adalet.az header logo
  • Bakı 19°C
10 Mart 2017 18:34
15018
MƏMLƏKƏT
A- A+

Dar küçələrin “Ford”ları yoxa çıxıb - REPORTAJ

Metronun içində həmişəki kimi qələbəlik olsa da bayıra çıxanda sanki durğunluq hiss olunurdu. Sübh tezdən tələbələri daşıyan Bakı-Sumqayıt "Ford”ları da dənə-dənə gözə dəyirdi. Polis maşınları əraziyə nəzarəti artırmışdı. Gözümə sataşan bir-iki avtobusu da ərazidən uzaqlaşdırdılar. Ancaq bu, həmin sürücüləri qanunsuz işlərindən geri qoya bilməzdi. Vaxtilə tələbə olanda 4 il həmin "Ford”larla universitetə gedib gəlmişəm. Yolda film kimi macəralar yaşamışıq. Bir dəfə xatırlayıram ki, vergi orqanının işçiləri tərəfindən Bakıya gələrkən avtobusumuz saxlanıldı. Bircə o yadımdadır ki, "Ford”un qarşısını kəsən vergi müfəttişi ölümlə üz-üzə gəlmişdi. Sürücü necə təngə gəldisə qazı basıb müfəttişin üstünə sürdü. Sanki  kaskadyor nümayişini izləyirdik. İçəridə əyləşən bəzi tələbə yoldaşlarımın sürücü day-daya kənardan "tırka” vermələri hadisəyə daha da həyacan qatırdı. Bir neçə dəqiqədən sonra özümü aksion filmlərindəki kimi hiss edirdim, siqnallaya siqanllaya arxamızca düşən vergi idarəsinin avtomobili ilə 20 dəqiqə şəhərdə yarış keçirdik. Nəhayət sürücümüz "düşmən”in izini tirməyi bacardı. Belə hadisələr dəfələrə başıma gəlib. İndi isə 20 yanvar metrosu üzərində belə maşınları görməmək açığı göz alışqanlığımdan dolayı mənə nisgil bəxş elədi. Adam öyrəşəndə kədərli olure.


Bir qədər gözlədikdən sonra ərazidə qırmızı rəngdə "hundai” avtobusu peyda oldu. Onunla eyni markadan olan ağ rəngədə avtobus da əraziyə yaxınlaşdı. Polislərin nəzarəti işə düşdü. "Yol qurdları” oradan uzaqlaşdırıldı. Ancaq bu o demək deyil di ki, çörək pulu qazanan sürücülər əliboş geri dönəcəklər. Onların kəşf etdikləri dar küçələr, gizli məhəllələr var. Tələbə vaxtlarımda metrodan çıxıb bir neçə küçəni atlayırdıq ki, həmin "Ford”larımızı tapaq. Həmin məkanları ancaq tələbələr tanıyırdı.


O dövrlər artıq geridə qaldı. Xüsusən də ötən gün baş verən dəhşətli olaydan sonra nə "Ford”lara etibar qalıb, nə də sürücülərə. Hər şeyə bir ehtiyatsızlıqla son qoyuldu. Bəlkə 15 nəfərik "dəmir qutu”ya 27 nəfəri sığdırmasaydılar itkilərimiz olmazdı. Nəfis pis şeydi.

Metrodan çölə çıxanda pilləkanların yuxarısında bağıran avtobus və taksi sürücülərinin səsini eşidəndə bunları düşünməyə başladım. Bircə o qalıb ki, pilləkanla metroya düşüb sərnişinləri oradan toplasınlar:

-Qardaş hara gedirsən aparım, bir nəfər qalıb

-Heç yana getmirəm.

Daha sonra bir neç metr aralanmışdım ki, başqa bir sürücü yaxınlaşdı:

-Sumqayıta gedirsən qardaşoğlu, avtobus o biri küçədədi.

-Niyə orda gizlətmisiz avtobusu, burda saxla camaat da minsində.

-Polisləri görmürsən?

-Xəbərin var da dünən ki hadisədən?

-Həə var qardaşoğlu, çox pis oldumey. Allah rəhmət eləsin.

-İndi həmin hadisədən sonra sizə necə inanım?

-Qardaşoğlu, 22 ilim yollarda keçib. O şoferin ehtiyatsızlığıdı vallah, heç bir illik stajı olan sürücü belə olsa, o səhvi etməzdi.

Təbii ki, bədbəxt hadisə həmişə olmur. Burada sürücünü qınamaq düşüncəsində də deyildim. Sadəcə getdikcə daha mənasız söhbətlərin vaxtımı aldığını hiss eləyib müsahibəni yarımçıq saxladım və oradan uzaqlaşdım. Sürücü getdiyimi görüb arxadan səsləndi:

-İki saatdı məni söhbətə tutmusan, sənə görə "Klient”ləri də qaçırdıme. Getmək istəmirdinsə bunu bayaqdan deyə bilmirdin ehh!

Onu ciddiyə almadım, qırmızı avtobusa yaxınlaşdım. Gənc konduktor oğlan iş başında idi. Sürücü isə sükan arxasında əyləşib sərnişinlərin maşına "dolması"nı gözləyirdi. Kənardan dayanıb onları izləyirdim. Əlimdə fotoaparatı işə salıb bir iki şəkil çəkməyə çalışdım. Bu zaman sürücü "Ford”undan düşüb mənə yaxınlaşdı. Kiçik təzyiqlərə məruz qaldım:

-O şəkilləri sil ordan.

-Silə bilmərəm, mən müxbirəm.

Daha sonra ona vəsiqəmi göstərdim. İnanmırdı. (Əslində inanırdı sadəcə bu ona sərf etmir).

Ərazidə Polis patrul xidmətinin maşınları dayanmamış olsaydı bəlkə əlbəyaxa davaya başlamışdıq. Belə bir hadisə bir dəfə də başıma gəlib. Onda da polis işçiləri sağolsunlar mənə arxa durdular. Rahat çəkilişlərimi davam ertdirə bilirdim. Əlqərəz, sürücü ilə orada kiçik mübahisəmizə kənardan müdaxilələrdən sonra araya sakitlik çökdü.

Bir az da sərnişinlərlə söhbət etməyi məqbul sayıb istiqamətimi dəyişdim. Körpünün digər tərəfinə keçib yol kənarında gözləyən sərnişinlərə yaxınlaşdım. Kiçik sorğu keçirib onlardan dünənki hadisələrlə bağlı fikir öyrənməyə çalşırdım. Soğrunun iştirakçılarından biri sumqayıtdan gəlirdi, tələbə idi. Deyir hadisədən sonra artıq "Ford”lara minmirəm: "Ehtiyat edirəm artıq, iki ildir "Ford” avtobusları ilə gedib gəlirdim, təhlükəli hallar yaşamışdıq ancaq heç vaxt düşünmürdük ki, belə bir hadisə olar. Adətən düz yolda sürəti aşırlarda. Başqa nə deyə bilərəm ki.

Tələbə oğlanla söhbətimizi eşidən yaşlı bir kişi bizə yaxınlaşıb bir qədər nanəcibcəsinə müdaxilə elədi:

-Sən Hansı qəzetdənsən?

-"Ədalət” qəzetindən.

-Siz indi ədaləti təmsil edirsiz? – Sanki sözlərin deyilişində kinyanə hiss olununan bu ağsaqqala heç bir cavab cvermədim. Amma o danışmağa davam edirdi -İndi guya reportaj hazırlıyırsanda burda, siz jurnalistlər faciələri səhnələşdirib gündəmdə qalmaqdan ötrü sinoy gedirsize.

-Biz səhnələşdirmirik, insanları maarifləndiririk!

Ağsaqqal bundan sonra öz özünə danışa-danışa uzaqlaşıb yolun o biri tərəfində dayanan "Ford” avtobusuna mindi. Avtobusda sərnişlinləri sanki, bir xortum kimi içəri sovurub elə gözləmədən ərazidən uzaqlaşdı. Məlum məsələ idi, polislərdən yayınırdı...

Reportajim çox uzun çəkmədi. Çünki o "20 yanvar” əvvəlki kimi deyildi. Sanki burada taksi ticarəti də sönmüşdü. Bəlkə də bu ölkədə baş verən son dövrlərin krizisindən dolayıdır. Onu dəqiq deyə bilmərəm. Ancaq başa düşüləndir ki, istənilən sahədə müştəri etirabrını qazanmaq da önəmlidir.

Rüfət Soltan