İradə TUNCAY: Öz dilində savaş

İRADƏ TUNCAY
408151 | 2017-03-13 15:51

Biz yaşda olan insanlar müharibə filmlərini çox izləyiblər. Bəlkə belə demək də olar – bu filmlərlə böyümüşük. Və mənə elə gəlirdi ki, bu mövzunu tam bilirəm. Uzun illər alman dilini eşidəndə vahimələnirdim. Həm də o vaxtkı fikirlərimdən biri də bu idi: nə yaxşı ki biz müharibə görmədik. Amma valideynlər danışırdı axı… Aclıqdan, qara kağızların ağlaşından… Sadəcə təsəvvür etmək olardı… Sonra dəyişdi hər şey. Əfqanıstan oldu. Amma sink tabutları nəzərə almasaq yenə uzaqda qaldı. Və bir gün gəldi düz qapımızın ağzına savaş . Kino yox . Həqiqi savaş. Gördük . Və gördükmü ? Yaşadıq. Dərk etdikmi? Ağrısı hamıya dəysə də lokal qaldı . Sanki bizdən xəbərsiz bir anestezioloq keyləşdirdi bu dərdi… Dərk edə bilmədik.

Zaman-zaman təkrar baxdığım filmlər çox olub. Deyim ki reytinq anlayışım sabit deyil. Ola bilər nə vaxtsa baxdığım bir filmi sonra bəyənməyəm. Amma yaddaşımda qalan elə səhnələr də var ki hər yaşımda məni ağladıb. Müharibə ağladır. Hər yerdə və hər zaman.

Müharibə filmləri kinematoqrafın ən çox müraciət etdiyi janrdı və həm də ən çox xərc aparan janrdı. Kütləvi səhnələrin, döyüş səhnələrinin, son illərdə isə mürəkkəb kompüter effektlərindən istifadə olunan bir sahədi. Müharibə bütün öyrəşdiyimiz, adət etdiyimiz, məişətimizin bir parçası olan nələrisə sıxışdırıb çıxarır gündəlikdən… Burda bircə prioritet var – sağ qalmaq, yaşaya bilmək.

Belə bir cərəyan da olub orta əsrlərdə – yalınayaqlar… Həyatın bütün nazı-nemətindən imtina edən, asket, dərvişanə yaşayan rahiblər hərəkatı. Onlar Bibliyadakı bir sitata əsaslanırdılar – Rəbbim Musa Peyğəmbərlə söhbətində dedi ki, ayağındakını çıxar, çünki ayağını qoyduğun bu torpaq müqəddəsdi...

Həmin təlimi kilsə lənətləmişdi. Təbii bütün dinlərin sonrakı dövlərdə bir siyasi söykənəcəyi olur, ilkin mənasından uzaqlaşmağı olur. Amma mahiyyət belədi – həmin insanlar müqəddəs bilirdilər yer üzünü… Ayaqyalın gəzirdilər…

 ***

Bakı -2016… İlk kadrlar… Bakı buxtasından bir panoram, Şəhidlər Xiyabanına keçid. Kölgə insandan böyükdü. Səhər vaxtıdı deməli. Yalın kişi ayaqları, aram addımlar… Mərmər pillələrlə yuxarı qalxır, 5 yaşlı bir qızcığazın məzarı önündə bir anlıq dayanır. Məzarın üstündə təptəzə ayaqqabılar qoyulub, qırmızı rəngdə. Addımlar davam edir və indi də bir kişi məzarı önündə dayanır... Sonra enir pillələri və uzaqlaşır.

***

Bakı -1993... Bir qadın əlində ayaqqabı qutusu (üstündə Türk Kızılayı yazılıb) aramla irəliləyir. Qadının qutunu necə tutduğu diqqət çəkir… Bu məkanda hər tərəfdə köhnə, təzə ayaqqabılar səpələnib, bunlar əsgər çəkməsi geyinib müharibəyə gedən oğlanların (həlak olduqlarını düşünürəm) ayaqqabılarıdı. Plan dəyişir və başqa məkanda uşaqlar öz aralarında ayaqqabılarla oynayır. Balkonlardan da ayaqqabılar asılıb… Bəziləri də taykeş…

***

İlk baxışda yorucu görünə bilər bu kadrlar. Səbr edək . Bir az aralıda uşaqlar üstündə "Qarabağ” yazılmış topla futbol oynayır. Hərəsinin əynində bir ölkənin adı yazılmış mayka var. Film ilk kadrlardan rəmzlərlə danışdığından burda ATƏT-i görmək çətin deyil. Bir uşaq da kənarda bu oyunu izləməkdədi. Topu ayaqları altına qoymuş iki uşaq isə üzbəüz dayanıb dalaşmağa hazırlaşır – biri yuxarıdan, ironik baxır, biri əsəbi. Ayırırlar onları. Və uzaqdan həsrətlə oyuna baxan uşaq anasının onu haylamağına – Həsrət, gəl evə – hiddətlə ayağını yerə çırpır. Həsrətdi uşağın adı. Uşaqlar meydandan uzaqlaşır, topu uşağa verirlər. Qarabağ topu qoltuğunda gedir anasının çağırdığı yerə. Balaca bir oğlan üzünü divara çevirib, yerdən oturub mürgüləyir. Arada titrəyir də. Sanki top səsləri eşidir yuxuda. Qapının ağzında bir oğlan arxası kameraya, ayağında böyük ayaqqabılar dingildəyir. Yəqin bu uşaq elə ömrü boyu ayağına olmayan yerlərdə dingildəyəcək adamlara arxasını çevirib... Girəcəkdə lövhə asılıb: 2 nömrəli oğlan yataqxanası. Miskin, fəqir bir yataqxana. Bu artıq Qarabağ üçün böyüyən ikinci nəslin rəmzidi.

 

 

Ana oğlunu gözləyir otaqda. Otaq uçuq-sökük xaraba bir otaqdı. Divarda isə Milli Qəhramanların portretləri sıralanıb. Xaraba otaq və bu qədər qəhrəman. İlk kadrlarda gördüyümüz balaca qızcığaz və kişinin portretləri də var burda. Ana qutudakı təzə ayaqqabıları göstərir uşağa:

- Ana, sənə deməmişəm bura evimiz demə?

(Bu, mənə görə bu sözsüz, həm də dil açıb danışan kadrlarla zəngin filmin qırmızı xəttidir... Bu xaraba deyil bizim evimiz... Deyil!!!)

Ana cavab verir :

- İşdə dedilər BMT axşam qərar verib... Qayıdacıyıq....

- Evimizə qayıdanda geyinərəm... Ana, bəs sən deyirdin Allah bu zülmü yerdə qoymaz? BMT Allahdan böyükdü?

Gəl bu suallara cavab ver... Bir küncə sıxılmış ana üzünü divardan asılmış şəkillərə tutur və bəlkə Allaha da verir bu sualı? Rejissor anlatmasıdı bu kadrlar – rəssamların çəkdiyi ikona təsvirlərindəki Müqəddəs Məryəm və çarmıxdakı Həzrəti İsanı xatırladır. Deməli, aqibəti məlumdu bu uşağın da, ananın da...

Və sonra yenidən günümüzə dönüş – Şəhidlərdən uzaqlaşan yalın ayaqlar sıra ilə divardakı lövhələrin yanından ötür. Lövhələrin üzərindəki ox işarələri əks istiqaməti göstərir. Ora getmə!!! Amerika səfirliyi də, Fransa səfirliyi də, Rusiya da, İran da deyir ora getmə!!! Yol ayrıcında böyük bir "STOP” işarəsi də qoyulub. OLMAZ!!! Amma ayaqlar gedir. Yalın ayaqlar. Boynundan isə həmin o ayaqqabılar asılıb. Uşaq ayaqqabıları. Geyilməmiş, təzə, evlərinə qayıdanda geyinəcəyi ayaqqabılar. İllər keçib... Ayaqqabılar təzə qalıb... Oxlar isə əks tərəfi göstərir...

***

Və kulminasiya – ev saymadığı evin divarından asılmış əsgər geyimi, yerdə isə əsgər çəkmələri. Panoram kadr yerdə sıralanmış təzə ayaqqabıları göstərir. Əsgər çəkmələrini geyinir yalın ayaqlar. Deməli, ümid bu çəkmələrədi – onlar aparacaq onu evlərinə... Divardan toy kostyumu asılır – ana asır onu, yenə təzə ayaqqabıları cütləyib qutuya qoyur. Künc...

***

Döyüş yalnız qırmızı atəşin yanıb sönməsiylə göstərilir. Və bəlkə fantastik görünə biləcək bir epiloq.

"İllər sonra Xankəndi”yazılır titrlərdə. Əldən düşmüş ana irəliləyir, sanki zorla, nəsə daşıyırmış kimi... Getdikləri küçə – Həsrət küçəsidi. Plan dəyişir... Ana əlil arabasını itələyir... Arabadakı adamın boynundan (həm sinəsindən, həm də kürəyindən) ayaqqabılar asılıb yenə. Bu dəfə həm uşaq, həm də böyük ayaqqabıları. Geyilməmiş, təzə ayaqqabılar. Nə uşaq ola bilməyən, nə də böyük ola bilməyən Həsrətin ayaqqabıları. Qırmızı lentlə qarşısı kəsilmiş bir binanın önündə dayanırlar. Başından şürüşmüş yaylığı çəkir başına qadın. Müqəddəs bir yerə gəlmiş kimi. Ana əlil arabasındakı təzə ayaqqabıları həmin binanın qapısından asır. Bura "Geyilməmiş ayaqqabılar muzeyi”di. Muzey Milli Qəhrəman Həsrətin adını daşıyır. Və bundan sonra kamera sanki axsamağa başlayır... İri planda ayaqları olmayan əsgər geyimli şəxs görünür – üzü yox, sadəcə bədəni... Ana arabadan aralanıb pilləkənlərin üstündə oturur. Oğluna baxır və sonra oğlanın əl hərəkətlərindən həm də gözlərinin də görmədiyini anlayırsan. Son kadrlar ananın ayaqları və arabanın təkərləri... Bu onların dramıdı – ananın və oğulun. Müharibə bitsə də, Xankəndində Həsrət küçəsində gəzsələr də faciə onlarındı və heç vaxt bitməyəcək...

Bayaqdan haqqında danışdığım film "Geyilməmiş ayaqqabılar” adlanır. Rza Rzayevin filmi. Rejissor belə görür savaşı. Yaradıcı qrupu ilə birlikdə. Təbii ki rejissor filmin yaradanıdı, amma onun ideyalarını həyata keçirənlər, təsviri tamaşaçıya çatdıranlar var axı. Operator, bəstəkar, aktyorlar... Böyük deyil qrup... Azacıq məsrəflə çəkilib. Amma böyük mətləblərə toxunub...

İlk olaraq Gülzar Qurbanovanı qeyd etməmək haqsızlıq olardı deyə düşünürəm. Göründüyü hər mizanda, sözsüz kadrlarda əzablı, iztirablı baxışlarıyla Anna Manyanini xatırlatdı mənə. İfadəli, dərin, sakit. Xalqdan olan biri. Bəlkə necə görünəcəyi qorxusunun olmadığını hiss etdim onda da. Əlləri də sanki bir başqa aktyor idi. Əllər də ustad sənətkar həssaslığı ilə təsvir edirdi qadının faciəsini. Müharibə gerçəyi vardı onlarda. Gözlər və əllər. Qəribədi oğlanın ayaqları və ananın əlləri. Bu idi faciəni təsvirlə çatdıran...

 

 

***

Balacanın (Dəniz Həsənov) oyunu təsir, ovqat yaratmadı məndə. Ola bilər subyektivəm.

Rejissor nə fikirləşir-fikirləşsin, filmin ideya-bədii həllini, istiqamətini, ifadə traktovkasını, kompozision , koloristik həllini, baxış bucağını, rakursları, işıqlandırmanı düzgün verə bilməsə film alınmayacaq. Şərtlər çoxdu – ssenari üzərində iş, personajların portret xarakteristikası, natura seçimi, eskiz və dekorasiyaların təsdiqi. Kameranın sağamı, ya solamı hərəkəti... Gedişmi, dönüşmü? Hər halda, mən filmdə uğurlu bir kamera baxışı gördüm.

Musiqi isə lap mistikadı. Rus bəstəkarı Vyaçeslav Şulinin bizim muğam ladlarından belə istifadə eləməsi maraqlı gəldi mənə. Kinoda musiqi- ideyanı izah edən, tamaşaçıya çatdıran ən vacıb komponentlərdən biridi.Təsviri gücləndirən önəmli elementdi. Xüsusən də dialoqların azlıqda olduğu yerdə musiqi faktoru daha çox yer tutur. Şulinin musiqisi hadisə və obrazların dinamikasını, ritmikasını tuta bilib. Həm kadrdaxili, həm də kadrarxası planlarda yerinə otura bilib.Və filmin konsepsiyasına, ideyasına, emosiya və dramatizmin ifadəsinə uğurla xidmət edib deyə düşünürəm. Paralelizm yarada bilib.

***

Sənətdə kamera anlayışı var – kamera orkestri, kamera teatrı, kamera kinematoqrafiyası və sairə... Kinoda müəllifin birbaşa sözünü leytmotiv kimi çatdırır belə filmlər. Hadisələrdən çox insanlar haqqında danışır.Və adətən ilk işlərində nəzərə çarpır çox tanınmış rejissorların. Kino dilində, eksperiment, ştamp və kütləvilikdən uzaq dildə danışır. Böyük büdcəli olmur, amma Yeni Dalğa cərəyanının filmlərini xatırlasaq bunu böyük kino anlayışından uzaq tuta bilmərik. Müəyyən çərçivə, məhdud məkan daxilində insan dramı, flashback-dən təkan alaraq hadisə yaratmaq ağır zəhmətdi. Hər hansı bir işin süjet və psixoloji məqamları dar, kiçik müstəvidə göstərə bilməyi rejissor və operator ustalığı deməkdi. Kamera filmində hər bir detal önəmlidi, gözdən qaçmır. Tamaşaçı operatorla birgə izləyir kameranın hərəkətini və rejissorun kino dilində dediklərini anlayır. Bu çətin dildi, illüstrasiya deyil. "Geyilməmiş ayaqqabılar” kamera filmidi. Burda görməyə öyrəşdiyimiz böyük batal səhnələr, kütləvi səhnələr yoxdu. Həcmi də çox deyil – cəmi 45 dəqiqə. Amma hər dəqiqəsi ağrı, əzab, faciə dolu. Rejissorun diliynən, kadrların, səhnələrin diliynən nəql olunan.

Əgər savaş haqqında öz dilində danışmağı bacarmasan, bunu sənə yad dildə anladacaqlar... Yuxarıda yazdığım bu fikrimi təkrarlayıram. Deməli, mütləq danışmaq lazımdı. Həqiqəti demək lazımdı. Və həqiqəti naturalizmlə qarışdırmadan danışmaq lazımdı. Avtomat lüləsindən çıxan parıltını, tankların tırtılına qarışmış insan cəsədini göstərməsən də olar bu həqiqəti demək… Rejissorun ustalığından asılıdı. Rejissorun nə dediyindən... Səni yolundan sapdıra da bilər, ekrana bağlaya da bilər. Böyük mənada ekran… Gerçəklərin ekranı. Rza Rzayevin kino dili haqqında maraqlı fikirləri var: "Kinonun özünəməxsus dili var. Müasir dövrdə kino sənətində söz dramaturgiyasından az, təsvir dramaturgiyasından daha çox istifadə edilir. Necə ki Mövlanə söyləmişdi: "Gözün bir anda gördüyünü dil yüz il söyləsə də, anlada bilməz!” (kino ilk yarananda səssiz olub). Bu da ona görədir ki, fərqli dillərə, düşüncələrə mənsub olan tamaşaçılara təsir edə bilsinlər. Kino dərk edənə də, etməyənə də eyni təsir edir. (Dərk edənin şüuruna, dərk etməyənin şüuraltına ). Kino insanlara daha çox rasional olaraq yox, irrasional olaraq təsir edir. Bu təsirin nəticəsində alt qatda gedən irrasional proses yuxarı qatda gedən şüurlu təfəkkürü müəyyənləşdirir. (Şüur altına toxum yerləşdirilir, bir müddətdən sonra şüurda meyvəsini dərirlər). 

Bu gün kino Azərbaycanca danışmalıdır. (Necə ki böyük Üzeyir Hacıbəyov musiqini Azərbaycanca danışdırdı.) Söhbət dialoqların Azərbaycan dilində olmağından getmir. Film dialoqlardan yox, epizodlardan ibarətdir. Film süjetlərin və epizodların ardıcıllığı və vəhdətidir. Kino daha çox gözün, üzün, əlin, rəngin, geyimin, detalın dili ilə danışır. (Necə ki xarici filmlərin Azərbaycan dilinə tərcüməsi heç də bu filmlərin Azərbaycanca danışması deyil.) Filmdə sözdən çox bu dillər danışır, səssiz-səmirsiz. Filmdə mesajlar cəmiyyətə daha çox bu dillərlə verilir, ötürülür.

Kinoda rejissor quruluşundan, aktyor oyunundan tutmuş, montaj təfəkkürü, (montaj sıxlaşdırılmış fikir daşıyır) hər şey Azərbaycanca ifadə olunmalıdır. Bu ifadə bizim filmlərə dünyada marağı artıracaq. Dünyanı daha çox bizim nə çəkdiyimiz (düşündüyümüz) maraqlandırır, onları yamsılamaq, təkrar etmək yox”. Bu sözləri yazanda Rza hələ rejissor kimi kameralardan çox uzaq idi. Bu film ilk işidi onun. Mən uğurlu sayıram. Kinoşünas deyiləm, iddialı da deyiləm. Amma yaxşı tamaşaçıyam…

Öz dilimizdə baxdım bu filmə. Bu savaşa... Amma hamı anlayacaq bu dili. Bu savaşı….

 

 

 

 

 

 

 
 
 
 
 
 

TƏQVİM / ARXİV