adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2017 00:25
7089
GÜNDƏM
A- A+

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)

Mən əlyazmasını redaktə üçün nəşriyyatın ən aparıcı, savadlı redaktorlarından birinə - Gülər Ələkbərqızına (Mehdiyeva) verdim. O, bu sətri tərcüməni bədii mətnə çevirdi və çox böyük zəhmət çəkdi. Burada etiraf edim ki, əslində o, kitabın ikinci tərcüməçisi idi. İndi çox təəssüflənirəm ki, kitabda onun adı ancaq redaktor kimi gedib. Kitabın fars dilində çox təmtəraqlı, çox uzun bir adı vardı. Biz o addan imtina edib tarixi romanı "Xacə şah" adlandırdıq. Kitabın satış qiyməti baha olmasın deyə əsəri iki hissəyə ayırdıq. "Azərkitab"ın rəhbərliyi ilə danışıb, kitabın birinci hissəsini 1993-cü ildə 30000 tirajla çap etdik. Kitabın ikinci hissəsi isə 8000 tirajla və bir qədər gec - 1994-cü ildə nəşr olundu. O da yadımdadır ki, kitabın korrekturasının oxusu zamanı Hüseyn Əhədi ilə müntəzəm telefon əlaqəsi saxlayırdım. Nigarançılığımın səbəbi o idi ki, bu yaşlı həkim qəflətən yaddaşını itirmişdi. Ona zəng edəndə ad-familiyanı dərhal yazırdı ki, unutmasın. Mənə görə, yaddaşını itirməkdən ağır, qorxulu bir şey yoxdur. Yaddaşı itirmək yaşadığın keçmişini büsbütün itirməkdir. İnsan isə öz keçmişini yaşada-yaşada, oğul-qızına, qohum-əqrəbasına, dost-tanışına ötürə-ötürə yaşayır. Təsəlli budur ki, Hüseyn müəllim zaman keçdikdən sonra, bəlkə də, həkim kimi unudulacaq, amma adı "Xacə şah"ın tərcüməçisi kimi yad olunacaqdır.
Mənim bu yazıda bir kitabla əlaqədar bu qədər təfərrüatı ilə danışmağım heç də səbəbsiz deyildir. Azərbaycanla, Qarabağ xanlığı və onun hakimi İbrahimxəlil xanla da bağlı olan bu dəyərli tarixi əsər oxucular tərəfindən çox böyük razılıqla qarşılanmışdı. Hətta yeni səhnə əsərinin yazılmasına da bir təkan olmuşdu. Dostum Əli Əmirli məhz bu kitabdan bəhrələnərək səhnəmizdə uğurla nümayiş etdirilən "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar" pyesini yazmışdı.
Mən uzun illər boyu işlədiyim nəşriyyatlarda kitab nəşri ilə bağlı çox hadisələrin, ədəbi mübahisələrin şahidi olmuşam. Onların hamısını burada yada salıb vaxtınızı almaq istəmirəm. Ancaq deməliyəm ki, redaktorluq peşəsi çox məsuliyyətli, gərəkli və şərəfli bir peşədir. Əlbəttə ki, peşəkarlar gözündə...

***
Tərcümə ədəbiyyatından söz düşmüşkən, naşirlik həyatımda xidmət sayılacaq bir kitab haqqında da danışmaq istəyirəm. Xatirəmin əvvəlində dediyim kimi, "Xallı gürzə" tarixi romanımı yazanda Nadir şah Əfşarla da maraqlanırdım. Lakin Nadir şah Əfşar haqqında ayrıca bir kitaba rast gəlmədim. Gördüm ki, I Pyotr, Stepan Razin kimi işğalçılar barədə kitablar çap olunsa da, gündəlik həyatımızda adı tez-tez anılan Nadir şah Əfşar barədə əl boyda bir kitabça da çap olunmayıb. Halbuki, Nadir şah dünya tarixində İsgəndər, Topal Teymur, Napoleon kimi fatehlərlə müqayisə edilir.
Bir gün mən M.F.Axundov adına Respublika kitabxanasının Azərbaycan kitabı (arxiv) şöbəsinin müdiri Məhəmməd Əli Müsəddiqlə görüşüb söhbət edirdim. Dedim ki, şairə Ağabəyim ağa Ağabacıyla, Nadir şahla maraqlanıram. Bu şəxsiyyətlər haqqında yazılanlar əsasən fars dilindədir, mümkünsə, mənə kömək edin.
Məhəmməd Əli müəllim fars dilini gözəl bilirdi və əski əlifba ilə çap olunan nəşrlərə yaxşı bələd idi. Yadımdadı, o mənə İbrahim xan Cavanşirin qızı Ağabəyim ağa barədə maraqlı faktlar söylədi. Nadir şahdan söz düşəndə Məhəmməd Əli müəllim dedi ki, məndə İran tarixçisi Məhəmməd Hüseyn Qüddusinin "Nadirnamə" kitabı var. Çox dəyərli kitabdı, onu oxusan, roman yazarsan. Dedim, Məhəmməd Əli müəllim, belə bir fikrim yoxdu.
Onun bu sözləri yadımda qalmışdı. Məhəmməd Əli müəllimə telefon zəngi edib, vaxtilə aramızdakı söhbəti ona xatırlatdım. Dedim ki, Nadir şah haqqındakı kitabı tərcümə etsən, nəşr edərik.
Bir müddət sonra o, kitabın tərcüməsini "Gənclik" nəşriyyatına təqdim etdi. O, kitabın redaktəsilə əlaqədar nəşriyyata tez-tez gəlib-gedirdi. Kitabın xüsusi redaktoru Seyidağa Onullahi, nəşriyyat redaktorları Gülər Ələkbərqızı və Raziyyə Muradova ilə birgə əsərin üzərində yorulub-usanmadan işləyirdi. Təəssüf ki, kitabın çapı nəşriyyatın maliyyə imkanlarının məhdudluğu üzündən çox ləngidi.
Nəhayət, gec də olsa, kitabı 1999-cu ildə "Nadir şah" adı ilə çap etdik. Və mən, 21 fevral 1997-ci ildə dünyasını dəyişən, çox ağır, şərəfli zəhmətinin bəhrəsini görə bilməyən Məhəmməd Əli müəllimi minnətdarlıq hissilə yad etdim.
Məhəmməd Əli Hacı Hüseyn oğlu Müsəddiq 1925-ci ildə Cənubi Azərbaycanın Miyanə şəhərinin Yeycə kəndində anadan olmuşdu. O, 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi.
Məhəmməd Əli Müsəddiq klassik ədəbiyyatımızın təqdqiqatçısı və təbliğatçısı idi. O, "Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmişdi. N.Tusi adına Pedaqoji İnstiitutda fars dilindən dərs deyirdi. Ömrünün otuz ildən çoxunu kitabxanada keçirən bir filoloq-kitabşünas kimi onun yeri həmişə görünür. Yoxluğu qədirbilən oxucuların ürəyini göynədir. Çünki o, ərəb qrafikası ilə nəşr olunan kitab və jurnallara çox yaxşı bələd bir alim, tərcüməçi, kitabşünas kimi ona müraciət edən hər kəsə yardımçı olmağı bacarırdı.
Kitab nəşr olunandan sonra Məhəmməd Əli müəllimin oğlu Vaqiflə görüşdüm. Atasının vəsiyyətnaməsini də özü ilə gətirmişdi. Oxudum, çox təsirliydi. Vəsiyyətindən bildim ki, o, "Dinimiz, namazımız, imamlarımız" adlı kitab tərtib edərək çap etdirib (1994). M.Ə.Rəsulzadənin əsərlərinin II-III cildlərini redaktə edib. Ərəb əlifbasında dərslik, "N.Əfşar" adlı təqvimi, M.Mehdi Şükuhinin əsərlərini nəşrə hazırlayıb. Şeirlər yazıb. Beləcə, şərəfli bir ömür yaşamışdı. O, ölümündən əvvəl gələcək işlərini sahmana salmağı belə unutmamışdı. Kimsəyə borclu olmadığını yazıb, qəbrini, hətta sinə və baş daşını əvvəlcədən hazırladıbmış. "Məndən sonra kimsə əziyyət çəkməsin" - deyib və dünyasını dəyişibmiş.
İnanıram ki, böyük sərkərdə Nadir şah Əfşarın həyatı və fəaliyyətilə maraqlanan oxucular Məhəmməd Hüseyn Qüddusinin "Nadir şah" kitabını oxuyarkən tərcüməçi Məhəmməd Əli Müsəddiqin də adını hörmətlə xatırlayacaqlar.

***
Kitablar da insanlar kimidir. Uzun ömürlüsü də var, qısa ömürlüsü də. Zamanında qəbul olunanı da var, olunmayanı da.
Müstəqillik əldə etməyimiz bizə bir vaxt yasaq olmuş mövzulardan bəhs etməyə, tarixi keçmişimizə yenidən nəzər salmağa, yanlışlıqları, təhrifləri düzəltməyə şans vermişdi. Müstəqil bir ölkənin vətəndaşı, yazarı, naşiri olmaq, doğrudan da, xoşbəxtlik imiş. Biz indi şanlı keçmişimizdən, Azərbaycan Xalq Cümhuriyyətindən, onun cəfakeş qurucularından, bizə "burjua mühərrirləri" kimi tanıdılan Əli bəy Hüseynzadədən, Haşım bəy Vəzirovdan, Əhməd bəy Ağaoğludan, milyonçu Hacı Zeynalabdin Tağıyevdən, Ağa Musa Nağıyevdən... iftixarla söz aça bilirdik.
Tematik plana "Azərbaycan milyonçuları" seriyasından iki kitab salmışdıq. İstəyirdik ki, bu ilki kitabdan biri Hacı Zeynalabdin Tağıyevə, digəri isə Ağa Musa Nağıyevə həsr olunsun. Ancaq yazıçı və şairdən bol olan bu ölkədə yeniyetmələrin yaşına uyğun bir dildə mətn yazan tapa bilmədik. Yadıma mərhum yazıçımız Manaf Süleymanov düşdü. 1987-ci ildə "Azərnəşr"də onun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabı böyük tirajla nəşr olunmuşdu. Bu kitabda Azərbaycan milyonçularının həyatından bəhs edən maraqlı, yaddaqalan səhifələr vardı. Mən Manaf Süleymanovu "Yazıçı" nəşriyyatından tanıyırdım. Çox asta, az qala ayaqlarını sürüyə-sürüyə "Yazıçı" nəşriyyatının tərcümə şöbəsinə gələrdi. Fars, rus, ingilis dillərini gözəl bilirdi. Cek London, Con Steynbek, O"::: Henri, A.Paton, Fillis Altman və b. görkəmli ingilis yazıçılarının əsərlərini ana dilimizə orijinaldan tərcümə etmişdi.
Mən Manaf Süleymanovun "Yerin sirri" romanını yeniyetmə yaşlarımda oxumuşdum. Doğrusu, indi bu romanın adından başqa yadımda heç nə qalmayıb, ancaq yetmiş beş yaşında çap etdirdiyi "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" ona şöhrət gətirmişdi. O zaman çox az adam olardı ki, bu kitabı oxumasın. Fikirləşdim ki, milyonçular haqqında elə ən yaxşı kitabı Manaf müəllim yazar. Zəng edib Manaf müəllimə istəyimi bildirəndə çox məmnuniyyətlə Ağa Musa Nağıyev və Hacı Zeynalabdin Tağıyev haqda gənclər üçün kitab yazmağa söz verdi və vədinə əməl etdi. Hər iki kitab Gülər Ələkbərqızının redaktəsi ilə 1994-cü ildə 25000 tirajla çap olundu. Təəssüf ki, mən nəzərdə tutduğum Azərbaycan milyonçularının hamısı haqqında kitab yazdıra bilmədim. Bunları yazdırmaqdan çox, çap eləmək müşkülə çevrilmişdi.
Manaf müəllim az qala hər gün zəng edib hal-əhval tuturdu, hər dəfə də eyni bir fikrini təkrar etməkdən yorulmurdu: gündə bir qranka da olsa yaz!
O olduqca söhbətcil, zərif yumorlu insandı. Bir dəfə soruşdum:
- Manaf müəllim, tənqidə münasibətiniz necədir?
- Kitab çapdan çıxandan sonra çox pis!
- Bəs niyə kitab çıxandan sonra?
- Əşi, kitab çap olunandan sonra göstərilən qələti necə düzəldim?!
- Cümhuriyyət dövrünü xatırlayırsınız?
- Onda məktəbə gedirdim. 20-ci ilə qədər hər səhər dərsə gələndə əvvəl dua oxuyardıq. Sonra Azərbaycanın himnini:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni,
Səndən ötrü can verməyə cümlə hazırıq,
Səndən ötrü qan tökməyə cümlə hazırıq,
Üç rəngli bayrağınla məsud yaşa...
Altun diyar, zümrüd Quzğun, mavi Xəzər!..
- Bax ey, bu sonuncu misranı mən sizdən eşidirəm.
- Ayrı kimdən eşidəcəkdin, çoxunun axşam yediyi səhər yadından çıxır.
- Düz buyurursunuz... "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabınız sizə çox böyük uğur gətirdi.
- Elədi. EA-nın müxbir üzvü, lüğət şöbəsinin müdiri, dostum Əliheydər Orucova da bu əsər barədə tez-tez danışırdım. Mənə çoxlu məlumat, ədəbiyyat vermişdi. Tez-tez deyirdi: "Manaf, bu əsər səni ya yüksəldəcək, ya da o məsələ... Allah eləsin yüksəltsin".
- Gözəllərə münasibətiniz?
Gülümsədi:
- Yeddi yaşımdan onları sevmişəm.
Bəzən beləcə söhbətimiz davam edərdi.
Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabını yazmaqla sübut etdi ki, bu cür kitablarla da əbədi şöhrət qazanmaq olar. Bunu, kitabın həm müəllifin sağlığında, həm də onun vəfatından sonra dəfələrlə nəşr olunması da göstərir. O kitab dəyərlidir ki, müəllifindən sonra əbədi həyat qazanır.
***
Mənim kitab çapı ilə bağlı çox arzularım vardı. Bu arzuları həyata keçirməyə bir zamanlar vəzifə sahibi olmamağım mane olurdusa, indi də bazar münasibətləri, Qarabağda gedən müharibə, qaçqın-köçkün problemi, maliyyə çatışmazlığı aman vermirdi. Kitabları çap etmək üçün Rusiyadan gətirilən dəmir təbəqə belə qəhətə çıxmışdı. Nəşriyyatın direktoru Əlican Əliyevlə bu dəmir təbəqəyə görə, hətta Dərbəndə getmişdik. Mən ilk dəfə idi ki, nağıllarımızda Dəmirqapı Dərbənd kimi tez-tez anılan Dərbəndi görürdüm. Dərbəndin möhtəşəm hasarları, qədim binalar, köhnə qəbiristanlıq bizə çox uzaq əsrlərdən xəbər verirdi.

(ardı gələn şənbə sayımızda)