adalet.az header logo
  • Bakı 20°C
13 Mart 2017 12:39
5426
MƏMLƏKƏT
A- A+

SƏRNİŞİNDAŞIMA QAYDALARINI POZAN MİKROAVTOBUS SÜRÜCÜLƏRİ SAXLANILDI

Bakı-Sumqayıt avtomobil yolunda «Ford» markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 6 tələbə dünyasını dəyişdi, 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Hələ onların bir neçəsi ağır vəziyyətdədir və xəstəxana şəraitində müalicə alırlar. Qəzanın da yaranmasına əsas səbəb mikroavtobus sürücüsünün körpünün üstündə ötmə əməliyyatını pozması və eyni zamanda sürət həddini aşaraq qarşıya çıxan maneədən qurtara bilməməsi olub. Təbii ki, mikroavtobus sürücüsü yol hərəkəti qaydasına əməl etsəydi və normadan artıq sərnişin aparmasaydı, bu faciə də baş verməzdi.

Ümumiyyətlə, Bakı-Sumqayıt avtomobil yolundakı ağır faciə bir «SOS» siqnalı yaradıb. Aydındır ki, respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin edən yol polisi bütün dövrlərdə sərnişindaşıma qaydalarının pozulmasının qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirib. Ümumiyyətlə, tək yol polisi deyil, həm Nəqliyyat Agentliyi, həm də digər qurumlar sərnişindaşıma ilə bağlı birgə fəaliyyət göstərməlidilər. Əgər bu birgə fəaliyyət baş tutarsa, onda avtomobil yollarında da bu cür qaydaların qarşısını qabaqcadan almaq mümkündür.

Yol Patrul Xidməti Alayının bütün tağımlarında ötən şənbə-bazar günləri normadan artıq sərnişin daşınmasına qarşı reydlər keçirilib. Demək olar ki, bu reydlər zamanı çoxlu sayda sərnişindaşıma qaydalarını pozan mikroavtobus sürücüləri aşkarlanıb. Məsələnin bir tərəfi də onunla bağlıdır ki, mikroavtobuslar qaydaları pozduğuna görə, stasionar postlarda saxlanılarkən sərnişinlər buna etiraz edir və deyirlər ki, bizim vaxtımızı alırsınız. Amma onlar bir məsələni başa düşmək istəmirlər ki, bu cür qabaqlayıcı tədbirlərin həyata keçirilməsi onların təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Şənbə-bazar günləri Bakı-Qazax avtomobil yolunun Yol Patrul Xidməti Alayının 6-cı tağımının xidmət apardığı respublika əhəmiyyətli avtomobil yolunda da reydlər təşkil edilib. Bu reydlər zamanı birmənalı olaraq yol hərəkəti qaydasını pozan və eyni zamanda sərnişindaşıma qaydalarına əməl etməyən neçə-neçə mikroavtobus sürücüsü saxlanılıb. Saxlanılan mikroavtobus sürücülərindən biri yol polisi əməkdaşı, polis serjantı Əşrəf Orucovla hətta mübahisə etməkdən belə çəkinmirdi. Sürücü əl-qol atır və əlavə oturacaq quraşdırmadığını bildirirdi. Ancaq reyd iştirakçılarının iştirakı ilə sübut edildi ki, mikroavtobusun sürücüsü 4 əlavə yer quraşdırıb, üstəlik də onun marşruta çıxması barədə həkim arayışı yoxdur. Sirr deyil ki, bir çox sürücülər xəstə vəziyyətdə, hətta ürəkləri ağrıyarkən sükan arxasında əyləşirlər. Baş vermiş belə hadisələr təsdiq edir ki, sərnişindaşıyan bəzi sürücülər elə ürəktutmasından sükan arxasında dünyasını dəyişiblər. Təbii ki, mübahisə edən sürücü barəsində yol polisi əməkdaşı, polis baş serjantı Əşrəf Orucov inzibati protokol tərtib etdi.

Polis baş serjantı Abbas Abdullayev isə sərxoş vəziyyətdə avtomobili idarə edən bir sürücünü saxlamışdı. Sürücü də deyirdi ki, dünən axşam araq içmişəm. Həkim müayinəsindən keçən bu sürücü yüngül dərəcəli sərxoş olduğu aşkarlandı. Həkim rəiyndən sonra sürücü barəsində inzibati protokol tərtib edilərək nəqliyyat vasitəsi onun əlindən alınaraq müvəqqəti duracağa qoyuldu.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının iki gün ərzində keçirdiyi reyd zamanı 3 sərxoş sürücü aşkarlandı, 15 sərnişindaşıma qaydasını pozan mikroavtobus sürücüsü əlavə oturacaq quraşdırdığına görə cərimə olundu. Bununla yanaşı, 20-yə yaxın həkim sənədi olmadan mikroavtobusu idarə edən və eləcə də 20-yə yaxın mikroavtobusu idarə edərkən etibarnaməsi olmayan sürücü saxlanıldı. Aydındır ki, onların saxlanılması bayaq dediyimiz kimi, birmənalı olaraq hərəkətin təhlükəsizliyinə hesablanıb. Təəssüflə qeyd etməliyik ki, yol polisinin keçirdiyi bu reyd heç də yol hərəkəti qaydalarını pozan sürücülər tərəfindən normal qarşılanmadı. Həmin sürücülər bildirirdilər ki, onsuz da bizim dolanışığımız çətinləşib. Bu reydlərsə bizim başımıza oyun açır.

Urəkağrısı ilə deməliyik ki, öz maraqları naminə hər cür yalan danışan və hətta haqlarında qanunu pozduqlarına görə, müvafiq tədbirlər görən yol polisi əməkdaşlarını görəsən bu cür sürücülər niyə ittiham eləyirlər?! Axı reyd zamanı saxlanılan mikroavtobus sürücülərinin kobud surətdə yol hərəkəti qaydalarını pozmaları üzə çıxmışdı. Onlar öz hərəkətlərindən nəticə çıxarmaq əvəzinə qanuni tədbir görən və onları intizama dəvət edən yol polisini qınayırdılar. Ümumiyyətlə, hər bir sürücü sərnişin daşıyırsa, ilk növbədə apardığı sərnişinlərin təhlükəsizliyi haqqında düşünməlidir. Əgər öncədən onlar ciddi düşünsələr, Bakı-Quba avtomobil yolundakı faciələr yenidən təkrarlanmaz.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov sərnişindaşıma qaydalarının pozulmasına qarşı mübarizənin gücləndirilməsini bizim qarşımızda əsas vəzifə kimi qoyub. Hər gün də görülmüş işlərin yekunu barəsində biz rəhbərliyə məlumtalar veririk. Elə mənim özüm gün ərzində ən azı yol hərəkəti qaydasını pozmuş 10 sürücü barəsində inzibati protokol tərtib etmişəm. Eyni zamanda tağımımızın hər bir əməkdaşı iş əmsalının yüksəldilməsi üçün konkret tapşırıqlar alıb. Bu tapşırıqlar da mütəmadi olaraq nəzarətdə saxlanılır, iş əmsalını yerinə yetirə bilməyən polis əməkdaşları barəsində ciddi ölçülər götürülür. Ümumiyyətlə, ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütəmadi olaraq tağımımızın əməkdaşları 24 saat müddətində qabaqlayıcı tədbirlər gerçəkləşdirdilər. Məhz bunun nəticəsidir ki, son aylar xidmət apardığımız Bakı-Qazax avtomobil yolunda ağır qəzalar baş verməyib.


Göründüyü kimi, bu cür tədbirlərin və reydlərin kerçəkləşdirilməsi birmənalı olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Gərək ayrı-ayrı şirkətlər və o cümlədən mikroavtobus sürücüləri də görülmüş tədbirlərdən nəticə çıxarsınlar, nəqliyyat vasitəsində əlavə oturacaq quraşdırmasınlar, həkim müayinəsindən keçsinlər, sükan arxasında sürücülük vəsiqəsi olmadan əyləşməsinlər. Ən əsası isə onlar sərnişinləri mənzil başına təhlükəsiz çatdırmağa çalışmalıdılar. Sözün açığı son zamanlar əksər sərnişinlər mikroavtobuslarla harasa getməyə qorxurlar.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor, İlham QURBANOV – 6-cü tağımın polis leytenantı, baş inspektor, Əşrəf ORUCOV – 6-cı tağımın polis baş serjantı, inspektor, Xəyyam MUSTAFAYEV – 6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.