adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Mart 2017 21:15
6167
ELM VƏ TƏHSİL
A- A+

Rektor Azərbaycanın Rusiyadakı səfiri ilə görüşdü

Moskvada işgüzar səfərdə olan Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru, professor Akif Süleymanov ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Səmərəli müzakirə şəraitində keçən görüşdə ATU-nun Rusiyanın ailə təhsil müəssisələri ilə əlaqələri və səfirliyin bu işlərə dəstəyi müzakirə olunub.

Professor Akif Süleymanov əvvəlcə rəhbərlik etdiyi universitetin fəaliyyəti və perspektiv planları haqqında danışıb. ATU-nun xarici universitetlərlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən rektor Rusiya Xalqlar Dostluğu Universiteti (RUDN) ilə yeni qurulan əlaqələr haqqında da məlumat verib. O, bildirib ki, ATU-da bu əməkdaşlıq çərçivəsində Miqrantlara dəstək mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəz işləmək üçün Rusiyaya gedən həmvətənlərimizin zəruri sənədləri və peşə biliklərini əldə etməsinə dəstək vermək məqsədi daşıyır. RUDN-lə imzalanan müqaviləyə əsasən artıq bu istəqamətdə fəaliyyətlərə başlınıb. Miqrantıarın Sertifikasiya Mərkəzinin proqramı əsasında ATU-da Rusiyaya getmək istəyənlər üçün müvafiq sertifikat imtahanlarının keçirilməsi, zəruri peşə istiqamətləri üzrə sürətləndirilmiş təlim kurslarının təşkili, həmçinin rus dili, Rusiya tarixi və qanunvericiliyi proqramlarının tədris edilməsi planlaşdırılır. Bu kurslar nəticəsində verilən sertifikat və peşə ixtisası diplomları işləmək üçün Rusiyaya gedən soydaşlarımızın sənədləşmə ilə bağlı çətinliklərdən azad olmasına və daha asan iş tapmasına imkan verəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ATU tərəfindən bu istiqamətdə aparılan fəaliyyətləri təqdirəlayiq və faydalı adlandırıb. O, qeyd edib ki, Rusiyada yaşayan həmvətənlərimizin maraqlarının müdafiəsi səfirliyin ümdə vəzifələrindən olduğu üçün ATU-nun bu sahədəki fəaliyyətinə, RUDN-lə əməkdaşlığına hərtərəfli dəstək verməyə hazırdır. Səfir həmçinin bildirib ki, ATU-da miqrantlara dəstək məqsədilə təşkil olunacaq kursların diaspor təşkilatları vasitəsi ilə daha geniş tandılmasına da hər cür köməklik göstəriləcək.

Görüşdə ATU-nun 12-15 aprel 2017-ci ildə Moskvada keçiriləcək Beynəlxalq Təhsil Sərgisində iştirak etməsi də müzakirə olunub. Səfirliyin bu məsələdə təşkilati dəstəyi barədə razılığa gəlinib.