adalet.az header logo
  • Bakı 13°C
13 Mart 2017 15:14
19638
SİYASƏT
A- A+

Aqil Abbas: “Heç Hitler də belə etməzdi”

"Hollandiyanın Türkiyəyə qarşı addımları bütün türk və İslam ölkələri tərəfindən qınanmalı və hamımız Türkiyənin yanında olmalıyıq”.


Adalet.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın həmin ölkənin polisi tərəfindən saxlanması və dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsini şərh edərkən deyib.


Deputat qeyd edib ki, Avropa demokratiyanın beşiyi olsa da, həmin ölkələrin iki cür demokratiyaları var: "Bunun biri özləri, biri də bizlər üçündür. Avropa ölkələrinin hamısında olmuşam, Avropa demokratiyası yüksək səviyyədədir. Amma onların özləri üçün olan və ixrac etdikləri demokratiya var. İxrac etdikləri demokratiyanı İraqda, Suriyada, Liviyada, Yəməndə, Fələstində, Misirdə və s. görürsünüz. Suriyaya, İraqa ixrac elədikləri demokratiyanın birini də Türkiyəyə yönəldirlər. Gəl, mitinqin qanunsuz olduğunu bildirib, dağıt. İtin yerə yıxılmış cavan oğlanı necə tutduğunu gördük. Demokratik ölkəsən, polisin mitinqi su ilə dağıtsın, denən mitinq keçirməyə icazə vermirəm, vəssalam. Ancaq bunlar itlə, atla gəlib mitinq iştirakçılarını döyürlər. Deyirsiniz, xarici işlər naziri Hollandiyaya gəlməsin, ancaq sən Türkiyənin ölkəndəki baş konsuluna ayaqyoluna, restorana getməyə icazə vermirsən, bu, harada yazılıb? Bütün dünya qanunlarına görə, hansısa ölkənin xaricdə səfirliyi, konsulluğu varsa, ora girilə bilməz, səfirlik binasının yerləşdiyi ərazi həmin ölkənindir. Baş konsula idarədən çıxmağa icazə verilməməsi faşizmdən də betəridir. Bəlkə heç Hitler də belə eləməzdi. Bu addım qınanmalıdır”.


Aqil Abbas hesab edir ki, bütün müsəlman ölkələri Türkiyənin yanında olmalıdır: "Azərbaycan həmişə Türkiyənin yanındadır, xatırlayırsınız, möhtərəm prezidentimiz Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində dedi ki, Türkiyə rəhbərliyi burada yoxdur, mən buradayam. Arzu edirəm ki, bu sözü başqa türk dövlətləri də, İslam dövlətləri də desin. Amma demirlər də. Hollandiyanın hərəkəti nasizmdir. Demokratik ölkədə belə həkərətlər olmaz axı. Ona görə də deyirəm ki, özləri üçün olan və ixrac elədikləri demokratiya var. Görürsünüz də, İraqda, Suriyada, Liviyada "demokratik” ölkə qurublar. Mən Hollandiya olmuşam, doğrudan demokratik olan ölkədəki bu hərəkəti qınamalıyıq, cavablarını da almalıdırlar. Demirəm, Türkiyə müharibə elan eləsin. Türkiyə həddən artıq güclənir. Avropaya güclənmiş Türkiyə lazım deyil. Bunun başqa səbəbi də var. Türkiyə Rusiya ilə dostluq edir. Dünya bu dəqiqə 3 ölkəyə nifrət edir – İran, Rusiya və Türkiyəyə. Bu ölkələrə qarşı hücuma keçiblər. Türkiyə ilə Rusiyanın yaxınlaşması əslində gözəl bir şeydir. Türkiyə Rusiyasız, Rusiya da Türkiyəsiz yaşaya bilməz. Türkiyə istəsə, Rusiyanı çevirə bilər, çünki Rusiyada 30 milyondan çox türk yaşayır. Rusiyanın hərbi komandanı türkdür. Rusiyaya qarşı hücum edirlər deyə Türkiyəyə də belə münasibət göstərirlər. Eybi yox, Türkiyə Türkiyədir. Məşhur şeir var:


Merkezi-Haka atsalar da bizi,
Kürreyi arzi partladar, çıkarız.


Yəni heç kim türkü basdıra bilməz. Vaqif Cəbrayılzadə deyir ki, türk min illərin gün işığıdır, nə qədər basdırsan, torpağın üstündə qalar. Bizi basdırmaq olmaz. Hollandiyanın, Avstriyanın, Almaniyanın elədikləri səhv addımdır. Bu gün hamımız Türkiyənin yanındayıq və sayın Ərdoğanın yanında olmalıyıq”.