adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Mart 2017 17:06
54606
HÜQUQ
A- A+

Pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırıldı

Azərbaycanda artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq.

Adalet.az-ın  məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

İ.İsayev deyib ki, "Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə görə, pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Fərdi hesabdakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda şəxs stajından asılı olmayaraq, pensiya təyinatı hüququ qazanır.

O qeyd edib ki, 25 il sosial stajı olan şəxs sığorta haqqının məbləğindən asılı olmayaraq, ən azından, minimum məbləğdə pensiya almaq hüququ qazanır.

Nazir müavinin sözlərinə görə, hazırda mövcud olan əmək pensiyalarının baza hissəsi sığorta hissəsinə birləşdirilir və bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir. Bunun üçün ödənilən sığorta haqlarının fərdi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə, ayrı-ayrı şəxslərin fərdi hesablarda toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləği yenidən eyni qaydada hesablanacaq.

İ.İsayevin sözlərinə görə, hazırda indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə aid edilirdi: "Lakin artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq. Yəni yeni layihəyə əsasən, pensiya artımı istehlak qiymətləri indeksinə görə deyil, əməkhaqqının illik artım tempi əsasında aparılacaq”.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında qəbul olunub.