adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Mart 2017 12:24
12677
MƏMLƏKƏT
A- A+

Qiymətlər baha, alıcı isə yox - BAYRAM BAZARLIĞINDAN REPORTAJ

Yurdumuza bahar gəlir. Ümidlərlə, arzularla dolu günəşli il...

Nədənsə həmişə bütün problemlərimizin, qayğılarımızın köhnə ildə qalacağını və yeni ilin bizə mütləq xoş sürprizlər bəxş edəcəyini gözləyirik.

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur.

Artıq bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub. Biz də yolumuzu Neftçilər metrosu yaxınlığında yerləşən "8 km bazarı”na salıb qiymətlərlə maraqlandıq.

İnsanlar yeni il süfrəsini dolu görmək üçün ciblərini nə qədər silkələməli olacaqlar? Ümumiyyətlə, ərzaq və gündəlik tələbat mallarının, eləcə də ədviyyatların qiymətlərində nə qədər bahalaşma var?




Ətin qiyməti 12-15 manat

Müşahidələr zamanı məlum olub ki, "Nəsimi" bazarı ilə marketlər arasındakı fərq o qədər də çox deyil. Ət və ət məhsullarının qiymətləri isə demək olar ki, eynidir: "Mal ətinin 1 kiloqramı 12, qoyun ətininki isə 15 manat. Kənd toyuğunu 4.50 - 5 manata almaq olar. Broyler isə bir qədər ucuzdur - 1 kq-ı 4-4.50 manatarası. Xörəklərdə ən çox işlənən kartofun 1 kilosu 0.60-1 manat arası dəyişir. Soğanın qiyməti isə 0.40-0.70 qəpiyədir. Pomidorun 1 kilosu 4-10, xiyarınkı isə 2-5 manatdır. Bayram xonçasının bəzəyi olan yumurta da müxtəlif qiymətədir. Belə ki, quşçuluq şirkətlərinin satdığı yumurtalar 14, kənd yumurtası isə 30 qəpikdir. Bayramı plovsuz təsəvvür etmək olmaz. Buna görə başqa ərzaq alınmasa da, düyü mütləq alınır. Düyünün 1 kilosu isə 2.80-5 manat arası dəyişir".


Qoz-fındıq, ləbləbi...

Novruzda qoz-fındıq, badam, fıstıq süfrənin bəzəyinə çevrilir. Amma qiymətlərə baxanda çox adamın onların hamısından ala biləcəyinə şübhə etmək olar. Belə ki, qozun 1 kq-ı 15-26 manat civarındadır. Fındığın kilosu 12-26, fısdıq 5-7, badam 21-25 manat arasında dəyişir. Qiymətlər məhsulun gətirildiyi yerə, çeşidə uyğun tənzimlənir. Kişmiş də rənginə, sortuna görə qiymətləndirilib. Məsələn, qara kişmişin 1 kilosunu 8-20 manata almaq olar. Sarı kişmişin kilosu bir qədər ucuzdur - 8-15 manata.

Püstənin kilosu isə 20 manatdan başlayır. Ən bahalısını 24 manata almaq olar. Sarı qaysının kiloqramı 9-14 manat arasındadır. Xurmada da çeşid çoxdur, kilosunu 9 manatdan 25 manatadək almaq olar. Yalnız qutulardakı xurmalar bir qədər ucuz başa gəlir. İydəni 8-13 manata almaq mümkündür. Bayram plovunu bəzəyən şabalıdın kilosunu isə 7-10 manata satırlar. Alça turşusunu da 3-6.50 manata əldə etmək olar.


Bayram xonçası

Bayram xonçasını şirniyyatsız, meyvəsiz təsəvvür etmək olmur. Xonçaya qoyulan şirnilər 3.50-15 manatadır. Xırda meyvə quruları 1 kq: 5-7 manat arası dəyişir. Meyvələrə gəlincə; almanın kilosu 1.50-2.50, armud 2.50- 4, üzüm 5-10, portağal 2.50-3, naringi 2-3.50, banan 2.30-5 manatadır. Səmənilər də çeşidlənib – 1 manatdan 7 manatadək almaq olar.

Bayrama 1 həfəyə yaxın vaxt var. Buna görə də qiymətlərin artması ehtimal olunur. Bazarda quru meyvə satışı ilə məşğul olan orta yaşlı satıcı bu il qiymətlərin bir qədər yüksək olduğunu deyir: "Bilmirəm, kasıblar necə alış-veriş edəcəklər? Keçən illə müqayisədə bu il alver zəifləyib. Qiymətlər də qalxıb, ümumiyyətlə, dollar qalxandan sonra alver azalıb".




Müştərilər də qiymət artımından razı deyil.

"Pensiya ilə heç nəyi çatdırmaq olmur. Bilmirsən qazın, suyun, işığın pulunu verəsən, yoxsa yeməyə bir şey alasan", - yaşlı kişi gileylənir.

Bazarlıq edən orta yaşlı qadın alıcı isə qiymətlərin normal olduğunu deyir: "Qiymətlər normaldı, pis deyil. Qiymət artımı başadüşüləndir".