adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Mart 2017 00:37
4125
GÜNDƏM
A- A+

Maestro Niyazi

(Esse)

Əlibala Rəhimov,
yazıçı-publisist,
"Qızıl qələm"
mükafatı laureatı

Şənbə günü olduğundan kinoya getmişdim. Gecə saat 11-də yataqxanaya qayıdan kimi qrup yoldaşım Əli (Zaqafqaziya Ali Partiya məktəbində - indi ora Prezident yanında Dövlət İdarəçiliyi akademiyası adlanır) mənə balaca kağız verdi. Oxudum - Loğman Rəşidzadə zəng eləyib və telefon nömrəsi də yazdırıb. O, "Azərbaycan gəncləri" qəzetinin əməkdaşı idi. Zəngləşdik. Loğman:
- Sabah saat 10-da Sabunçu vağzalının qabağında ol. Səni Mərdəkana aparacam, - dedi, - bilirsən niyə?
- Yox, - dedim.
- Hə, maraqlı söhbətə gedəcəyik. Maestro Niyazi Strasburqdan qayıdıb. Redaktorun tapşırığıdı, gərək hamıdan əvvəl ondan müsahibəni biz verək. Özünnən danışmışam, bağında olacaq. Gecikmə ha...
Bir neçə kəlmə tələbə yoldaşım Əli Nuriyeviç Putkaradze haqqında. Mən qrupumuzda onunla dostluq edirdim. Saf qəlbli, ləyaqətli, insani keyfiyyətlərə malik dost idi o. Biz ikinci dəfə ali təhsil alırdıq. Əli Gürcüstanda yaşayan mexseti türklərindən idi. Mənə söyləyirdi ki, məktəbdə oxuyarkən gürcü dilini öyrənib. Evdə isə o, valideynləri ilə türkcə danışıb. Biz rusca yox, elə türkcə danışırdıq. O, məni başa düşürdü, mən onu. Hərdən Nazim Hikmətdən şeirlər söyləyir, Əziz Nesinin yumoristik hekayələrini dilə gətirirdi. Deyirdi ki, atam hər iki sənətkarın vurğunudu...
Maestro Niyazi. Dünyanın məşhur musiqiçilərindən biri. Heç yaxından görməmişəm onu. Eləmədim tənbəllik, pencəyimi, köynək-qalstukumu vurdum qoltuğuma, qaçdım 176-cı otağa, Şəfiqənin üstünə. Şəfiqə nə gəzir, rayona gedib. Keçdim 177-yə:
-Zahidə bacı, qapını aç!
-Haindi noolub, qoymazsız bir çimir alax?
Şirin dilimi işə salıb, pal-paltarımı Zahidəyə şəkili gözəlçəyə ütülətdirdim. Sonra Zakir Abbasovdan soruşdum:
-Niyazi haqqında nə bilirsən?
Başını buladı, "heç nə" dedi.
Həyəcanlanmışam. Musiqimizin korifeyi, məşhur dirijor Niyazi ilə görüş necə olacaq? Təkcə A.Babacanyanın bu fikri yadıma düşür: "Əsərlərimə Niyazi dirijorluq edəndə, özüm öz musiqimdən zövq alıram".
Sabah Loğmanla görüşüb Mərdəkana yollanırıq. Yol boyu hiss edirəm ki, o, narahatdı: "Çox ciddi adamdı" deyirsən də diqqətli ol ha... Ən xırda sözünü gərək yadda saxlayaq. Yazını hazırlayarkən mənə kömək eləyərsən.
Loğmanı qınamıram, o vaxtı diktafon, nə bilim hansısa səsyazan aparat nə gəzirdi. Jurnalistin diləyi qələm və bloknotudu. Qeydlərini zirək olsan morze əlifbasıyla yazıb, sonra işləməliydin...
Budur, kiçik bağın içərisində heç də böyük olmayan ev. Qapını orta yaşlı, mülayim çöhrəli bir xanım açır. Gülə-gülə:
-Xoş gəlib, bizim əziz müxbir qardaşlarımız, - deyir, - hey danışıram, ay Niyazi iki quzu alıb ataq bağa, belə hörmətli qonaqlar gələndə, kabab bişirək...
Bağın o tərəfindən səs gəlir:
-Kabab yox Həcər, basdırma...
Niyazi özüdür. Pijamada işləyir, tənəklərin ucunu, quru budaqları qayçılayır. Balkonuna əl radiosu qoyulub, qarmonda oyun havası çalınır... Yaxın gedib görüşürük. O qədər də cüssəli adam deyilmiş. Loğmana:
-Deyəsən dostunla gəlibsən, - deyir, - indi etibarlı dost tapmaq müşküldür. Loğman məni təqdim eləyir:
-Partşkolada oxuyur, rayon yazarıdı.
-Çox gözəl, çox pakizə! Loğman, bilirəm sən Masallıdansan, bəs bu qardaş?
-Puşkindəndi (Biləsuvar). Muğan rayonudu Puşkin, Salyandan o yana...
- Hə, hə, bildim. O tərəflərdə yaxşı üzüm sortu olmur. Bu Abşeron torpağı var ha, zeytunun, üzümün vətənidi... Hə, yadıma düşdü Ələtin yanında bir kənd var, adını unutmuşam, orda bal kimi şirin üzüm olur.
Loğmana üz tutur:
-Avstriyada üzüm yemək istədim, bir kiloqram neçəyə olsa yaxşıdı, bizim pulla 48 manata... Yarım kilo aldım, dadı-tamı yox, bizim üzümlərin yanında apar qaytar!
Birdən kişini sanki ildırım vurdu-qayçını yerə atıb, evə qaçdı. Məəttəl qaldıq. O, düz radionun yanına gəldi, balabanda hansısa oyun havası çalınırdı. Maestronun üzü dönmüşdü.
-Siz Allah bunlara fikir verin? Balabanda türk mahnısının melodiyasıdır, amma o hansısa əclafın güya təzə əsəridi. Görünür "bəstəkar" təzə əsər yazıb və onu ötürüb studiyaya.
O, telefona əl atdı, hirsli-hirsli kimləsə danışdı və məlum oldu ki, bir balabançı o melodiyanı öz bəstəsi kimi sırıyıb radiokomitetə... Ötən il məni Moskvaya çağırmışdılar ki, Böyük Teatrda Aram Xaçaturyanın "Qayane" baletinin premyerasına dirijorluq eləyim. Mətnlə tanış oldum. Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uverturası, Soltan Hacıbəyovun "Karvan" suitasının bir parçası, "Sarı gəlin" mahnımız bir-birinin ardınca səsləndirilir. Erməni kopoyoğlu da bunun adını qoyub balet... Dostuma dedim:
-Məni bağışlayın, başqa dirijor tapın. Bakıda işim çoxdur. Yolumu gözləyirlər Filarmoniyada. "Rast" simfonik muğam da yazıram...
Niyazi təzədən qayıtdı üzümlüyə. Loğman da qabaqcadan hazırladığı sualları yağdırmağa başladı və mən ensiklopedik musiqi biliyi, geniş erudisiyalı əsl Niyazini gördüm. İti zehni, qeyri-adi talantı ona imkan verirdi ki, hərdən Loğmanın da suallarına düzəliş eləsin. Ştrausun yaradıcılığına həsr edilən 3 günlük konsetlərdə 6 dəfə drijor pultu arxasına keçmiş və dahi bəstəkarın vətənindən qiymətli prizlə geri dönmüşdü. Müsahibənin sonunda Niyazi Ştrausun şən, oynaq valsını fitlə elə gözəl çaldı ki, özünün də əhvalı yüksəldi, bizim də... Bayaq yaman dilxor olmuşdu.
Günorta onun istiqanlılığı yaman təsir elədi mənə. Təmiz azərbaycanca, zərrə qədər aksenti olmadan, zərb-məsəllər, lətifələr, gülməcələr söyləyirdi. Ürəkdən gülür, bizi də güldürürdü. Bəzi fikirlərini hələ unutmamışam:
-Bəstəkarlıq ilahi vergidi, talantın yoxdusa, ha əlləş, ha vuruş, özünnən xəbərsiz başqasının əsərindən təsirlənəcək və onu yamsılayacaqsan:
-Dirijorun fenomen yaddaşı olmalıdı, klaviri uzağı 2 dəfə oxudumu, onu hafizəsinə həkk etməlidi.
Hansısa məsələylə əlaqədar Loğmanın "Axı biz türkük" atmacasını nədənsə xoşlamırdı.
-Gedəyin evə, görəyin Həcər xanım nə hazırlayıb? Həyətdə əl-üzümüzü yuduq. Otağa keçəndə təəccübləndim: stol, stul, süfrədə nimçə, çəngəl, bıçaq... heç nə yox idi, döşəməyə xalça salınmışdı və divar boyu kiçik mütəkkələr düzülmüşdü.
- Nə gözləyirsiz, pencəyinizi taxçadan asın, dirsəklənin mütəkkəyə.
Onun kimi əyləşirik. Həcər xanım uzun süfrə sərir, hərəmizə ayrıca üstü qəlyalı plov, stəkanda ərinmiş yağ gətirir. Fikir verirəm, o köynəyinin qollarını dirsəyəcən çırmayıb. Biz onun kimi hazırlaşır və plovu yeməyə girişirik.
Loğman::
-Müəllim, biz gözləyirdik ki, stolun üstündə qab-qaşıq, çəngəl, bıçaq olacaq...
-Nəə, o harda görünüb? Plovu, özü də Həcər xanımın bu zəfəranlı plovunu qaşıqla yeyərlər? Şah xörəyidi plov, gərək onu elə yeyəsən ki, barmaqlarının arasından yağ süzülə... Dünyanın 30-a yaxın ölkəsində olmuşam, plovu xoşlayıram, ancaq heç yanda bizim Talış zonasının düyüsünün ətri, dadı-təamı olan düyü görməmişəm.
Təzədən sabunla əllərimizi yuduq, həyətə düşdük. O, gəzişə-gəzişə hər ikimizə üz tutur:
-Heç zaman unutmayın: biz nə türkük, nə fars, nə ərəb. Adət-ənənələrimiz, əxlaqımız milli ruhumuz, söz-söhbətimiz onu deyir ki, biz əsl azərbaycanlıyıq. Özümüzə bənzəyirik, özümüzük!
1992-ci ilin o qat-qarışıq, anarxiya dövründə qəzetlər kiçik xəbər çap etmişdi: quldur dəstəsi maestro Niyazinin bağ evini çapıb-talamış, onun həyat yoldaşı Həcər xanımı boğub öldürmüşdür... Möhkəmcə sarsıldım, xəbərdən.
P.S. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Niyazinin monumental heykəlinin açılışında, ona olan sevgi və məhəbbətini, hətta xatirələrini dilə gətirdi. Bu onu göstərir ki, dövlətimizin başçısı Azərbaycanı dünyaya tanıtdıran tarixi şəxsiyyətləri heç zaman unutmur.