adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Mart 2017 11:41
205328
RUBRİKA
A- A+

"Hekayələrimi yuxuda yazmışam" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Freyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Freydə görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı yazıçı Pərviz Cəbrayıldır. Adalet.az müsahibəni təqdim edir:


- Freydə görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Freydin "Yuxu yozumu”nu oxuyanda ilk müşahidə etdiyim bu oldu ki, əslində, xalqların yuxuyozumları heç də boşuna deyil, elmi-nəzəri əsaslara dayanmasa da, upuzun təcrübəyə dayanır və heç də tam əsassız deyil. Əsrlərin sınağından keçib, gerçəklik payı da kifayət qədərdi. Sadəcə, bir fərq var, bütün yuxuyozmalar gələcəyə, Freydin yozumu isə keçmişə yönəlikdi. Freyddə keçmiş və indi, xalq yozumunda isə indi və gələcək yer alır. Biri keçmişdə baş vermiş olayların nəticəsidi, biri gələcəkdə baş verəcəklərin müjdəçisi və ya eləcə, xəbərçisi. Mənə görə, həqiqət heç birində deyil. Belə deyək də, xalq yuxuyozmaları tezisdi, Freyd antitezis. Deməli, sintez lazımdı. Yəni, Freydin bəzi yozumlarını oxuyub həqiqətən heyrətə gəlirsən. Nevrozların sublimasiyası rakursundan dəhşətdi. Eləcə də xalq yuxuyozmalarında da heyrətamiz çinçıxmalar var. Öz təcrübəm də məni hər ikisinə (eləcə də bunun natamam izahını da hardasa Freydin fikirləri ilə xalq fikirləri arasında bərabər paylaşdırmaq olar) sayğıyla yanaşmağa məcbur edir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yox, yuxuya görə heç bir plan qurmuram. Amma təcrübəm məni gözdə-qulaqda olmağa səsləyir.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Xeyr. Sadəcə, yuxunun məzmununa və süjetinə görə, yəni indiyə və gələcəyə, yoxsa keçmişə və indiyə aid olmasını dərhal müəyyənləşdirirəm.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Mistik deməzdim. Amma yuxunun informasiya daşıdığına inamım var. Hansı zamana aid olur-olsun. Yuxular bəzən əks simvollarla (Freydizmdə, eyni zamanda xalq yuxuyozmalarında olduğu kimi – adətən nə deyirlər: yuxular əksinə yozulur), bəzən maskalanmamış şəkildə görünür. Məncə, insanın bir az bəsirət gözü də olmalıdı, yaxud intiusiyası ki, "oxuya” bilsin.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Yuxular bütün hallarda, belə demək mümkünsə, elə çindi. Susuzsansa, yuxuda çay görürsənsə, ya doyunca su içirsənsə, hansısa nevrozun varsa, bir obrazla o sublimasiya olunursa, ya nəsə sabah haqda düz çıxırsa. Yəni yuxunun yalan tərəfi yoxdu. Deyə bilərsən ki, bəzən yuxuda heç dəxli olmayan şeylər görürük, onların gerçəkliklə nə əlaqəsi? Bəli, elədi ki, var. Həyatımızda da bizə dəxli olmayan hadisələr, adamlar çıxır qarşımıza. Görürük və keçib gedirik. Yuxu da eləcə. Bəzənsə yuxumuz sürreal olsa belə, kökü gerçəyə dayanır. Yuxunun gücü bəlkə də zamanların bir araya sığmasıdı. Ya da lap belə deyək, şüurun yuxuda zaman tuneli sirrinə vaqif olması. Hesab eləyək ki, Eynşteynin dediyi kimi, biz üç zamanı eyni anda yaşayırıq. Ancaq o zamanları, o olayları ki, bizim şüurumuz görür, yaddaşına köçürür və tutaq ki, sabah olacaq hər şeyi (ki, şüur artıq onu görüb) bizə yuxuda xatırladır. Bəzən obrazlarla, rəmzlərlə olsa da. Yəni şüur sabah (gələcəkdə) yaşayacağımızı, ki onu artıq gələcək zamanda yaşamışıq, götürüb bugünkü yuxumuza atır. Bir az da sanki, ya bəlkə zamanı səhv salır. Həmin zamankı yuxumuzun əvəzinə iki il əvvəlki yaşımızın yuxusuna atır. Yəni indiki.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Ən gözəl yuxum, daha doğrusu, yuxularım "Öləngi” kitabımda yer alan "Kilkə” silsiləsindən 6 hekayəmdi. Əslində, 7 idi və sonuncusu "Yad dildə” idi. Onu kitabdan çıxardım, sonradan da roman oldu. Amma dəhşətli dərəcədə çin çıxan yuxularım var həyatla bağlı. Bu məsələdə ümumiyyətlə özümü adilərdən az da olsa, fərqli biri kimi tanıyıram... O 6 hekayə isə mənə yuxuda yazılmaq üçün verilib, sözbəsöz, cümləbəcümlə, film kimi, bitən kimi də yuxudan ayılmaq komandası verilib, "di dur, köçür”, - deyilib. Mən də icra etmişəm. Amma mənanı çıxarıb hekayəni işləməyi özümə həvalə ediblər.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Bu haqda heç nə deyə bilmərəm. Yuxularım həyat rəngindədi.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Atamı... O gedəli hər gün... Nədən yuxu görürəm-görüm, fərqi yoxdu, o da orda olur.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Onsuz da biz tək bir dünyada ayrı-ayrı aləmlərdə yaşayırıq.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxular həqiqətə çatdırmır. Yuxular elə həqiqətdi. Ancaq paradoksal həqiqət. "Çuanq-szı” saqasında olduğu kimi:

"Bir dəfə yuxuda gördüm ki, kəpənəyəm, indi isə yuxusunda kəpənək olduğunu görən Çuanq-szı, yoxsa röyasında Çuanq-szı olduğunu görən kəpənək olduğumu bilmirəm”.