adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Mart 2017 13:50
5404
MƏMLƏKƏT
A- A+

Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi xarici mətbuatın diqqət mərkəzindədir. Rusiyada nəşr olunan "Voda maqazin” jurnalının 2017-ci il fevral buraxılışında Birinci Bakı Beynəlxalq Su Həftəsi və "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyindən bəhs edən geniş məqalə dərc edilmişdir. "Keçmişdən gələcəyə” sərlövhəli məqalə fevral buraxılışının baş məqaləsidir.

Məqalədə 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” dəyərli fikrinin devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsi barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, həftə çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın 40-dək ölkəsindən nümayəndələrin iştirak etməsi Birinci Bakı Beynəlxalq Su Həftəsinə beynəlxalq aləmdə böyük marağın olmasından irəli gəlir. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının keçirilməsi bu tədbirin əhəmiyyətini daha da artırır.

"Voda maqazin” jurnalında dərc olunmuş məqalədə "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin tarixinə geniş yer verilmişdir. XIX əsrin sonu, XX əsrin əvvəlində Bakı şəhərinin içməli təchizatındakı vəziyyət, şəhəri su ilə təmin etmək üçün irəli sürülmüş təkliflər, tanınmış mühəndis Uilyam Lindley və Şollar layihəsi, Duma üzvü Hacı Zeynalabdin Tağıyevin bu sahədəki xidmətləri geniş işıqlandırılmışdır.

Məqalə müəllifləri Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı tarixinə qısa ekskurs edərək son 100 ildə icra olunmuş su infrastrukturu layihələrinə toxunmuşlar. Məqalədə II Bakı su kəməri, Kür və Ceyranbatan sutəmizləyici qurğuları, Oğuz-Qəbələ-Bakı su kəməri və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə məlumatlar verilmişdir. Məqalənin sonunda "Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 iliyi ilə əlaqədar "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçiriləcəyi qeyd olunmuşdur.