədə mən Rusiyada oynadığımdan bir müddət görüşə bilmədik”.
"Deyirdi, mən xoşbəxtəm ki, futbolda şəfa tapıram”
Həmsöhbətimiz Saşanın futbola və futbolçulara yanaşmasından da söz açdı, bir klub prezidenti kimi də mərhumu xarakterizə etdi: "1996-97-ci il mövsümündə elitada qalmağı bacarandan sonra növbəti mövsüm üçün qarşımıza daha ciddi hədəflər qoyduq. Məqsədimiz yüksək yer tutub avrokuboklara qatılmaq idi. Çempionatın sonuna kimi də ikinci pilləni əlimizdə saxlamışdıq. Yalnız sona bir neçə tur qalmış mövqeyimizi əldən verdik və avrokuboklara "Dinamo” getdi. Burda da əsas səbəb "Bakı Fəhləsi” ilə oyunda itirdiyimiz xal oldu. Hansı ki, Əkrəm Baxşəliyev penaltini vura bilməmişdi. Amma əsas o idi ki, böyük futbolu Şəmkirə qaytarmışdıq. Hər oyunumuza 10 min azarkeş gəlirdi. Növbəti il komanda daha da gücləndi və mövsümün sonunda UEFA kubokuna vəsiqə qazandıq. Şahbaz müəllim komanda üçün bütün lazımı şəraiti yaradırdı. Futbolçularla klub prezidenti kimi yox, bir valideyn kimi rəftar edirdi, qayğı götərirdi. Oyun qurtaranda stadiona gələn insanlar zurna-balabanla qələbəni qeyd edirdi, oynayırdı. Şahbaz müəllim isə birbaşa paltardəyişmə otağına gəlib hər futbolçuya mükafat olaraq 100 dollar verirdi. Deyirdi ki, bunlar da burda işçidilər və işçinin haqqını da təri qurumamış verməlisən. Bunun nəticəsində komandada çox mehriban ab-hava hökm sürürdü. Bir dəfə görməzdin ki, kimsə kiminsə xətrinə dəysin, kimsə kimisə təhqir eləsin. Bir az səhhətində problemi var idi, buna baxmayaraq, özünü xoşbəxt sayırdı. Deyirdi, Allah bu pulu mənə yetirib və mən də onu futbola xərcləyirəm, şəfamı futbolda tapıram. Həqiqətən də futbol xəstəsi idi. Mən onunla həddindən artıq yaxın olmuşam. Hətta məni ailəsinin bir üzvü hesab edirdi. Sonradan komandaya Ağasəlim Mircavadovu baş məşqçi gətirəndən sonra da mən elə komandada qalmışdım. Rəsmi heç bir vəzifəm olmasa da, Şahbaz müəllimin yanında idim. Futbola o qədər böyük həvəsi var idi ki, 1996-cı ildə Avropa çempionatının İngiltərə - İspaniya matçını izləmək üçün İngiltərəyə getmişdi. Dedi ki, hazırlaşın, gedib o oyunu "Uembli”də izləyək. Bundan əvvəl - 1994-cü ildə isə dünya çempionatını canlı izləmək üçün də ABŞ-a yollanmışdı. "Şəmkir” 2000-ci ildə Çempionlar Liqasının ilkin təsifat mərhələsində "Skonto”nu keçəndə sevincinin həddi-hüdudu yox idi. Futbolçulara münasibətindən də bir epizod danışım. Deməli Moskvaya "Birlik kuboku”na gedirik. Sən demə, Şahbaz müəllim bir gün öncədən gedib Moskvaya və komanda üçün "Birlik kuboku”nda geyinmək üçün yeni geyim dəstləri alıb. Sonra da həmin geyim dəstlərini götürüb birbaşa hava limanına gəlmişdi. Orda formaları tək-tək uşaqlara təqdim etmişdi”.
"Viləş”lə oyundan sonra evə gəlib yatdı və ad günü keçirmədi”
Əfqan müəllim Şahbaz Süleymanovla bağlı bir maraqlı məqama da toxundu. Demə, komandası Şəmkirdəxal itirəndə "Saşa” bunu həzm edə bilməyib:"Bir dəfə "Viləş”lə oynayırdıq. Oyun günü Şahbaz müəllimin ad günü idi. Öncədən hardasa 100 nəfərlik stol açılmışdı ki, oyundan sonra gəlib ad gününü qeyd edək. Elə oldu ki, matç gözlədiyimizdən də çətin keçdi. Oyunun sonları gedir, "Viləş”də 1:0 qalib gəlir. Gördüm yox, nəyisə mütləq dəyişmək lazımdır və elə özüm meydançaya daxil oldum. Onda mən oynayan-məşqçi idim. Mən meydana girəndən sonra hesabı bərabərləşdirə bildik. Matç 1:1 hesasbı ilə bitdi. Oyun başa çatandan sonra gördük ki, Şahbaz müəllim yoxdu. Demə, həmin oyundan sonra gedib birbaşa evə və yatıb. Düz gecə saat 12-ə kimi yatdı, qonaqlıq filan da olmadı. Sabah bir qədər özünə gələndən sonra izah elədik ki, bu, futboldur. Futbolda udmaq da olar, uduzmaq da. Uzun söhbətdən sonra əhvalı bir az düzəldi və ad gününü bir gün sonra da olsa qeyd etdik”.
"Saşanın çörəyini yeyən çox insan ondan üz döndərdi”
Talıbov sonda Şahbaz Süleymanovun ən böyük arzusunu da bizə çatdırdı: "Şahbaz müəllim həyat dolu insan idi. Çox şeyə marağı vardı. Məsələn, kitab oxumağı sevərdi, böyük kitabxanası var idi. Bilsəydi ki, onun kitabxanasında olmayan hansısa kitab var, hətat Kalininqradda belə alardı. Futbol isə şübhəsiz ki, həyatında mühüm yer tuturdu. Futbolda ən böyük arzusu "Şəmkir”i Çempionlar Liqasının qrupunda görmək idi. Deyirdi ki, nəhəng futbol ölkələri üçün bu, adi haldı. Amma "Şəmkir” üçün çox böyük uğur olardı. Özü "Qalatasaray” azarkeşi idi. "Qalatasaray” 2000-ci ildə UEFA kubokunu qazandı. O da arzu edirdi ki, heç olmasa "Şəmkir” də Çempionlar Liqasının qrupunda oynasın. Ümid edirəm ki, onun bu arzusu nə vaxtsa həyata keçəcək”.
"Mən o vaxt U-21-in baş məşqçisi idim. Buzovnadakı "Gənclik” bazasında təlim-məşq toplanışında idik. Dedilər ki, bir nəfər səni "Mersedes”də gözləyir, söhbət etmək istəyir. Bildim ki, Şahbaz Süleymanovdu. Mən də onun adını çox eşitmişdim, amma şəxsi tanışlığıız yox idi. Heç üz-üzə də gəlməmişdik. Getdim görüşdük və mənə dedi ki, səni "Şəmkir”ə dəvət edirəm. Mən də fikirləşmək üçün 2 gün vaxt istədim. Götür-qoy etdim, AFFA-nın o vaxtı prezidenti Fuad Musayevlə də danışdıqdan sonra razılıq verdim. Amma danışığımız belə olmuşdu ki, "Şəmkir”lə yanaşı U-21-də də qalacam. Onsuz da o zaman indiki kimi deyildi. U-21 oyundan oyuna yığışırdı. Beləliklə, mənim "Şəmkir" karyeram başladı. Mən məşqçilik karyeramda çox prezidentlə işləmişəm, amma Şahbaz Süleymanov tamam başqa idi. Futbolu çox gözəl bilirdi. Bəzən oturub hansısa oyunları müzakirə edirdik və mən görürdüm ki, futbolçu necə gözəl təhlil edə bilir. Amma bununla belə, heç vaxt məşqçinin işinə müdaxilə etməzdi. İmkan daxilində komanda üçün hər şey edirdi. Onun dilindən "yox” kəlməsi çıxmazdı. Özü şəxsən gəlib məşqləri izləyirdi. Bizə də xüsusi hörmətlə yanaşırdı. Biz deyəndə kənardan gələn məşqçi və futbolçuları nəzərdə tuturam. Deyirdi ki, siz gəlib burda Şəmkir üçün oynayırsınız. Ona görə biz sizin qədrinizi bilməliyik. Təzə gəldiyim vaxt komandanın forması yox idi. Çempionatın da startına 1 həftə qalırdı. Dedim ki, bəs forma almaq lazımdır. Tez özü, mən və Əfqan Talıbov getdik İstanbula. Bizə dedilər ki, "Qalatasaray”a bu yaxınlarda 2 milyonluq formalar gəlib və həmin formaların parçalarından qalıb. Sifariş verdik, 3-4 günə bütün formalar hazırlandı və bütün dəsti ilə birlikdə götürüb Azərbaycana qayıtdıq.
Sonda...
Şahbaz Süleymanov 2013-cü ilin iyulun 1-də dünyasını dəyişib.
Anar XANLAROV
Layihə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb