ANA SƏHİFƏ / YAZARLAR

Fərhad Metenin əbədi qayıdışı...

134879    |   2017-03-13 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fərhad Mete bizdən sonra gələn nəslin son dərəcə istedadlı nümayəndələrindən biri idi. O, fikri, düşüncəni poetik müstəvidə istənilən şəklə salmağı bacaran şair idi. Bunu onun şeirlərindən açıq-aydın görmək olur. 

Onun haqqında dost kimi danışmaq imkanım yoxdur, tale bizə dost olmaq fürsəti vermədi. Fərhadın ədəbi nəsildaşlarının yaradıcı boyartımı mənim gözümün qarşısında baş verib. Amma nədənsə Fərhadla hər hansı münasibətimi, qarşılaşmanı xatırlaya bilmirəm. Bəlkə də nə vaxtsa hansısa tədbirdə rastlaşmışıq, salamlaşmışıq, çox güman ki, məni o vaxtlar Fərhadı yaxından tanımadığım üçün bu görüş yaddaşımda qalmayıb. Amma onunla birgə qəzaya düşmüş İlham Çərgəzoğlu ilə o qəzaya qədər tanışlığımız yaranmışdı. Fərhad Metenin isə bir neçə şeiri diqqətimi çəkmişdi. Səhv etmirəmsə, onun şeirlərini "Ulduz” jurnalında oxumuşdum. Qeyd dəftərçələrimdən hansındasa Qismətin, Fərhadın və Fəridin şeirləri haqqında mülahizələrimi qısa şəkildə yazmışdım. Təəssüf ki, bu yazını yazmağa başlayarkən həmin qeydləri axtarıb tapa bilmədim, çox güman ki, ömür vəfa etsə, o qeydləri nə vaxtsa seçib küll halında nəşr etdirəcəyəm.



Bu günlərdə gənc şair dostum (Fərhad Metenin ən yaxın dostlarından biri) Fərid Hüseynin Fərhad haqqında yazdığı "Ömür – doğum günü hədiyyəmiz” adlı kitabının Səməd Vurğunun Ev Muzeyində təqdimatı keçirildi. Tədbirdə səslənən fikirlər, bir az da Fərhadla bağlı xatirələrdən süzülüb gələn incə zarafatlar mənə Fəridgilin ədəbiyyata yenicə qədəm qoyduğu vaxtları xatırlatdı. Yadımdadır, bir dəfə Yazıçılar Birliyinə, Səlim Babullaoğlunun yanına getmişdim, masanın üstündə "Ulduz” jurnalı vardı. Bir az ordan-burdan söhbət edəndən sonra Səlim əlini atıb jurnalı götürdü və dedi ki, burda çox gözəl bir şeirə rast gəlmişəm, müəllifini tanımıram. Və həmin şeiri mənə oxudu, bu zaman onun üzündə yaranan məmnunluq ifadəsini indi də xatırlayıram. Həmin şeirin müəllifi sonralar parlaq imzaya çevrilən Qismət idi. Zənnimcə, bu, Qismətin mətbuatda dərc edilən ilk şeiri idi. İlqar Fəhminin rəhmətlik Zərdüşt Şəfiyə diqqət və qayğısını xatırlayıram. Daha sonra Fəridin "Əlifba sırası” adlı ilk kitabının "Art klub”da təqdimatı yadıma gəlir. Ədəbiyyata istedadlı gənclər gəlirdi. Onlardan biri də Fərhad idi.

Fərid çox erkən yaşda üzləşdiyi dost itkisini bütün hüceyrələrinə qədər öz içindən keçirib və həm də mənsub olduğu ədəbi nəslin taleyini qələmə alıb. Bu itki bir ədəbi nəslin içində "partlayış” yaradaraq onların hamısını zədələdi, o qəlpələr hələ də onların hər birinin canında gizildəyir. Bu ağrını Fərid Hüseyn kitablaşdırdı. Fəridin bənzərsiz üslubu, zərif esseistikası, yüksək yazı mədəniyyəti kitabın hər cümləsində özünü göstərir. Fərhadın şeirlərinin peşəkar təhlili, dostlarının onunla bağlı xatirələri, məşum qəzayla bağlı fraqmentlər vahid struktura tabe edilib və mütaliə prosesində bu ağrı bizim də içimizə hopur, bizə də doğmalaşır. Fərhad bizim də ən yaxın dostumuza, sirdaşımıza çevrilir.

Fərid onun gündəliklərindən qeydləri də kitaba daxil edib və bu qeydləri oxuduqca Fərhadın nə qədər zəngin mütaliəyə, orijinal təfəkkürə malik bir yaradıcı insan olduğunun şahidi oluruq. Fərhad can üzən qayğılardan azad olsaydı, ömrü yarıda qırılmasaydı, heç şübhəsiz ki, yaradıcılığını daha geniş istiqamətdə davam etdirəcəkdi və maraqlı əsərlər yazacaqdı. Neyləyək ki, fələyin gərdişini pozmaq bizim əlimizdə deyil...

Fərhad o əsərləri yazmasa belə yazdıqları kifayət edir ki, biz onu XXI əsrin əvvəllərinin şairi kimi həmişə xatırlayaq. Dünyadan nakam köçmüş şairləri xatırlayın: Mikayıl Müşfiq, Sergey Yesenin, Artur Rembo... Fərhadın parlaq istedadı onun adının bu imzalarla yanaşı durmasına haqq verir. Mən çox az bir ömür yaşamış, "İynəboyu şeirlər”iylə xatırlanan Faiq İsmayılovu xatırlayıram. Kim deyə bilər ki, bu insanlar daha həyatda yoxdur?! Axı biz həmişə onların poetik dünyasına baş vururuq və həm də özləriylə kontakta giririk. Onlar öz ömürlərini yaşayırlar, onlar üçün daha ölüm qorxusu yoxdur. Heç vaxt ölməyəcəklər. Fərhad Mete də belə ölümsüzlərdəndir.

Təqdimatda iki məqam diqqətimi çəkdi. Fərid giriş sözündə dedi ki, müəllifin öz kitabının təqdimatında aparıcılıq etməsi bir az qəribə görünə bilər, amma bu kitabı mən yazsam da, onu Fərhad Metenin kitabı hesab edirəm və hesab edirəm ki, dostumun kitabının təqdimatıdır. İçim titrədi bu sözlərdən... Bir də Elnaz Eyvaz "biz nə vaxtsa mütləq görüşəcəyik” deyəndə Fəridin kövrəlməyi...

Fərid, çox sağ ol ki, bu kitabı yazmısan. Bu kitab gələcəkdə həm Fərhadın tədqiqatçıları üçün, həm də sizin ədəbi nəslin araşdırıcıları üçün əvəzsiz bir mənbə olacaq. Fərhad bu kitabda həmişə bizimlə olacaq, ömrünün davamını yaşayacaq. Fərhad sadəcə, gedişiylə yoxluğa çevrilmədi, bu gediş həm də bizim yaddaşımıza, düşüncəmizə, poeziyamıza əbədi bir qayıdış idi.


İmza:Kənan Hacı

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK